суббота, 1 ноября 2014 г.

20 ildi “öldüsü-qaldısı” bilinməyənlər

“Oğlum Vahid Balaca oğlu Əliyev 1993-cü ildə itkin düşüb. Cəbraylın Sirik kəndində ətrafında döyüşə girib, gerisindən xəbər yoxdu. Onunla bərabər daha 2 nəfər əsgərimiz döyüşüb. Onların hər ikisinin öldüyü təsdiqləndi, ancaq oğlumdan xəbər çıxmadı. Az sonra bizə ermənilər tərəfdən xəbər gəldi ki, Vahid sağdı, yaralıdı, Stepanakertdə hospitalda yatır. O vaxtı getdik, erməni komandirlə əlaqə yaratdıq. Şərt qoydular ki, bizimkilər heyvanlarla bərabər girov götürdükləri Surik adlı çobanı tapıb onlara təhvil versə oğlumu sağ qaytaracaqlar. Amma biz o çobanı tapa bilmədik. Sonra da Cəbrayıl işğal olundu. Ara qarışdı, qaçhaqaç düşdü, heç bir əlaqə yarada bilmədik”, – Balaca Əliyev danışır.
Əliyevlərin dörd övladı olub. Ən böyükləri də elə Vahid imiş. Atası onun mülayim xasiyyətli, həlim insan olduğunu deyir. Hərbi xidmətini Sovet dövründə Rusiyada başa vuran Vahid Qarabağ münaqişəsi başlayınca könüllü olaraq ordu sıralarına yazılıb. Hazırda məzarı belə yoxdu...

Bütün ailənin gözü hələ də yoldadı, hələ də Vahidin öldüsündən, qaldısından xəbər almaq ümidindədilər. Balaca Əliyev deyir ki, həyat yoldaşı oğlunun dərdindən ürək xəstəliyi tutaraq 6 il öncə dünyasını dəyişib.

“Yoldaşım da çox getdi-gəldi oğluma görə. Heç yerdən xəbər çıxmadı. Sonra da ürəyi dözmədi, rəhmtə getdi ”.

Əliyev uzun illər sükut içində keçsə də, son 3-4 il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından gəlib oğlu ilə maraqlandıqlarını bildirir. 

“Bütün yaxın qohumlar haqda məlumatları toplayıblar. Qızıl Aypara Cəmiyyətinə də getmişik. Onlar da bizim haqqımızda məlumatları götürüblər”, - Balaca Əliyev bildirir.

Bu günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşən şəxslərlə bağlı məsələ müzakirə olunub. Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun 1 avqust 2014-cü il tarixinə olan məlumatına görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4015 nəfərdir. Onlardan 3256 nəfəri hərbçi, 757 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq, 351 nəfər yaşlı şəxsdir. Qadınların sayı isə 254 nəfərdir. Əsir, itkin düşmüş 4015 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Münaqişə müddətində 1409 nəfər əsir və girovluqdan azad edilib. Dövlət Komissiyasına daxil olan materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda öldürüldüyü və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynli isə bildirir ki, məsələyə regional yanaşma var:

“Təkcə Azərbaycandan söhbət getmir. 2008-ci ildən BQXK Dövlət Komissiyası ilə çərçivə müqaviləsi imzalayıb. Müqavilə nəticəsində qeydiyyatda olan bütün itkin düşmüş vətəndaşların ailələrindən ətraflı məlumatların toplanması proqramı həyata keçirilib. Bu işi Dövlət Komissiyası, BQXK və Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin könüllüləri görüblər. Bu proqram digər tərəfdə də gerçəkləşdirilib. Toplanılan məlumatlar xüsusi data-bazaya daxil edilib. Dövlət Komissiyası da həmin data-baza ilə təmin olunub. Proses hazırda da davam edir. Bu məlumatlar gələcəkdə kiminsə şəxsiyyətinin identifikasiyası üçün istifadə olunacaq. Eksqumasiyalar olarsa, tapılan insan qalıqları həmin o data-bazayla uyğunlaşdırıla biləcək”.

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Qarabağ savaşının başlanmasından və atəşkəs sazişinin imzalanmasından çox müddət keçməsinə baxmayaraq, bu gün də doğmalarının sorağı ilə müxtəlif ünvanlara üz tutanların sayı kifayət qədərdir:

“Mənim şəxsi düşüncəmə görə, itkin düşmüş vətəndaşlarımızın taleyinə çoxdan aydınlıq gətirilməli idi. Özü də təkcə münaqişə vəziyyətində olan iki dövlət deyil, eyni zamanda guya sülhyaratma missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu tərəfindən bu yöndə ciddi işlər görülməli idi. Mən başa düşürəm ki, indi bizim bu fikirlərimizə həmin adı çəkilən qurum etiraz edə bilər ki, onların mandatına tamam başqa şeylər daxildir. Amma onların heç bir sahədə uğurları olmadığı kimi, itkin və girov düşmüşlər, əsirlərlə bağlı da faydalı iş əmsalları demək olar ki, sıfıra bərabərdir”.

Vaxtilə əsir və girovların qaytarılması işi ilə məşğul olan beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəsi olmuş Əvəz Həsənovun fikrincə, prezidentlərin əsir və girovların axtarılması işinin tezləşdirilməsi və sistemləşdirilməsi ilə bağlı razılığa gəlməsində ciddi bir yenilik yoxdur:

“İki ölkənin dövlət başçıları arasında keçirilən görüşlər zamanı bir neçə dəfə bu kimi problemlərin həll olunmasına eyham vurulmuşdu. Lakin qəti qərara gəliblərsə, irəliləyişin olacağına inanmaq olar. Ona görə ki, artıq 15 ilə yaxındır münaqişə tərəflərinin əsir və girovlarla işləyən dövlət komissiyaları kifayət qədər faktlar toplaya bilib və öz baza məlumatlarına malikdirlər. Onların arasında bu məsələdə əməkdaşlıq iradəsi olacaqsa, çox qısa müddətdə axtarışlara başlamaq mümkündür. Tərəflərin işi irəliyə aparmaq üçün potensialları mövcuddur. Xüsusən də nəzərə alsaq ki, uzun illərdir tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə itkin düşmüş şəxslərin qohumları ilə iş aparırlar və onların məlumat bazasını formalaşdırırlar, bu, ümumi işə xeyir verəcəkdir”.

“Mənim qardaşım Səfəralı Allahverdi oğlu Səfərov müharibədə itkin düşüb. 1973-cü ildə anadan olub. İtkin düşəndə 18 yaşı vardı. Onu çox axtara bilmədik. Özümüz də Ermənistanın Qafan rayonundanıq. Qaçqın düşdükdən sonra heç imkanımız da olmadı. Ancaq hər bir ana, hər bir bacı istəyər ki, əzizindən bir xəbər alsın. Anam da qardaşımın dərdindən yataq xəstəsi olub. Kim olur-olsun, azərbaycanlı, ya erməni, ya rus, ya yəhudi, fərqi yoxdu, əsirlər, girovlar evlərinə geri qayıtmalıdır”, – Gülçöhrə Abdullayeva deyir.

Hazırda Bakının Sabunçu rayonunda yaşayan G.Abdullayeva qardaşı itkin düşdükdən sonra ailə üzvlərinin onun yoxluğu ilə heç cür barışa bilmədiklərini söyləyir. Onun fikrincə, qardaşı sağ olsaydı, mütləq öz ailəsinə hər hansı bir yolla xəbər yollayardı. Qarşıda gözlənilən məlumat mübadiləsinə isə o, ümid işığı kimi baxır.

“Ermənistanda yaşayan analar ana deyillər? Hamının balası özünə əzizdi. İndi ölüm haqdı. Ölənin məzarına gedib ağlayırsan, acını ağıdırsan. Bizim itkinlərin məzarı belə yoxdu. Ömrün boyu gözün yollarda qalır... Axı biz insanıq...”

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

Комментариев нет:

Отправить комментарий