четверг, 13 ноября 2014 г.

Avropa və ABŞ Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırır

Çərşənbə günü Azərbaycan hava məkanını pozduğunu dediyi və "Ermənistan Respublikası Silahlı Qüvvələrinə" məxsus hərbi helikopteri vurduqdan sonra beynəlxalq qurumlar hər iki tərəfi təmkinli olmağa çağırıblar.
Münaqişənin həllində vasitəçi olan Minsk Qrupu Həmsədrləri təmas xəttində helikopterin vurulması barədə "çox ciddi narahatlıq" keçirdiyini bildirib. "Həmsədrlər bu insidentə səbəb olan hadisələr barədə dərin narahatdırlar", bəyanatda deyilir.
Amerikalı həmsədr James Warlick isə öz Twitter səhifəsində yazıb: "Dağlıq Qarabağda daha geniş münaqişə heç kimin marağında deyil. Tərəflər vəziyyətin gərginləşməsinə imkan verməməli və müharibədən bir variant kimi imtina etməlidirlər".

Avropa İttifaqının Xarici Siyasət üzrə xidmətinin bəyanatında isə hər iki tərəfin təmkinli olmasına və insidentin araşdırılmasına çağırıb. "Avropa İttifaqı təkrar edir ki, ATƏT Minsk Qrupunu və üç Həmsədri tam şəkildə dəstəkləyir. Hər iki tərəf atəşkəsə qəti surətdə hörmət etməlidir", bəyanatda deyilir.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, işğal olunmuş ərazilərin üzərindəki hava məkanı "uçuşlar üçün bağlı" elan edib, bu barədə beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini məlumatlandırıb.
"Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır", XİN bəyanatında deyilir.
"Bu gün biz atəşkəsin yenidən pozulmasının şahidi olduq. Helikopterin məhv edilməsi zorakılığın təhükəli təzahürüdür”, - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.
Hadisə barədə məlumat yayılandan az sonra ATƏT-in baş katibi hadisə ilə bağlı bəyanat yayıb. "Dağlıq Qarabağda erməni hərbi vertolyotunun vurulması bu dondurulmuş münaqişənin daha da gərginləşməsinə gətirə bilər", Lamberto Zannier deyib.
Çərşənbə günü təyyarənin vurulması nəticəsində üç pilotun öldüyü və vertolyotun yandığı bildirilir. Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), James Warlick (ABŞ) və Pierre Andrieu (Fransa) yaydıqları bəyanatda ölənlərin ailələrinə başsağlığı verib.
Azərbaycan Müdafiə Nazirliyinin saytındakı məlumatda deyilir ki, "Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib".
"Bu, hadisələrin gözlənilməz eskalasiyasıdır və Azərbaycan üçün nəticələr ağır olacaq", Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan bəyan edib.
"Vertolyotun qalıqlarının öyrənilməsi onun göyərtəsində silahın olmadığını təsdiq etmək imkanı verəcək. Azərbaycan tərəfindən vəziyyətin gərginləşdirilməsi hətta vertolyot düşdükdən sonra davam edib", Artsun Hovhannisyan Facebook səhifəsində yazıb. "Bundan əlavə, Azərbaycan tərəfi atəşi davam etdirərək pilotlara yaxınlaşmağa imkan verməyib".
Hadisə noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində baş verib, saytda yazılıb. Tanınmamış "Dağlıq Qarabağ Respublikası" Mi-24 helikopterinin vurulduğunu təsdiqləyib. Hadisənin baş verdiyi ərazinin Azərbaycan və Erməni qoşunlarının təmas xəttinə yaxın olduğunu bildirilir.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/11/141113_azerbaijan_armenia_statements


Комментариев нет:

Отправить комментарий