вторник, 17 марта 2015 г.

Azərbaycanda islahatlar "mütləq keçirilməlidir"

Dünya bazarında neft qiymətlərinin uzun müddət aşağı qalması iqtisadiyyatı neftdən asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda büdcə xərclərinə yenidən baxılmasını gündəmə gətirib.
Bu isə, öz növbəsində, xərclərin səmərəliliyi və struktur islahatlarının aparılması barədə yeni suallar ortaya qoyur.
BBC Azərbaycancaya danışan təhlilçilər yeni sualların cavabı kimi dövlət qurumlarının sayının azaldılmasını labüd hesab edirlər.
Millət vəkili Vahid Əhmədov deyir ki, Azərbaycanda struktur islahatları "mütləq" keçirilməlidir.
"... Dövlət büdcəsindən maliyyələşən nazirliklərin, komitələrin, şirkətlərin sayı həddən artıq çoxdur. Bunları kəskin azaltmağa ehtiyac var...bilirsiniz, dünyada neftin qiyməti kəskin aşağı düşüb, dövlət büdcəsinə daxilolmalarda problemlər var. Müəyyən qurumlar ya birləşdirilməli, ya da tamamilə ləğv edilməlidir", - cənab Əhmədov deyir.

İndiyə qədər aparılan islahatlardan danışan millət vəkilinin sözlərinə görə, struktur islahatları birbaşa Azərbaycanın dövlət başçısının səlahiyyətində olan məsələdir və bütün islahatlara o rəhbərlik edir.
Lakin Milli Məclis hökümətin belə qərarlarını müzakirə edə və məsləhət verə bilər.
"Elə bu yaxınlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Azərenerjinin səlahiyyətləri alındı və “Azərİşıq” adlı böyük birlik yaradıldı", cənab Əhmədov bildirib.
Həmçinin, Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində idi, sonralar əlaqələr genişləndiyindən belə bir xidmət yaradılıb.
Bundan başqa Əmlak Komitəsi yaranmazdan əvvəl onun funksiyasını İqtisadi İnkişaf Nazirliyinin tərkibində olan bir qurum yerinə yetirirdi.
“Elə indi də Əmlak Komitəsi kimi bir qurumun saxlanmasına o qədər ehtiyac yoxdur. Onu İqtisadi İnkişaf Nazirliyinə birləşdirmək olar.”
Lakin onun sözlərinə görə, islahatlardan əvvəl tədqiqatlar, analizlər aparılmalıdır. Çünki, islahatlar elə aparılmalıdır ki, onların nəticəsində Azərbaycanın dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun və təkrarlama prosesi aradan qalxsın.
Sabiq deputat, iqtisadçı Nazim Məmmədov isə, qonşu ölkələrin islahat təcrübəsini misal gətirir.
"Ağır yük"
Ukrayna, Polşa və Gürcüstanda Nazirlər Kabineti 20-dək dövlət strukturunu əhatə edir. Azərbaycanda isə Nazirlər Kabinetində 40-dan artıq qurum var - bir baş nazir, altı müavin, iyirmiyə yaxın nazirlik, 15-16 dövlət komitəsi və mərkəzi icra hakimiyyəti orqanları – o deyir.
“Bu qədər böyük bir makina təbii ki, balaca bir iqtisadiyyat üçün ağır bir yükdür. İlk növbədə, Nazirlər Kabinetinin bu strukturuna əl gəzdirmək lazımdır”, - cənab Məmmədov deyir.
Onun sözlərinə görə, islahata cəlb ediləsi qurumlardan biri Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti ola bilər. Çünki, "yüz milyonlarla manat vəsait bu səhmdar cəmiyyətə dövlət investisiyası olaraq verilir, həənd ki, torpaqlarıının şoranlaşması davam edir və o torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılır."
Lakin bunu qurumu Kənd Təsərrüfatı Nazirliyi ilə birgə ləğv edərək yeni bir qurumda birləşdirmək lazımdır.
O, Sosial Müdafiə Fondunun ləğv edilərək Əmək və Sosial Müdafiə Nazirliyinə verilməsinin də tərəfdarıdır.
“Çünki bu qurum özü-özünü maliyyələşdirmir. Mən müşahidə aparmışam. Bu qurum 2006-cı ildə dövlət büdcəsindən 275 min manat dotasiya alırdı, indi onun aldığı dotasiya 1 milyard manatdan yuxarıdır. Əslində isə bu qurum özü özünü maliyyələşdirməlidir".
Vergilər
"Əmək haqqından Sosial Müdafiə Fonduna 25 faiz vergi tutulur. Bura 14 faizlik gəlir vergisini də əlavə edəndə ümumilikdə 39 faiz edir. Qonşu Gürcüstanda da əvvəllər belə idi. Bir neçə il əvvəl bu vergiləri birləşdirərək “sosial vergi” adı ilə 20 faiz müəyyən ediblər", Nazim Məmmədv deyir.
Cənab Məmmədov bildirib ki, nəticədə indi Gürcüstanda büdcə gəlirlərinin 94 faizi vergilər hesabına formalaşır. Azərbaycanda bu göstərici 36 faizdir.
Nazim Məmmədovun sözlərinə görə, belə islahatları yeni kadrlar həyata keçirməlidir, nəinki "Sovet İttifaqından qalmış planlı iqtisadiyyatda çalışanlar" yox.
Nazim Məmmədov hesab edir ki, Azərbaycan bir neft ölkəsi olaraq “tənbəlləşməkdən çıxmalı”, daha mobil iqtisadi siyasət yürütməli, dövlət özünün özəl sektora müdaxiləsini aradan qaldırmalı, hökumət özəl sektora dəstəyi daha da artırmalıdır.
Onun sözlərinə görə, Prezident Əliyev “həmişə bu dəstəyi nümayiş etdirir, bu barədə danışır”.
Lakin onun qənaətinə görə, bu, deklarasiyadan o yana keçmir.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/03/150316_azerbaijan_bureaucratic_reforms

Комментариев нет:

Отправить комментарий