воскресенье, 5 апреля 2015 г.

Əvəz Həsənov: “Sonuncu yol girovluqdakı vətəndaşları millətin yolunda özünü fəda vermiş insanlar elan edib, onları rəmzə çevirməkdir” - MÜSAHİBƏ

Azərbaycan son aylarda erməni girovluğuna düşən vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ ki, xilas edə bilmədi. Uydurma “DQR” də qurulan məhkəmə məzhəkəsində onlara müvafiq olar ömürlük və 22 il həbs oxundu. Bəzi ekspertlərimiz bu məsələdə hökuməti ittiham edərək vurğulayır ki, əslində girovlarımızla bağlı zamanında adekvat addımlar atılsaydı, onları tezliklə azad etmək olardı. Lakin göründüyü kimi belə olmadı. İndi düşündürücü məqamlardan biri də budur ki, bundan sonra necə, onları xilas etmək üçün çıxış yolları varmı?


Bu və ya digər mövzularda Deyerler.org-un suallarını hazırda Tiflis səfərində olanhüquq müdafiəçisi, Əsir və Girovların azad olunması üzrə Almaniyada yerləşən Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov cavablandırır.
-  Vaxtaşırı Qarabağ münaqişəsinə dair açıqlamalarınız, bəzən də ATƏT rəsmiləri barəsində ümidli çıxışlarınız olur. Uzun illərdir bu sahədə işləyən Minsk Qrupunun bu məsələninn həllində nəsə edəcəyinə inanırsınızmı?
- Minsk Qrupunun (MQ) fəaliyyətini son zamanlar hamı tənqid etməyə meylli olduğu halda, mən real vəziyyəti başqa cür dəyərləndirməyə cəhd edirdim. Əsas ideyam bundan ibarət idi ki, “bu format Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hamının qəbul etdiyi formatdır, istəsək də, istəməsək də onun mandatı qəbul olunub. Gəlin bu format çərçivəsində bütün resursları sınayaq və sonra onun dəyişməsini tələb edək. Qəribə olsa da, bəlli olur ki, MQ münaqişə ilə bağlı bütün mümkün variantları təqdim etmiş və tərəflərdən real addımlar gözləyir. Deməli “top” tərəflərin meydançasındadır. İndi sülhə nail olmağa mane olan tərəfi “məcbur etmək” lazımdır ki, o prosesi pozmasın. O üzdən, mən ümidli təkliflərlə çıxış edirəm.
-  Girovluqdakı azərbaycanılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bir müddət əvvəl, hələ onlar barəsində məhkəmə hökmü verilməmiş belə bir açıqlamanız olub: “Bizim girovluqda məhkum olunan vətəndaşlarımız ilə bağlı dediklərimi əvvəldən eşidən olsaydı, prosesin gedişində çox şeyi biz diktə edə bilərdik. İndi gecikdik. Bu istiqamətdə edilən bütün patriotik bəyanatların üzərinə də su ələnməkdədir. Praqmatik olun, düzgün nəticə çıxarmaq vətən üçün əsassız millətçi olmaqdan daha sərfəlidir”. “Dediklərim” deyərkən nəyi nəzərdə tutursunuz və biz niyə gecikdik?
- Təəssüf hissi ilə demək istəyirəm ki, girovlarla bağlı bizim etdiklərimiz onlara zamanında az təsir etdi. Təbii ki, dövlət bütün siyasi səviyyələrdə onların azad olunmasını tələb edir. Bütün beynəlxalq təşkilatlardan onların azad olunmasına yardımçı olmalarını istəyir. Amma, onların Dağlıq Qarabağda “məhkəməsi” qurulub. Beynəlxalq ictimaiyyətə nümayiş etdirdilər ki, “baxın, biz sivil məhkəmə qurduq və onları mühakimə etdik”. O zaman bizim dövlət onlara bir neçə beynəlxalq vəkil tutsaydı, ermənilərin həmin məhkəməsini faş edərdik. Onsuz da hamıya aydın idi ki, onlar məhkəmə şousunu sona çatdıracaqlar.
-   Artıq Dilqəm və Şahbaza hökm oxunub, indi onlarla bağlı vəziyyəti necə şərh edərdiniz? Niyə biz bir iş görə bilmədik? Onlar üçün ümid yeri varmı?
- Ermənilər onları qondarma “Dağlıq Qarabağ Respublikasının” qanunları ilə mühakimə etdiklərini israr edirlər. Onlar deyirlər ki, hər iki şəxs uydurma “DQ” ərazisində cinayət törədiblər və cəzalarını alacaqlar. İndi məhkəmə oyunu qurtardı. Ya onlara əfv ərizəsi yazdırıb humanist addım kimi azad edəcəklər və bununla da uydurma “DQ”də “sivil bir cəmiyyət”in olduğunu göstərəcəklər, ya da Rusiyanın təsiri ilə azad edib Rusiya tərəfindən xal qazanacaqlar. Başqa ümid yeri görmürəm.
-  Hazırkı vəziyyətlə bağlı yenə hər hansı təşklifləriniz varmı?
- Ölkə öz vətəndaşlarına sahib çıxmalıdır. Onun bir yolu beynəlxalq təşkilatlar vasitəsilə onların azad olunmasına nail olmaq, əvəzində nəyisə vəd vermək. Başqa bir yolu Azərbaycan ictimaiyyəti adından uydurma “DQ rəhbərliyi”nə barışdırıcı ismarıclar göndərib, onları humanist olmalarına inandırmaq ki, girovları azad etsinlər. Sonuncu yol isə həmin vətəndaşları millətin yolunda özünü fəda vermiş insanlar elan edib, onları rəmzə çevirməkdir. Bütün bu yollardan münaqişə tərəfləri girov götürülmüş insanları azad edərkən istifadə etmişlər.
-   Girovluqda olan digər vətəndaşlarımızla bağlı nə deyə bilərsiniz?
- Onların axtarışı və taleləri ilə bağlı məlumatların dəqiqləşdirilməsinə ehtiyac vardır. Döyüşlərin getdiyi ərazilərin araşdırılması, hərbi arxivlərin təftiş olunması, insanların yaddaşlarının bir daha sənədləşdirilməsi gələcəkdə onların taleyinə aydınlıq gətirər.
-   Hazırda QHT sektorunun vəziyyətini necə qiymətləndirirsiniz?
- QHT sektoru ilə bağlı məsələdə o qədər də optimist deyiləm. Biz durğunluq dövrünü yaşayırıq. İndiyə kimi qurduqlarımız bir günün içində əlimizdən getdi. On illərlə yetişdirdiyimiz kadrlarımız əlimizdən çıxdı, özlərinə iş axtarmağa getdilər. Beynəlxalq donorlar ölkədən getdi, Azərbaycanda işə ümidləri azaldı. İllərlə qurduğumuz partnyorluq ənənəsi birdən-birə dağıldı. İndi hökumət QHT-lərə dövlət yardımını artırmaq istəyir. Bu təqdirəlayiqdir. Amma dövlətin QHT-lərin tələbatlarını ödəyəcək layihələri maliyyələşdirməyə gücü çatacaqmı? Xeyr! O üzdən də vəziyyət beləcə qeyri-müəyyəndir.
-   Deyirsiz ki, “biz də daxili imkanlar hesabına vətəndaş cəmiyyətini inkişaf etdiririk”. Sirr deyilsə, hal-hazırda hansı inkişaflar var?
- Daha çox öz təşkilatımızın timsalında bu sözləri yazmışdım. Doğrudan da kənardan təşkilat üçün maliyyə almaq dayanıb. Ancaq mən ekspert kimi öz fəaliyyətimi davam etdirirəm. Bu il mənim ən çox səfərdə olduğum il oldu. Təbii ki, bir ekspert kimi əvvəllər həmin tədbirlərdə məsləhət və çıxışım üçün pul almasam da, indi almağa maraqlıydım.  Qazandığım vəsait ilə təşkilatın tam məhv olmamasına nail olduq. Eyni zamanda Vətəndaş Cəmiyyətinin müdafiəsinə qalxdıq. Vətəndaş Cəmiyyətinin mövcud problemlərini xaricdəki tədbirlərdə səsləndirdik, onların həll olunması üçün işlər qurduq, beynəlxalq təşkilatları Azərbaycan hakimiyyəti ilə əlaqələrini davam etdirməyə təşviq etdik. Həbs olunanlar, hesabı bağlanan kolleqlarımız ilə vəziyyətin araşdırılması üçün hakimiyyətlə danışıqlara ara vermədik. Lakin Azərbaycan hakimiyyətini inandırmaq çox çətindir. Onların QHT-lərə təzyiqlərinin də öz arqumenti var. Nəzərə almaq lazımdır ki, bütün postsovet ölkələrində bu təzyiqlər artmaqdadır.
-  Gənclik dövründə əsas hüquq-müdafiə təcrübələrinizin xeyli hissəsini Rusiyada qazanmısınız. İndi Rusiyadakı hüquq-müdafiə işlərinin durumunu necə qiymətləndirərdiniz? Azərbaycan və Rusiya arasında bu mənada nə kimi fərqlər var?
- Daha çox Rusiyanın məşhur hüquq müdafiəçiləri ilə əməkdaşlıqdan bu təcrübəni qazana bilmişik. Vaxtlə rusiyalı hüquq müdafiəçiləri imperiyadan qurtulan dövlətlərin vətəndaş cəmiyyətlərinə nümunə olacaq fəaliyyətlər göstərmişlər. Onların həm maddi, həm də kadr bazası çox güclü idi. Bizim onlarla rəqabət aparacaq potensialımız yoxdur. İndi Putin hakimiyyəti də onların imkanlarını azaldıb. Maliyyə və fəaliyyət dairələri məhdudlaşıb, onların Rusiya cəmiyyətinin gözündən salınması üçün qara piar öz işini görür. Nəzərə almaq lazımdır ki, hüquq müdafiəçisi bütün dövlətlərdə dissident obrazına malik insanlardır. Onlar güclü intellektual potensiala malik olmalarına baxmayaraq, çox sadə dolanırlar, təmkinli, geniş dairəyə malik insanlardırlar, əhali və dövlət strukturları ilə münasibətləri çox peşəkar şəkildə qurulub. Orada hüquq müdafiə işinin 25 illik tarixi ənənəsi var.
Təəssüf ki, Azərbaycanda bu sabitliyə nail ola bilmədik. Hüquq müdafiəçiləri arasında münaqişə heç vaxt bitmədi. Onlar arasında “Yaşlı” və “Cavan” nəsil mübarizəsi davam etdi. Hətta əhatə dairələri uğrunda mübarizəyə girişdilər, insanların inamı lazım olan qədər olmadı, hakimiyyətlə insanların hüquqlarının təmin olunması istiqamətində iş ürəkaçan olmadı, güclü və emosiyasız hesabatlar yazmaq təcrübəsi yaranmadı. Bütün bu səbəbdən də Azərbaycanda hüquq müdafiəsi işi zəiflədi.


http://deyerler.org/250317-zhvjz-hjsjnov-vsonuncu-yol-girovluqdakd-vjtjndaelard-milljtin-yolunda-gzgng-fjda-vermie-insanlar-elan-edib-onlard-rjmzj-gevirmjkdirv-mgsahdbzh.html#.VRwak4R-RT8.facebook

Комментариев нет:

Отправить комментарий