среда, 1 июля 2015 г.

Etirazlar Ermənistana nə vəd edir?

Rövşən Rzayev: “Sərkisyan rejimi birmənalı şəkildə devriləcək”
Əvəz Həsənov: “Burada müəyyən qədər Köçəryanın maraqları görünür”
 Ermənistanda elektrik enerjisinin istehlak qiymətlərinin artırılması əhalinin ciddi narazılığına səbəb olmaqla yanaşı, həm də etiraz aksiyalarının dayanmadan davam etməsinə gətirib çıxarıb. 
 Amma əhalini birdən-birə küçələrə çıxmağa vadar edən, həqiqətənmi, elektrik enerjisinin qiymətinin artımı oldu? 

 Məsələyə münasibət bildirən millət vəkili Rövşən Rzayev deyib ki, erməni xalqına düşmən mövqedə olan, şəxsi maraqlarını güdən Sərkisyan rejimi devrilərsə, Ermənistan bir dövlət kimi konstruktiv bir mövqeyə gələrsə, onda bu ölkə Azərbaycanla münasibətləri hesabına müəyyən qədər iqtisadiyyatını düzəldə və əhalisi normal yaşaya bilər. Onun sözlərinə görə, əgər bunu edə bilməyəcəklərsə, onda problemləri daha da dərinləşəcək: “Bununla bağlı hələ bir neçə ay bundan öncə bildirmişdim. Sərkisyan rejimi birmənalı şəkildə devriləcək. Çünki bu rejim orta əsr düşüncəsində olan insanların əlindədir. Bu rejim Azərbaycan ərazilərini işğal etməklə Ermənistanın siyasi hakimiyyətini işğal edib. Ona görə də bu, Ermənistana heç nə vəd vermir. 
Əlbəttə, onları qoruyan qüvvələr var. Amma artıq Ermənistanda xalqın bir çox nümayəndələri məsələni aydın başa düşür. Tez-gec bu rejimin çökməsinin şahidi olacağıq və bu, bölgəyə sülh gətirəcək bir amil olacaq”.
R.Rzayev qeyd edib ki, Ermənistan bütün istiqamətlərdə böhran içindədir: “Təkcə elektrik enerjisi problemi deyil. İnsanlar normal həyat sürmək istəyirlər, amma əksini görürlər. Onlar şahidi olurlar ki, Ermənistan gəncləri özlərinə aid olmayan, işğal olunan torpaqlarda hərbi xidmət keçirlər. Təbii ki, təmas xəttində Azərbaycan Silahlı Qüvvələri onlara aman vermir. Onlar birmənalı məğlubdurlar və həyatlarını itirirlər. Digər tərəfdən Ermənistan iqtisadiyyatı çöküb və bu ölkədə müstəqil adında heç bir şey yoxdur. Ermənilər həm müstəqil dövlət, həm də firavanlıq istəyirlər. Ermənistan regionda ya iqtisadi bir zona kimi, ya da normal ölkə olaraq yaşamalıdır. Amma əksinə Ermənistan regiona problem, separatçılıq, terrorizm və bu kimi halları ixrac edir. Bu da təbii ki, regiona və ilk növbədə Ermənistan xalqına problemlər yaradır. 
 Azərbaycan möhtəşəm və tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarının bağlanışını elan etdi. Bunu Azərbaycan xalqına ulu öndər Heydər Əliyevin siyasəti gətirib. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu xoş günləri yaşadıq. Amma Ermənistanda xalqın necə yaşadığını bilmək üçün heç də böyük siyasi biliyə malik olmaq lazım deyil. Azərbaycanın inkişafını Ermənistan da, dünya ölkələri də görür. Ermənistanda hakimiyyətə xalqı, dövləti istəyən adam gələrsə, həmin şəxs konstruktiv mövqeyi gətirəcək və biz də öz problemimizi həll edəcəyik”.
 Konfliktoloq Əvəz Həsənov bildirib ki, aksiyaların başlıca səbəbi Ermənistanda elektrik enerjisinin 40 faiz qaldırılmasıdır. Onun sözlərinə görə, bu artım ermənilərin büdcələrinə ağır zərbə oldu: “Mən Ermənistandan olan vətəndaş cəmiyyəti nümayəndələri, politoloqlarla söhbət elədim və onlar bu etirazların əsasında məhz elektrik enerjisinin qiymətinin artırılmasının dayandığını qeyd etdilər. Çünki Ermənistan cəmiyyətinin iqtisadi cəhətdən zəif bir vəziyyətində elektrik enerjisinin qiymətinin artırılması onlar uçun böyük bir zərbə idi. 
 Bildiyimiz kimi, Serj Sərkisyan ikinci dəfə prezidentliyindən sonra namizədliyini verməyəcək və indi Ermənistanda istənilən siyasi mübarizədə Köçəryanın marağı olduğu görünür. Ola bilsin ki, Köçəryan da aksiyaların provokasiya olunmasında müəyyən qədər rol oynaya bilər”.
  Ə.Həsənov bildirib ki, Ermənistanda elektrik enerjisinin istehsalı Anatoli Çubaysın rəhbərlik etdiyi “RAO EES” şirkətinə məxsusdur. Onun sözlərinə görə, bu şirkət artıq Rusiyada fəaliyyətini dayandırıb: “Ermənistanda isə əlavə şirkəti qalıb.  Burada müəyyən qədər Köçəryanın maraqları görünür. 

 Hazırda Rusiya Ermənistanın həm aparıcı şirkətlərini, həm də gəlir gətirən sahələrini əlindən alıb. Bu mənada Rusiya başa düşəcək ki, Ermənistanda antirus meyllərin artmasına və gələcəkdə həm də Ermənistanın oyun oynamasına böyük təkan verə bilər. Çünki bu ölkə hazırda Avropa Birliyi ilə oyun oynayır və göstərmək istəyir ki, Rusiya ilə Avrasiya İttifaqına imza atıb, ancaq müəyyən məsələlərdə Avropa Birliyi ilə əlaqələrin bərpa olunmasına razıdır. Həqiqətən də, qəribə oyunlar gedir və hesab edirəm ki, Azərbaycanda bunu ciddi dəyərləndirmək lazımdır. Yəni, bu hadisələrə təkcə meydan damğası vurub, demək olmaz ki, burada hansısa siyasi tələblər gedir. Ermənistanda hansısa siyasi tələbə ehtiyac yoxdur, ona görə ki, bu ölkədə əhali sosial problemlərlə ayağa qalxacaq. Amma səhəri günü Ermənistan üçün problem yaranarsa, millət yenidən birləşəcək. Xüsusilə, ermənilərin müstəqilliyin və ya Qarabağın itirilməsi məsələsində birləşməsi ehtimalı daha çoxdur. Ona görə də burada iqtisadi tələblərin irəli sürüldüyü mitinqlərin uğuru daha da yüksək olacaq. Əgər bu Köçəryanın planlaşdırdığı bir işdirsə, həqiqətən yaxşı hesablamalar aparıb. Çünki Sərkisyan artıq gedir. Ona görə də Köçəryana lazımdır ki, yenidən Dağlıq Qarabağ planını aktuallaşdırsın və göstərsin ki, Ermənistanda daha stabil və Rusiya ilə münasibətləri ən güclü olan klanlardan biri Qarabağ klanıdır. Yəni, Köçəryanın özüdür”.

http://teleqraf.com/news/61030

Комментариев нет:

Отправить комментарий