пятница, 31 октября 2014 г.

Təhsildən “azad olanlar”


“Müharibə başlasa da, məktəbə gedib-gəlirdik. Adi günlərdən biriydi. Yox, adi gün deyildi. 1992-ci il, 26 fevral, çəənbə günüydü. Xocalı faciəsi baş verən gecənin səhəri. Məktəbdə bütün dərslər boşuydu. Müəllimlərimiz iclasdaydılar. İkinci dərs vaxtı bütün müəllimlər ağlaya-ağlaya otaqdan çıxdılar. Bizə dedilər ki, gecə çox pis hadisə olub. Tez gedin evə, çantalarınızdan kitablarınızı boşaldıb, qalın paltarlar və buterbrodlar doldurun. Gücünüz çatacaq qədər. Çox ağır eləməyin. Evdə sizi gözləyirlər”.

22 ildir Bakıda məcburi köçkünlük həyatı yaşayan Vüsalə Məmmədova danışır. O, Ağdam şəhərində dünyaya gəlib. Qarabağ müharibəsi başlayanda 9-cu sinifdə oxuyurmuş. Böyük bacısı Səadətlə birgə. Kiçik bacısı Şəbnəm isə 5-ci sinifdəymiş.


“Həmin axşam ailənin kişiləri qadınları və uşaqları Ağcabədinin Hindarx kəndinə apardılar. İki aya yaxın orda yaşadıq. Böyüklərimiz hər gün ordan işə gedib-gəlirdilər. Anam həkimdi, poliklinikada işləyirdi. Həftədə 2 dəfə Ağdama işə gedirdi. Biz isə məktəbə getmirdik. Deyirdilər ki, Ağdamda məktəblər boşdur. Heç kimin uşağı gəlmir deyə dərslər keçilmir”.

Ağcabədi rayonuna gəlirlər. Burada bir qohumun evində kirayə yaşayırlar. Anaları yenə həftədə iki dəfə Ağdama işə gedib-gəlir. Uşaqlar isə Ağcabədi rayonunda 1 saylı məktəbə təhsillərinə davam edirlər.

“Özümüzü ilk dəfə “yad” hiss eləməyimiz xarici dil dərsində oldu. Müəllim hansı xarici dili keçdiyimizi soruşdu. Biz Ağdamda fars dili keçirdik, müəllim bacımla mənə “Bu gündən siz xarici dil dərslərindən azadsınız. Bu müvəqqəti çətinlikdir, tezliklə öz evinizə qayıdıb, öz məktəbinizdə fars dilini keçərsiniz. Mən sizə təzədən ingilis dili öyrədə bilmərəm” dedi. Bundan sonra hər dəfə ingilis dili başlayanda biz sinfi tərk eləməli olurduq. Bacım Səadət bütün fənlərdən 5 alırdı. Mən isə əlaçı olmamışam. Məktəbə 4 yaşımda getdiyimdən dəqiq elmlər mənə ağır gəlirdi. Humanitar fənlər daha rahatıydı”.

Bir il bu məktəbdə oxuyurlar. Dərs ilinin sonuna az qalmış, may ayında məktəbin direktoru qərar verir ki, hamı məktəbli forması geyinməlidir. O vaxtlar məktəblərdə vahid məktəbli forması olmasa da, şagirdlər ağ köynək, qara ətək geyinərdilər. Dərs ilinin bitməyinə 10-15 gün qalmış iki bacı məktəbdən qovulurlar.

“Sonra anam qonşuluqda yaşayan 3 saylı məktəbin direktoru Tofiq müəllimgilə gedib xahiş etdi ki, bizi hələlik dərsə buraxsınlar. Kişi anamın sözünü yarımçıq kəsmişdi ki, bəlkə o uşaqlar böyüyüb böyük bir adam olacaqlar. Müharibənin belə vaxtında formaya görə uşaq dərsdən qalacaq? Səhər gəlsinlər, onları ən yaxşı sinfə qoyacam. Beləcə, 10-cu sinfi başa vurduq”.

Sonra Ağdam şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olur. 3 qız övladıyla işsız qalan Gülçöhrə Abbasova təkrar Bakıya, qardaşıgilin yanına gəlir.

“Anam işə düzəldi, biz yeni məktəbə getdik. Bir neçə aydan sonra sonra ayrı kirayə evə köçdük, yenə məktəb dəyişdik. Mən attestatımı alana qədər 5, kiçik bacım isə 7 məktəb dəyişdi. 11-ci sinfi bitirəndən sonra sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim. Bura yeganə universitet idi ki, xarici dildən imtahan tələb olunmurdu. Birinci ili qabiliyyət imtahanından kəsildim, ikinci il isə Dram və kino sənəti fakültəsinə daxil oldum”.

Müharibənin ağrılarını keçmişində qoymağa çalışan Vüsalə bir forma ucbatından məktəbdən qovulduğu gün özünə söz verir...

“Söz verdim müharibəyə qalib gələcəm, məhv olmayacam. Müharibə bizə hər şeyə rəğmən ayaq üstdə dayanmağı, bəzən haqqın olanları zorla əldə etməyi, yanındakı yaşıdına nimçədə təqdim olunan şeyləri əzab-əziyyətlə qazanmağı öyrətdi. Ağdamda bir sinifdə oxuduğum uşaqları illər sonra sosial şəbəkələrdə tapıram. Məlum olur ki, müharibədən dolayı çoxu ali təhsil ala bilməyib, bəzi qızlar ailənin yükünü yüngülləşdirmək üçün erkən ailə qurublar. İndi Lent.az internet portalında Qarabağ müharibəsində erməni əsirliyində olan insanların həyat hekayələrini yazıram. Atamı çox erkən itirmişəm, ailəmdə müharibədə döyüşməyən kişi olmayıb. Ermənilərlə döyüşməmişəm, amma müharibədən xəbərsiz insanlarımızla illərlə döyüşmüşəm”.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun mətbuat xidmətindən verilən məlumata görə, müharibə nəticəsində 2 min 389 təhsil müəssisəsi dağıdılıb. Ərazilərin erməni silahlı qüvvələrinin nəzarəti altına keçməsi nəticəsində məcburi köçkün düşən insanların 200 mindən çoxu məktəbli olub. Təkcə Ağdam şəhərində 114 orta təhsil məktəbi, 3 texnikum və 2 peşə məktəbində 31 minə yaxın şagird və tələbə təhsil alıb, 3500-ə yaxın müəllim çalışıb.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, müharibə nəticəsində doğma yurdlarını itirdikləri üçün məcburi köçkünlər müxtəlif rayonlarda yerləşdirilən zaman dövlət ilkin olaraq onların yaşayışı ilə maraqlanıb.

“Birinci növbədə dövlət onların yerləşdirilməsi və qidalanması məsələlərilə məşğul oldu. Qarşıda duran ikinci məsələ isə qaçqın və məcburi köçkünlərin təhsili idi. 90-ci illərin əvvəllərində sanatoriya və yataqxanalarda yerləşdirilən məcburi köçkün şagirdlər üçün həmin yerlərdə məktəb təşkil olunmağa başladı. Məqsəd uşaqların təhsildən kənar qalmaması idi. Bu zaman təhsilin keyfiyyətinin qayğısına qalmaq mümkün deyildi. Mövcud imkanlar çərçivəsində davranmaq məcburiyyətindəydik. Müharibə şəraitində bütün ölkənin vəziyyəti yaxşı deyildi. Problemlər çox, dövlət isə zəif idi. 99-cu ildən sonra İslahat proqramı təsdiq olundu. Bundan sonra məcburi köçkünlər üçün ayrıca məktəblər tikilməyə başladı”.

Şura sədri onu da qeyd edir ki, o illərdə təhsilin məzmunu məsələsində də ortaya müxtəlif problemlər çıxırmış.

“Xarici dil məktəblərdə müxtəlifdir. Bəzi məktəblərdə ingilis dili keçilir, bəzisində fransız və ya alman, ya da fars, ərəb. Tədris fənni olaraq fransız dilini keçmiş şagird müvəqqəti məskunlaşdığı yerin məktəbində bu dil üzrə kadr yoxdursa çərtinliklə üzləşirdi. Belə şagirdlər üçün ya özəl kurslar təşkil olunmalıydı, ya da o fənlər tədris olunmamalıydı. O zaman Təhsil Nazirliyi belə şəraiti nəzərə alaraq tənzimləmə işi apardı. Xarici dildən təlim almaq imkanı olmayan şagirdə qiymət yazılmaması haqda qərar verildi. Bu faktorun həmin şagirdin ali məktəbə girməsində nə mənfi rolu vardı, nə müsbət. Xarici dil tədris olunmayan şagirdlər qəbul zamanı sənədlərini yalnız xarici dil tələb olunmayan ali məktəbə təqdim edə bilərdilər”.


XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə düşünür ki, 90-cı illərdə məcburi köçkünlərin xarici dil tədrisindən azad edilməsi çox böyük yanlış idi.

“Məktəblərdə bütün fənlər üzrəəllim olmalıdır. Proqrama uyğun olaraq heç bir dərsin ləğv olunması, yaxud tədrisinin dayandırılması yol verilməzdir. Bu, təhsil haqqında qanuna da ziddir. Çünki vətəndaşın tam şəkildə formalaşması üçün bütün fənlər tədris olunmalıdır”.

“Bu günə qədər də xarici dil bilməməyimin əziyyətini çəkirəm. Bu həmişə mənə iş tapmaqda ciddi problemlər yaradıb. Elə layihələr olur ki, baxırsan sənin bacaracağın işdir. Görüşüb danışırsan, anlaşırsan. Axırda isə məlum olur ki, ofisin işçi dili ingilis dilidir”, - Vüsalə Məmmədova deyir.

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

http://civil-forum.az/meqaleler/726-thsildn-azad-olanlar.html

Комментариев нет:

Отправить комментарий