вторник, 9 сентября 2014 г.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması yeni mərhələyə qədəm qoyub


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda və həmin proqrama 2007-ci il 31 oktyabr tarixdə, 2011-ci il 21 fevral tarixdə imzalanmış sərəncamlarla təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan işlərin indiki mərhələsi haqqında məlumat almaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sosial təminat və humanitar yardım şöbəsinin müdiri İsbəndiyar Əbdüləzimova müraciət etdik.

- İsbəndiyar müəllim, «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na hesabat nəzəri ilə baxanda hansı mənzərəni görə bilərik? 

- Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il dekabrın 24-də Ağcabədi rayonunda Taxta Körpü ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin açılışı zamanı görülən işləri yüksək qiymətləndirmiş, Dövlət Proqramının uğurla icra olunduğunu, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş vəsaitin artırılacağını bildirmişdir. Qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, son 8 ildə bütün sosial-texniki infrastruktura malik 70 müasir qəsəbə salınmış, 22 min ailəni əhatə edən 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 
Hazırda məcburi köçkün ailələrinin mənzil-məişət və sosial vəziyyətinin yaxşılaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. Dövlət Proqramında və ona edilmiş əlavələrdə tikilməsi 2015-ci ilədək nəzərdə tutulmuş yeni qəsəbələrin və çoxmərtəbəli binaların inşasının ən qısa müddətdə başa çatdırılması üçün bu il maliyyə vəsaiti  üç dəfə artırılaraq 300 milyon manat olmuşdur. Görüləcək işlər nəticəsində məcburi köçkünlərin, o cümlədən Bakı şəhəri ərazisində yerləşən 257 yataqxanada məskunlaşmış 14 min ailəni əhatə edən 52 min nəfərə yaxın insanların mənzil-məişət şəraiti yaxın vaxtlarda yaxşılaşdırılacaq.
- Məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində hansı tədbirlər həyata kecirilir?
- Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinət artırılaraq 2011-ci ilin dekabrından 16,5 manata çatdırılmışdır. Həmin müavinət məcburi köçkünlərə plastik kartlarla bankomatlar vasitəsilə ödənilir.
2001-2008-ci illər ərzində 140 min nəfər məcburi köçkün büdcə vəsaiti hesabına, 130 min nəfər isə BMT-nin «Ümumdünya ərzaq proqramı» layihəsinə uyğun olaraq  həmin  təşkilatın xətti ilə aylıq ərzaq yardımı ilə təchiz olunmuşdur.
Qaçqın və məcburi köçkün sahibkarların işlərinin genişləndirməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. 2004-2011-ci illərdə 34,5 milyon ABŞ dolları dəyərində 478 icma mikrolayihəsi icra edilmişdir. Bu layihələr­dən faydalananların 75%-i, başqa sözlə, 289 min nəfər məcburi köçkünlərdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanına uyğun olaraq, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər faktiki istehlaka görə mərkəzləş­diril­miş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarında vaxtlı-vaxtında ödənilir. Respublikanın təbii qazla təmin olunmayan 49 şəhər və rayonunun ərazisində faktiki məskunlaşan 80 min məcburi köçkün ailəsinin hər biri payız-qış mövsümündə (oktyabr-noyabr-dekabr-yanvar-fevral) ayda 40 litr həcmində soba yanacağı ilə təmin olunurlar.
Həyata keçirilən tədbirlər nəticəsində 2003-2011-ci illər  ərzində  məcburi  köçkünlər arasında yoxsulluq həddi  74 %-dən 18 %-ə enmişdir. 
- Məcburi köçkünlərə birbaşa humanitar ərzaq yardımının verilməsi dayandırıldıqdan sonra qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı ölkəmizdə beynəlxalq humanitar təşkilatların fəaliyyəti hansı səviyyədədir?
- Donor ölkələr, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən 1992-2011-ci illərdə qaçqın, məcburu köçkün və aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən layihələrə təxminən 937 milyon dollar həcmində vəsait sərf edilmişdir. Hazırda fəaliyyəti Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 47 beynəlxalq, 41 yerli humanitar təşkilat qaçqınların və   məcburu köçkünlərin, o cümlədən aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirirlər.
Son vaxtlar dövlət tərəfindən sosial inkişaf layihələrinin həyata keçirilməsinə diqqət daha da artırılmış və bu sahədə görülən işlərin həcmi əsaslı şəkildə çoxalmışdır. 
- Məcburi köçkünlər dövlət tərəfindən verilmiş hansı imtiyazlardan yararlana bilirlər?
- Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar.
Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun siyahıda göstərilən dərman preparataları ilə məcburi köçkünlər dövlət büdcəsi vəsaiti hesabına təmin edilirlər, tibbi müayinə və müalicə isə ödənişsizdir. Məcburi köçkünlər şəxsiyyət vəsiqələri alarkən rüsumdan azaddırlar, onlara gəlir vergisi hesablanarkən güzəşt edilir. Məcburi köçkünlər 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportların, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə əlaqədar tətbiq edilən rüsumdan da azaddırlar.
- Dövlət orqanları müntəzəm olaraq məcburi köckünlərlə görüşlər kecirir, onların qayğıları, ehtiyacları ilə maraqlanır, müvafiq yardımlar edirlər...
- Respublikanın şəhər və rayonlarına təhkim edilmiş 78 nazirlik, komitə, şirkət, konsern, səhmdar cəmiyyəti və digər mərkəzi təşkilatlar 2011-ci ildə  bayramlar ərəfəsində məcburi köçkünlərlə görüşlər keçirmiş və onlara 4 milyon manat məbləğində müxtəlif ərzaq yardımları göstərilmişlər. Ənənəvi şəkildə təşkil olunmuş  bu görüşlərdə məcburi köckünlərin qayğıları diqqət mərkəzində olmuş, ortaya çıxan problemlərin həlli istiqamətində dövlət orqanları tərəfindən tədbirlər görülmüşdür. Bu işlərdə Vergilər Nazirliyi xüsusilə seçilir. Nazirlik Ağcabədi rayonu ərazisində məskunlaşan məcburi köckünlərin ehtiyacları ilə müntəzəm olaraq maraqlanır, bayramlarda və əlamətdar günlərdə onların yanında olur. Bütün bunlar Azərbaycan xalqının ən həssas təbəqəsi olan məcburi köçkünlərin dövlətə etimadını daha da artırır, onlar Azərbaycan Prezidentinin və hökumətinin diqqət və qayğısını hər zaman öz üzərlərində hiss edirlər.
Müsahibəni hazırladı: Rəşad SADIQOV
http://vergiler.az/art-view/598/

Комментариев нет:

Отправить комментарий