пятница, 30 января 2015 г.

Girovluqda saxlanılan soydaşılırımızın «əfv»i gündəmə gəlib

Əvəz Həsənov: «Ermənilər müxtəlif yolla özlərinə müsbət imic yaratmaq istəyirlər»
 Yeddi aydır girovluqda olan soydaşlarımızın azad edilməsi ilə bağlı müvafiq işlər aparılır. Artıq beynəlxalq təşkilatlar tərəfindən də Ermənistan tərəfinə müəyyən mesajlar verilib. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da keçirdiyi brifinqdə Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunması ilə bağlı məsələyə toxunub: «Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var.
Biz daim onların taleyi, bu şəxslərə qarşı irəli sürülən ittihamların ağırlığı, saxlanma şəraiti, saxlanıldıqları ölkənin onlarla bağlı planları ilə maraqlanırıq və bunun əsasında müvafiq qərarlar qəbul edirik. Qərarlar Rusiyanın müvafiq ölkələrlə ikitərəfli münasibətlərində mövcud olan kanallarla qəbul olunur».
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni başlayan qış sessiyasının ilk iş günündə də girovluqda olan soydaşlarımızla bağlı məsələyə toxunulub. Azərbaycandan sonra bu qurumun Nazirlər Komitəsinə rəhbərlik etməyə başlayan Belçikanın xarici işlər naziri Didier Reynders hesabat məruzəsi ilə çıxış edib. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov D.Reyndersə belə bir sualla müraciət edib:  «Hər ölkədə məhkəmə ali hüquqi instansiya sayılır və onun qərarlarının icrası mütləqdir. Lakin bir də var qanuni mövcud olmayan qondarma bir qurumun saxta məhkəməsi və onun heç bir hüquqi gücü olmayan qərarı. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş və Dağlıq Qarabağda separatçı rejimin qanunsuz məhkəmə keçirərək ömürlük həbs cəzası verdiyi Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilmiş Şahbaz Quliyevin dərhal və qeyd-şərtsiz azad edilməsini bu ssenarinin arxasında duran Ermənistan dövlətindən tələb edə bilərsinizmi? Axı siz 6 ay müddətində Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi yüksək səlahiyyətlər daşıyacaqsınız və təsirli tədbir görməyə imkanınız olacaq».
Nazirlər Komitəsinin katibliyi ilə məsləhətləşmələrdən sonra D.Reynders təəssüflə bildirib ki, bu məsələ hələ orada araşdırılaraq müzakirə mövzusu olmadığından müfəssəl məlumata malik deyil: «Yaxın zamanda bu problemi diqqətlə öyrənəcəyik. Ermənistana nəzərdə tutulan səfər zamanı da bu məsələn rəsmi Yerevan qarşısında qaldırılacaq».

Ermənistan müafiə naziri Seyran Ohanyan isə Rusiya xarici işlər naziri Sergey Lavrova cavab verib. O, Lavrova bunu Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirə etməyi tövsiyyə edib.
Amma bu arada Ermənistan tərəfi yenidən məkrli niyyətlərini işə salıb. Erməni tərəfi girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv ərizəsi yazdırmaq istəyir. Belə bir ərizənin yazılması isə birmənalı şəkildə girovlarımıza qarşı irəli sürülən ağır ittihamın qəbul edilməsi deməkdir. Qarşı tərəf Dilqəm Əsgərov və Şahbaz Quliyevə "əfv ərizəsi” yazdırmaq istəyirlər ki, sonrakı prosesdə bunu bir hüquqi prosedur çərçivəsinə sala bilsinlər və Qarabağda qurduqları qondarma məhkəməyə hüquqi status qazandırsınlar. Digər tərəfdən bu müraciətlə həmin şəxslərin qondarma Dağlıq Qarabağ respublikasının tanınması məsələsi gündəmə gələcək. Erməni vəkili Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə qondarma DQR-ə legitimlik donu geydirmək və xarici ictimaiyyəti həqiqətən də belə bir qurumun mövcudluğuna inandırmağa çalışır.
Hüquqşünas Müzəffər Baxışov isə o qənaətdədir ki, əgər girovlarımız qondarma DQR rəhbərinə müraciət edərlərsə, azadlığa çıxma ehtimalı ola bilər: «Kütləvi informasiya vasitələrinin məlumatına görə, Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma rejimin "qanunları” ilə məhkum olunublar. Əgər onların "qanunları” ilə məhkum olunublarsa, onların Ermənistan prezidentinə yazacaqları əfv ərizələrinin məncə, heç bir əhəmiyyəti olmayacaq. Ermənistan prezidenti dedi ki, bu məsələdə biz onları mühakimə etmirik, onları qondarma Dağlıq Qarabağ Respublikasının qanunları ilə mühakimə edirlər. Saxta DQR-in qondarma qanunlarda elə bir qayda varsa, o zaman müraciət edib azad oluna bilərlər. Daha doğrusu, həmin o "rəhbər” bunları əfv edə bilər».
Hüquq müdafiəçisi Əvəz Həsənov isə o qənaətdədir ki, girovların azad edilməsi ilə bağlı təzyiqlərin artması qarşı tərəfi bu addımı atmağa vadar edir: «Ermənistan tərəfi də artıq başa düşür ki, günahsiz insanları qondarma məhkəmə çıxarıb həbsə atsalar da, onları uzun müddət saxlamaq mümkün olmayacaq. Buna görə də belə bir yolla özlərinə müsbət imic yaratmaq istəyirlər. Dilqəm Əsgərov ıə Şahbaz Quliyev hazırda ermənilərin əlindədir və onlara «əfv» ərizəsi yazdıra bilərlər. Əgər həmin soydaşlarımız canlarını girovluqdan qurtarmaq üçün belə bir ərizə yazırlarsa, onlara qarşı hər hansı irad tutmaq doğru deyil. Bu insanlar qondarma məhkəmə qarşısına çıxarılıb və həmin məhkəmənin hökmünü dinləməli olublar. Buna görə o insanlar qondarma respublikanın rəhbərliyinin adına «əfv» ərizəsi yazarsa da, bu həmin qondarma respublikanın tanınması anlamına gəlməməlidir. Çünki hər iki soydaşımız girovluqdadır və onsuz da həmin qondarma respublikanın qanunları ilə ittiham olunub. Əsas Azərbaycan dövlətinin mövqeyidir. Azərbaycan dövləti isə öz vətəndaşlarını azad etmək üçün tədbirləri davam etdirir».


 http://ucnoqta.az/news/10337


Комментариев нет:

Отправить комментарий