воскресенье, 2 ноября 2014 г.

Azərbaycan və Ermənistan Paris danışıqlarını niyə müsbət qarşılayıb?

Təhlilçilər Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın vasitəçiliyi ilə Paris görüşünün müsbət nəticələrindən danışarkən əsir, itkin düşmüş girovların qaytarılması ilə bağlı anlaşmanın əldə olunmasını qeyd edirlər.
BBC Azərbaycancaya danışan bəzi azərbaycanlı politoloqların fikrincə siyasi bəyanatların ardınca böyük sülh sazişinin hazırlanacağı gözləniləndir, bəzi ekspertlər isə görüşdə heç bir müsbət məqamın olmadığını düşünür.
Erməni politoloqlar Paris görüşünü şərh edərkən görüşün müsbət məqamı kimi “ən pis sülh hərbdən yaxşıdır” prinsipi baxımından nəzərdən keçirirlər.
Ermənistanda yerləşən “Avropa inteqrasiyası” ictimai təşkilatının rəhbəri Karen Bekaryanın BBC Azərbaycancaya dediyinə görə, “bu, təmas xəttində gərginliyin səngiməsini ehtimal etməyə ümid verir”.
Lakin o, Qarabağ problemi üzrə Qarabağ nümayəndələrinin iştirak etmədiyi istənilən danışıqların “heç bir nəticə verməyəcəyinəəmin olduğunu bildirir: “Parisdə isə bu məsələyə heç bir əhəmiyyət verilməyib”.

Status-kvo
İqtidaryönümlü politoloq Fikrət Sadıqov BBC Azərbaycancaya deyib ki, görüşdən “böyük müsbət nəticəəldə olunmayıb.
“Fransa prezidenti bəyan etdi ki, status-kvo dəyişdirilməlidir, böyük sülh sazişinin başlanmasında tərəfdardır və bir sıra təkliflər irəli sürdü. Bu Azərbaycan tərəfini qane edir. Ancaq kimsə düşünürsə ki, görüş nəticəsində hansısa böyük müsbət nəticələr əldə olunub yanılır”, o deyir.
Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan həmçinin bu fikirdədir. Belə formatda keçən görüşlərdən sonra rəsmi Bakı və Yerevandan səslənən “nikbin bəyanatları”, İskandaryanın sözlərinə görə, “müqəddəs ayə kimi” qəbul etmək lazım deyil, bu sözləri “bir alət kimi” nəzərdən keçirmək lazımdır.
Aleksandr İskandaryan deyir ki, nikbin bəyanatları “bir alət kimi” nəzərdən keçirmək lazımdır
“20 ildir bu səviyyədə hər görüşdən sonra dönüş yarandığı deyilir, bundan bəlkə 20 il sonra da hər belə görüş dönüş elan ediləcək. Siyasi proses ölümcül haldadır. Rusların, daha sonra amerikalıların və indi də fransızların vasitəçiliyi ilə keçirilən görüşlər Minsk Qrupu formatında baş verən bu prosesi diriltmək cəhdidir. Minsk prosesində, o cümlədən münaqişə tərəfləri maraqlıdır. Çünki bu, status-kvo və təhlükəsizliyin qorunması formatlardan biridir”, - İskandaryan deyib.
Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosian Fransa və ABŞ təşəbbüslərini “prezident Putinin təşəbbüsünə cavab və Minsk Qrupunun özünü qoruyub, öz aktuallığını bərpa etməsinə yönəlmiş cəhd” hesab edir.
Bəyanatlardansa "praktiki addımlar lazımdır"
Politoloq Richard Giragosian ölkə başçıları səviyyəsində görüşlərin yenidən başlanmasını “yaxşı işarə” hesab etsə də, “görüşdən gözləntilər çox az idi”, deyir.
Sentyabrda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü Böyük Britaniyada NATO sammiti çərçivəsində ABŞ dövlət katibi John Kerry təşkil etmişdi.
O, görüşün “diplomatik strategiyasının nə diplomatik, nə strateji” olduğunun səbəbini Azərbaycanın “maksimalist” mövqeyində görür.
“Erməni tərəfi daha mülayim, daha yolagələndir. Amma hər iki tərəf də siyasi iradə göstərməyə hazır deyil, hansısa nailiyyət gözləməyə dəyməz”, Giragosian deyib.
Amma Fikrət Sadıqovun sözlərinə görə, bir sıra xarici dövlətlərin, o cümlədən Fransanın Azərbaycana qarşı etinasız yanaşması davam edir.
“Azərbaycanın xeyrinə heç bir addım atılmayıb, işğal olunmuş torpaqlarla bağlı nə qətnamə, nə bir bəyanat verilib”, Sadıqov qeyd edib. “Fransa prezideti də anlayır ki, böyük sülh sazişi torpaqların işğaldan azad edilməsindən başlayır. Bizi bəyanatlar qane edə bilməz, praktiki addımlar atılmalıdır”.
Bununla belə, politoloq çoxillik münaqişənin bir görüşlə həll olunacağını düşüncəsini doğru hesab etmir və “real nəticələri” gözləməyin tərəfdarı olduğunu deyir.
Etimad
Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, konfliktoloq Əvəz Həsənov prezidentlərin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə davamlı görüşlərin keçirilməsini “təsadüfi hal” adlandırır.
“Hər iki tərəfi razı salan məqamlar o ola bilər ki, prezidentlər sentyabra qədər taym-aut götürdülər. Sentyabra kimi anons verildiyi kimi hər iki ölkə ayrı-ayrılıqda sülh sazişi hazırlaya bilər”, o ehtimal edib.
Onun sözlərinə görə, tərəflərə daxildə problemlərini həll etmək üçün bir ilədək zamanın ayrılması “konsensusa gəlmək” deməkdir.
“Sentyabra qədər tərəfləri heç kim heç nəyə təhrik etməyəcək. Hətta düşünürəm ki, tərəflər bir-birini ittiham etməkdən çəkiləcəklər. Eyni zamanda əsir və girov düşmüş şəxslərlə bağlı işin gücləndirilməsi xalqlar arasında etimadın artırılmasına səbəb olacaq. Birinci növbədə humanitar problemi həll etmək lazımdır ki, xalqların bir-birinə kini ərisin”, konfliktoloq əlavə edib.
Karen Bekaryan Paris görüşü əsnasında Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa danışıqların bərpa edilməsi ehtimalının qeyd olunmasını Paris görüşünün nailiyyəti hesab edir. Bu hal, onun sözlərinə görə, tərəflər arasında müəyyən dərəcədə etimadın artmasından xəbər verir.
“Bu, danışıqların daha məzmunlu xarakter alacağını ehtimal etməyə əsas verir”.
Politoloq Fransa prezidentinin təşəbbüsü ilə keçirilən görüşün daha bir müsbət məqamı kimi “münaqişənin tənzimlənməsi prosesinin hər hansı vasitəçi tərəfindən monopollaşdırılması təhlükəsinin” aradan qaldırılmasını nəzərdən keçirir.
“Son üç ay ərzində Soçidə Rusiya prezidentinin, daha sonra ABŞ dövlət katibi və indi də Fransa prezidentinin təşəbbüslərilə Ermənistan və Azərbaycan prezidentləri arasında görüşlərin təşkil edilməsi bu baxımdan müsbət addımlar olub”, - Bekaryan hesab edir.
İlham Əliyev və Serj Sarkisyan Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə görüşüb
Amma erməni politoloqun fikrincə Paris görüşü bir tərəfdən təmasların davam edəcəyinə dair nikbinliyə əsas versə də, digər tərəfdən "heç nə dəyişməyəcəyinə dair bədbinliyə səbəb oldu. İlk növbədə ona görə ki, Qarabağın danışıqlarda iştirak edəcəyi məsələsi açıq qalır”, - Karen Bekaryan deyib.
Eyni zamanda, onun sözlərinə görə, “etimad fonu o qədər zəifdir ki, Paris görüşünün heç olmasa Azərbaycanın yeni təxribatlara əl atmayacağını təmin etdiyini söyləmək olmaz”.
Humanitar məsələlər
Əsir, itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı iki ölkə arasında əldə olunan anlaşmadan danışan Əvəz Həsənovun sölərinə görə, bu istiqamətdə hər iki ölkənin dövlət strukturlarının əməkdaşlığı gərginliyin azaldılmasında rol oynayacaq.
O deyir ki, yuxarıda adı çəkilən işlər görüləcəksə, cəmiyyətdə münaqişənin həllinə inam yaranacaq, əks halda bu, vaxt itkisi olacaq.
Erməni politoloqlar həmçinin Paris görüşündə humanitar məsələlərə də diqqət yetirildiyini – Qızıl Xaç Komitəsi vasitəsilə əsir və girovların mübadiləsi və s. - qeyd edirlər.
“Bu, tənzimləmə elementi deyil, lakin tərəflər arasında etimad yaratmaq və, qeyd olunduğu kimi, ictimaiyyəti sülhə hazırlaşdırmaq baxımından vacibdir”, - Karen Bekaryan deyib.
Qarşılıqlı etimad vasitələri baxımından Richard Giragosian vətəndaş cəmiyyətinin böyük rol oynadığını qeyd edib və Fransa prezidentinin Azərbaycan prezidentinə onun ölkəsində vətəndaş fəallarının “təqib olunduğunu” xatırlatdığını bildirib.
Richard Giragosian görüşün diplomatik strategiyasının "nə diplomatik, nə strateji" olduğunu deyir
“Bu gün Azərbaycanın mövcud durumu müəyyən vakuum yaradıb. Ermənistan və Qarabağ ictimaiyyəti ilə tərəflər arasında etimad yaratmaq istiqamətində iştirak edəcək həmkarlarımızın fəaliyyətinə xitam verildi. Prezident Hollande-ın bu məsələyə diqqət salması vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın bərpa olunacağına ümid verir”, - deyib Karen Bekaryan.
“Riyakar pozitiv açıqlamalar”
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Paris görüşündə hər hansı müsbət məqamdan danışmağın yersiz olduğunu düşünür.
“Sadəcə olaraq bu açıqlamalarda heç bir tərəf özünün danışıqlar prosesində destruktiv mövqe tutduğunu etiraf etmək istəmir. Ona görə də riyakar pozitiv açıqlamalar verir. Erməni tərəf gedir Parisdə əsir və girovlarla bağlı anlaşma əldə olunduğunu deyir, amma azərbaycanlı girovların məhkəmə prosesi davam edir”, politoloq BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, yalnız tərəflərdən hər hansı birinin anlaşmaya uyğun əsir, girov və ya cəsədləri qaytardığı halda “pozitiv tensensiyadan” danışmaq olar.
“Amma bu yoxdur və 20 ildir Ermənistan da, Azərbaycan tərəfi də yalnız pozitiv açıqlamalar verir, amma realda münaqişənin həllində heç yarım addım da atılmayıb. Çünki indiki mərhələdə ciddi geosiyasi qarşıdurma var və bu qeyri-real şəraitdə münaqişənin həlli gözlənilmir”, o qeyd edib.
Ərəstun Oruclunun fikrincə, ictimaiyyət bundan sonra “pozitiv bir şey” gözləməməlidir.
“Ermənistanda siyasi iqtisadi böhran var və 2015-ci ilin dövlət büdcəsinə baxsaq Azərbaycan da geriləməyə doğru gedir. Bu şəraitdə heç bir dövlət münaqişənin həlli istiqamətində addım atmayacaq. Çünki bu ölkə daxilində yeni siyasi situasiya yaradır. Hər iki ölkədə hakimiyyətin də başlıca hədəfi isə hakimiyyətdə qalmaqdır”, o əlavə edib.
XİN-nin mətbuat xidməti BBC Azərbaycancanın görüşdə konkret hansı razılığın əldə olunması haqda sualına şərh verməyib.
Ermənistanla Azərbaycanın "yaxın" mövqeləri
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında Paris görüşü ilə bağlı nazir Elmar Məmmədyarovun adından yerləşdirilmiş şərhində “hələlik inkişafa nail olunmamış məsələlərə baxıldığı” bildirilib.
Cənab Məmmədyarov Azərbaycan prezidentinin münaqişənin sülh yolu ilə həlli üçün Ermənistanın Azərbayca torpaqlarından çıxarılmasını qeyd etdiyini deyib.
“Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər əsaslı şəkildə azalacaq. Biz sülhü bərqərar edəcəyik və regionu inkişaf etdirəcəyik”, o əlavə edib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Fransa prezidentinin vasitəçiliyilə Parisdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşü müsbət qiymətləndirib.
“Mən bu görüşü konstruktiv, faydalı və səmimi kimi səciyyələndirərdim”, Ermənistan XİN-in rəsmi saytında yayılan məlumatda deyilir.
Nalbandyan Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşündən Paris görüşünədək "tərəflərin ovqatında pozitiv dəyişiklik" baş verdiyini bildirib, lakin qeyd edib ki, "bu mürəkkəb prosesdə bir və ya bir neçə görüşlə danışıqlarda dönüş əldə etmək olmaz".
"Və bu müzakirələr göstərir ki, müəyyən məsələlər üzrə Ermənistanla Azərbaycanın mövqeləri yaxın ola bilər", o deyib.
Son üç ayda bu, Ermənistan və Azərbaycan prezidentlərinin üçüncü görüşüdür.
Daha əvvəl, İlham Əliyevlə Serj Sarkisyan avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə görüşüblər.
Bundan sonra isə sentyabrda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü Böyük Britaniyada NATO sammiti çərçivəsində ABŞ dövlət katibi John Kerry təşkil etmişdi.



Комментариев нет:

Отправить комментарий