пятница, 30 января 2015 г.

"Bir azərbaycanlının belə azad olunması üçün..."

15 il bundan əvvəl, yanvarın 22-də bir iş elanına əsasən göndərdiyim CV-yə görə mən müsabiqədən keçdim və Almaniyada yerləşən İtkin düşmüş şəxslərin axtarışı üzrə Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə nümayəndəsi seçildim.
Böyük məmnuniyyətlə bizim qrupun həmsədrləri - Almaniyalı hüquq müdafiəçisi Bernhard Clasen, Rusiyalı hüquq müdafiəçisi Svetlana Gannuşkina və Gürcüstanlı ekspert Paata Zakeiraşvilinin rəhbərliyi altında o zaman üçün ən çətin missiyanı: əsir və girovların axtarışı işini həyata keçirdik.

Cəmi 7 il fəaliyyət göstərməsinə baxmayaraq çətin bir şəraitdə itkin düşən Azərbaycanlı və ermənilərin taleyinə aydınlıq gətirməyə can atırdıq. Müəyyən nailiyyətlərimiz oldu. Xüsusən bizim qrupun mövcud olduğu müddətdə yeni əsir düşənlərə dərhal baş çəkilməsi və onun qısa müddətdə azad olunması əsas nailiyyətlərimizdən biri idi. Biz işlədiyimiz dövrdə Azərbaycanda, Ermənistanda və Dağlıq Qarabağda baş çəkdiyimiz əsirlər və görüşdüyümüz şahidlərin, rəsmilərin vasitəsilə müharibə illərində itkin düşmüş insanların taleyini aydınlaşdırmağa çalışdıq.
Görüşdüyümüz bütün insanlar az qala qapalı bir mövzuda bizimlə danışmaqda həvəsli olmasalar da, onların etibarını qazanmaq üçün diplomat olmaq gərək idi. Bizim həmsədrlərin ustalığı nəticəsində biz bu inamı qazana bildik. Xüsusən də Ermənistana və Qarabağa səfərlər zamanı məndən daha çox ustalıq tələb olunurdu, çünki, bir Azərbaycanlı kimi insanların bütün diqqəti mənə idi. Yüksək dərəcəli məmurundan tutmuş, sadə, müharibədən sonra canlı Azərbaycanlı görməyən insanlar ilə görüşüb onları itkin düşmüş şəxslər ilə bağlı malik olduqları informasiyanı bölüşməyə inandırmaq doğrudan da böyük məktəb oldu.
İş təcrübəsi ilə yanaşı, bu fəaliyyət mənə çoxlu həyat dərsi keçdi. Əvvəla, sonradan konfliktoloq kimi formalaşmağımda böyük iz buraxdı. Əldə etdiyim kontaktlar bu gün və gələcəkdə konfliktin həllində lazım olacaq bir resursa çevrildi. Düşmən ölkədə Azərbaycanlını yüksək vəzifəli məmur və ucqar kəndlərdə əhali ilə görüşlərə buraxılması insanlarda bəzən şok effekti yaradırdı.
İşlədiyim müddətdə haqqımda çoxlu əfsanələr uyduruldu. Çoxlu haqsız ittihamlar eşitdim, insanların nifrətini və rəğbətini qazandım. 2004-cü ildə ən çətin anlarımı yaşadım, mənə qarşı başlanan kampaniya Bakıya dönməyimi mümkünsüz etmiş olsa da mən ölkədən getmədim, mübarizə apardım. Haqqımda səslənən ittihamlara cavab vermədən öz hüquq müdafiəçisi fəaliyyətimi davam etdirdim. Başa düşdüm ki, 9 milyon sənin haqqında hər kəsin öz versiyasında düşünəcəksə ona cavab vermək mənasızdır.
Həyatımda 7 ilik bu tarixçənin olduğundan, öz dövrünün məşhur insanları ilə birgə işləməkdən, insanların rəğbətini və nifrətini qazanmaqdan, bir nəfər də olsa belə Azərbaycanlının azad olunması üçün əməyimin olduğundan qürur duyuram. Bu heç zaman unudulmayan bir təcrübə və xatirələrdir.
http://bugun.az/?page=column&id=150

Комментариев нет:

Отправить комментарий