четверг, 17 июля 2014 г.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir

Torpaqlarımızın ermənilər tərəfindən işğalı nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Ölkədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, bu kateqoriyadan olan soydaşlarımızın hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin nəticəsidir ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev tərəfindən bu istiqamətdə 81 fərman və sərəncam imzalanıb. Həmçinin Nazirlər Kabinetinin 307 qərarı var, Milli Məclis tərəfindən 24 qanun qəbul edilib. Həmçinin ötən dövr ərzində bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən 49 fərman və sərəncam imzalanıb. Eləcə də iki dövlət proqramı və onlara edilən əlavələr təsdiq edilib.


Məcburi köçkünlər arasında yoxsulluq
səviyyəsi 15 faizədək azalıb

Ölkə başçısının yürütdüyü siyasətin təməl prinsiplərindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyev öz çıxışı zamanı bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib: “Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. 2014-cü ildə də bu siyasət davam etdirilir”.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi cari ilin 1 may tarixinə 50 minə yaxın ailə üzvünü əhatə edən 12 229 qaçqın və məcburi köçkün ailəsinə ünvanlı yardım ödənilir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərdən 35 702 nəfərinə sosial müavinət, 3698 nəfərinə təqaüd, 1476 nəfərinə birdəfəlik müavinət ödənilir. Aparılan kompleks işlərin nəticəsi kimi, Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 15 faizədək azalıb”.
Dövlət başçısının diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər var və onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur. Qeyd edək ki, bu istiqamətdə görülən tədbirlərdən biri kimi Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib. Bundan başqa Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib. Bu məqsədlə Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında yerləşən məcburi köçkünlər köçürülüb. Məhəllə, Müşfiqabad qəsəbəsi ərazisində Prezident İlham Əliyevin 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən, inşa olunub. Burada yaşayan məcburi köçkün ailələrindən 320-si Ağdam, 570-i Cəbrayıl, 290-ı Füzuli, 100-ü Zəngilan, 160-ı isə işğal olunmuş digər rayonlardandır. Məhəllənin ərazisi 22 hektardır. Buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Məhəllədə 140 yerlik uşaq bağçası da inşa olunub. Zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması prosesi növbəti illərdə də davam etdiriləcək. Belə layihələrdən biri kimi Qobuda məcburi köçkünlər üçün tikiləcək yeni böyük yaşayış massivində 10 mikrorayon olacaq. Hər bir mikrorayon 9000 nəfər əhali üçün nəzərdə tutulub. Yaşayış massivində ümumilikdə 204 ədəd yaşayış binası tikiləcək. Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə, mədəniyyət müəssisələri, bədən tərbiyəsi və idman qurğuları tikiləcək. Ə. Həsənov qeyd edib ki, tikiləcək yeni yaşayış massivi ən son standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaq. Yaxın 2-4 il ərzində Qobuda tikiləcək yaşayış massivinə 90 min məcburi köçkün köçürüləcək. Komitə sədri onu da bildirib ki, yaxın 2-4 il ərzində Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni böyük yaşayış massivinə köçürüləcək. Onun sözlərinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. Yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir. Komitə sədrinin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin 53%-i, yəni 500 minə qədəri qadındır. Son 20 ildə təkcə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb.

Yeni tikilən
qəsəbələrdə Gənclər evi inşa edilməlidir
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov isə bildirdi ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yaranan 1 milyondandan artıq qaçqın və məcburi köçkünlərin problemi əsas prioritet istiqamətlərindən biri kimi qalmaqdadır: “Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində imzaladığı fərman və sərəncamlar, həyata keçirilən layihələr, qaçqınların və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun artırılması üzrə dövlət proqramının icrası məqsədilə salınan yeni, müasir yaşayış kompleksləri və s. onu deməyə əsas verir ki, bu sahədə işlər uğurla davam etdirilməkdədir. Məcburi köçkünlərin, istifadə etdiyi kommunal xərclərin dövlət tərəfindən ödənilməsi, onlara aylıq müavinətlərin verilməsi, məcburi köçkün tələbələrin dövlət ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqından azad olmaları və.s bu təbəqənin insanlarına diqqət və qayğının bariz nümunəsidir”. V.Qədirovun sözlərinə görə, istər qaçqın və məcburi köçkünlərin, istərsə də əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan digər təbəqələrin problemlərinin həlli istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir: “Amma sirr deyil ki, bu sahədə həllini gözləyən problemlər hələ də qalmaqdadır. 1-ci məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin aradan qaldırılması istiqamətində işlər başa çatmayıb, bu işlər dövlətin prioriteti olaraq qalmaqdadır. Şəhid ailələrinə, müharibə və digər kateqoriyadan olan əlillərə, valideyn himayəsindən məhrum olan uşaqlara, kimsəsizlərə, qocalara və s. dövlət tərəfindən göstərilən qayğı prioritet olaraq qalır və hər il yeni proqramlar və layihələr həyata keçirilir.
Bu istiqamətdə müxtəlif sahəvi QHT-lərlə istər Milli Məclis, istərsə də müxtəlif dövlət və hökumət orqanlarının qarşısında təkliflərlə çıxış edirik. Belə ki, gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması(ipoteka kreditlərinin sadələşdirilməsi və s.) yeni iş yerlərinin açılması, yeni tikilən qəsəbələrdə Gənclər evlərinin inşası, və.s əsas prioritetlərdəndir”.
O da vurğulandı ki, bu gün onlar istər, dövlətqaçqınkoma, istər Gənclər və İdman Nazirliyinə yeni təkliflər hazırlayır. Bu təkliflər arasında gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı və yaradıcı gənclərə məskunlaşdıqları ərazilərdə tikilən qəsəbələrdə şərait yaradılması və idman zallarının tikilməsi və s. var. Mövcud problemlərə gəldikdə isə bildirildi ki, məcburi köçkünlərin səhiyyə problemlərinin həlli istiqamətində qarşıya çıxan problemlər, bir sıra xəstəxanalarda məcburi köçkünlərə edilən güzəştlərə əməl edilməməsi, şəhid ailələrinə, valideyn himayəsindən məhrum olan tələbələrə bəzi təhsil müəssisələrində göstərilən ögey münasibət və s. kimi amillər aradan qaldırılmalıdır.
Beləliklə, bu gün qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Ölkə başçısı da bildirib ki, gün gələcək biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və ondan sonra dağıdılmış şəhərləri yenidən quracağıq, bərpa edəcəyik: “Azərbaycanlılar öz doğma torpaqlarında yaşayacaqlar, yaşamalıdırlar. Bununla bərabər, biz soydaşlarımız üçün müvəqqəti olaraq belə gözəl binalar tikirik. Ancaq bu, müvəqqəti yaşayış yeridir. Bu yerlərdə hələ ki, siz yaşamalısınız və müvəqqəti də olsa şərait yaxşı olmalıdır”.
Nigar Abdullayeva

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar Elan etdiyi müsabiqəyə təqdim etmək üçün”
http://palitranews.az/news.php?id=24206
 

Комментариев нет:

Отправить комментарий