среда, 1 июля 2015 г.

Azərbaycan iqtisadiyyatını Avropa Oyunlarından sonra nə gözləyir?

İki ilə yaxın hazırlıq və iri büdcəsi ilə tanınan ilk Avropa Oyunları başa çatdıqdan sonra diqqət, Azərbaycanın iqtisadi vəziyyətindədir.
Bəzi təhlilçilər deyir ki, Azərbaycanın ev sahibliyini etdiyi ilk Avropa Oyunlarının iqtisadiyyata təsiri hələ özünü biruzə verməsə də, fəsadları bir müddətdən sonra görünəcək. Digərləri isə, milli iqtisadiyyatın vəziyyətilə Avropa Oyunları arasında heç bir əlaqə görmür.
İlk dəfədir Azərbaycanda keçirilən #Baku2015 Avropa Oyunları 12-28 iyun tarixində Bakıda baş tutub. Bazar ertəsi, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub.

BBC Azərbaycancanın hesablamaları bu rəqəmin 5 milyard manata yaxın olduğunu göstərib. Çünki 2013, 2014 və 2015-ci illərin büdcəsindən də hazırlıq prosesinə vəsait ayrılıb.

Fəsad, yoxsa strateji sərmayə?
"Bir müddət keçdikdən sonra bunun fəsadlarını görəcəyik, çünki xərcləmələr həddindən artıq böyük idi", iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya bildirir.
Cənab Cəfərliyə görə, indi hiss edilməsə də, gəlirlərin "kəskin" azaldığı bir dövrdə fəsadlar proqnozlaşdırıla bilər.
"Müvəqqəti iş yerləri yarandı, obyektlər tikildi, yollar təmin olundu, indi isə, Avropa oyunları bitdikdən sonra, həm infrastruktur layihələri azalacaq, həm də oyunların təşkilatına cəlb olunmuş minlərlə insan işsiz qalacaq", Cəfərliyə görə, Oyunların iqtisadiyyata ilk təsirləri bunlardır.
Bunlar da, insanların sosial vəziyyətinə və ümumi iqtisadi duruma "təsir edəcək, beləcə indiyə qədər Oyunlara xərclənən məbləğin büdcədə yeri görünəcək", təhlilçi əlavə edir.
"Həmçinin, neft gəlirlərinin azalmasından asılı olaraq may ayının rəsmi rəqəmləri də göstərdi ki, aprel ayına nisbətən vergi daxilolmalarda da kəskin azalma müşahidə edilib, təxminən 30 faizə qədər".
Onun sözlərinə görə, xərclərin bu qədər çox olmasına rəğmən, çox cüzi hissəsinin geri dönüşü təmin olunacaq.
"Gözlənildiyi kimi, çox turist axını da olmadı, gələnlərin əksəriyyətinin xərclərinin böyük hissəsini Azərbaycan höküməti öz üzərinə götürdü, yəni turizm nöqteyi-nəzərindən də ciddi bir qazanc əldə etmək mümkün olmadı, təəssüfki", Cəfərli bildirib.

Müsbət təsirlər
Azərbaycanın 2015-ci il iqtisadi vəziyyətini Avropa Oyunlarına çəkilən xərclə heç bir əlaqəsi olmadığını deyən iqtisadçı Vüqar Bayramova görə, bütün hallarda Oyunların Azərbaycan iqtisadiyyatına, xüsusən turizm sektorunun inkişafı və ölkəyə daxil olan valyutanın həcminin artması kimi müsbət təsirləri olub.
"Avropa Oyunlarının Azərbaycanın təbliğindən əlavə, strateji bir məqsədi də var idi. Bu, ölkəyə sərmayenin cəlb edilməsi idi. Xüsusilə turizm sektorunun bazasının yaradılması üçün. Bir turist başqa turistin ölkəyə gəlməsi üçün potensial yaradır", cənab Bayramov BBC Azərbaycancaya bildirib.
Bu baxımdan, cənab Bayramov Oyunlardan sonra iqtisadiyyata qoyulan sərmayenin azalacağına inanmır.
"Avropa Oyunları bir təşəbbüs idi ki, reallaşdı. Rəsmi açıqlamaya görə, 1 milyarddan da az miqdarda xərc çəkilib, xərclərin də 78 faizi infrastruktura ayrılıb".
Ancaq BBC Azərbaycancanın apardığı araşdırma Bakıda keçirilən ilk Avropa Oyunlarının xərclərinin 5 milyard manata yaxın olduğunu aşkar edib.
Vüqar Bayramovun sözlərinə görə, indi yaradılmış infrastrukturdan 2016-ci il Avropa Qran Prisi- Formula 1 yarışlarının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının və 2017-ci ildə isə UEFA Avropa Çempionluğu yarım final futbol oyunların təşkili zamanı istifadə ediləcək ki, bu da strateji sərmaye gətirəcək.

"Çox qənaət və lazımsız xərclərin ixtisarı"
Cənab Bayramov Azərbaycanın bu ilki iqtisadiyyatını ilin birinci və ikinci yarısı kimi qruplaşdırmağı təklif edir. O güman edir ki, sonuncu 6 ayda Maliyyə Nazirliyi büdcə vəsaitlərinə "çox qənaət etməyə və lazım xərcləri ixtisar etməyə çalışacaq.
"Bütövlükdə isə, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün hər hansı təhlükə yoxdur", Bayramov qeyd edir.
"Neftin qiyməti 65 dollarda qalsa belə Maliyyə Nazirliyi gəlirlərlə xərclər arasındakı balansı qoruya biləcək. Bu baxımdan geriləmə və ya risklər yoxdur", ekspert əlavə edir.
Natiq Cəfərli isə neftin qiymətində azalma olacağını proqnozlaşdırır, "son günlərdə Brend markalı neft 1.6 faiz azalaraq 62 dollardan aşağı qiymətə satılıb".

Manatın məzənnəsi və devalvasiya
Həmçinin, o iddia edir ki, iyunun axırında İran və Altılıq ölkələri arasında baş tuta biləcək hər hansı anlaşma ilə sanksiyaların götürülməsi neftin qiymətini daha aşağı sala bilər, "hətta 50-55 dollara qədər". Bu isə, Cəfərlinin sözlərinə görə, büdcəyə və manata "ciddi təzyiq edə bilər".
Əlavə amil isə, Mərkəzi Bankın iki valyutalı səbətə keçməsi nəticəsində manatın məzənnəsinin "dollara nisbətən ciddi asılılığa düşməsidir". Çünki, belə halda dünyada baş verən avro ilə dolların məzənnəsinin münasibətlərinin dəyişməsi manata təsir göstərməyə başlayıb, Cəfərli bildirir.
"Son bir neçə gündə avronun məzənnəsində manata qarşı ucuzlaşma qeydə alınsa da, dollara nisbətən çox cüzi də olsa artıb".
Ekspert ehtiyat edir ki, bu tendensiya davamlı ola bilər. Çünki Yunanıstan 1.6 milyard borcunu Avrozonaya ödəyə bilməzsə və Avrozonadan çıxarsa, avro ucuzlaşacaq. "Nəticədə dollar bahalaşacaq ki, bu da manatın məzənnəsinə təsir edə bilər".
Devalvasiyaya gəldikdə isə hər iki ekspert düşünür ki, Mərkəzi Bank ikinci dəfə bu addımı atmaz.
"Manatın məzənnəsi inzibati yolla Milli Bank tərəfindən müəyyənləşir. Tendensiyanı nəzərə alsaq, yaxın müddətdə devalvasiyaya getmək real deyil".
Vüqar Bayramova görə, MB manatın məzənnəsini mövcud dəhliz daxilində, (1.2-1.5) müəyyənləşdirməyə çalışacaq.
Fevral ayında Milli Bank ixracatı stimullaşdırılması üçün çevik məzənnə siyasətinin tərkib hissəsi kimi devalvasiyaya-manatın dəyərinin dollara nisbətən 30 faiz aşağı salınması barədə qərar verib.
MB rəhbəri Elman Rüstəmov bildirib ki, neft qiymətlərinin düşməsi Azərbaycanın neftdən asılı iqtisadiyyatını sınaq qarşısında qoyduğu üçün ölkə manatın dollara qarşı müəyyən etdiyi qiymətini tərk etməyi planlaşdırıb.


 http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150629_azeri_economics_after_baku2015

Комментариев нет:

Отправить комментарий