Azərbaycan Rusiyanın Beeline telekommunikasiya şirkətini
Dağlıq Qarabağ ərazisində fəaliyyəti ilə Beynəlxalq Telekommunikasiya
İttifaqının qayda və təlimatlarını ciddi şəkildə pozmaqda günahlandırır.
Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın
Beeline şirkətinin artıq uzun müddət ərzində Azərbaycan Respublikasının işğal
olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən Karabakh Telecom ilə əməkdaşlığı
ciddi narahatlıq doğurduğunu bildirib.
“Rəsmi
diplomatik kanallar vasitəsilə Beeline şirkətinə dəfələrlə müraciətlər olunsa
da, Beeline bu fəaliyyətini dayandırmayıb. Bu yaxınlarda Beeline tərəfindən təqdim
edilən Ryadom proqramı isə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə
daha da asanlaşdırılmış və ucuz formada zənglərin edilməsini nəzərdə tutur”, -
deyə Azərbaycan XİN sözçüsü qeyd edib.
Beeline
şirkəti isə Ermənistanın ArmenTel mobil şirkəti ilə Beeline-Ermənistan layihəsi
çərçivəsində əməkdaşlıq etdiyini və Karabakh Telecom mobil operatoru ilə əməkdaşlığın
ArmenTel abunəçiləri üçün olduğunu bildirib.
“Mobil
operator olaraq Beeline şirkəti bütün abonentlərinə münasib taariflərlə fərqli
xidmətlər təqdim etməyə çalışır. Hər bir abonent isə şəxsi marağına uyğun şəkildə
istifadə edəcəyi mobil operatoru seçmək hüququna malikdir”, - APA-nın sorğusuna
şirkətin cavabında deyilir.
Azərbaycan XİN sözçüsünün sözlərinə görə, Beeline tərəfindən
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində
qeyri-qanuni fəaliyyət göstərən Karabakh Telecom ilə əməkdaşlığı Azərbaycan
Respublikasının telekommunikasiya məkanına qanunsuz müdaxilə və nəticə etibarilə,
Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin pozulması deməkdir.
Rusiya
şirkətinin “bu kimi fəaliyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyən
və hörmət edən Rusiya Federasiyasının rəsmi mövqeyinə də ziddir”, deyib Azərbaycan
XİN rəsmisi.
Hikmət
Hacıyev Beeline-nın bu kimi fəaliyyətinin, biznes etikası və korporativ sosial
məsuliyyət baxımdan, onun mobil rabitə xidmətlərindən istifadə edən azərbaycanlı
müştərilərə münasibətdə “hörmətsizlik” kimi qiymətləndirib.
O,
Beeline ilə əlaqədar olan məsələnin Beynəlxalq Telekommunikasiya İttifaqı və
digər müvafiq beynəlxalq təşkilatlar çərçivəsində də müzakirəyə çıxarılacağını
bəyan edib.
Beeline Ermənistanda 2006-cı ildən fəaliyyət
göstərir. Həmin il Rusiyanın VimpelСom şirkəti ArmenTel Ermənistan telekommunikasiya şirkətini alıb və
Beeline ticarət nişanı altında rabitə xidmətləri təqdim etməyə başlayıb.
Dağlıq Qarabağ ərazisində fəaliyyət
göstərən yeganə mobil rabitə operatoru Karabakh Telecom-dur və Beeline-nın
Qarabağda heç bir fəaliyyəti yoxdur, media nümayəndələrinə tanınmamış Dağlıq
Qarabağ Respublikası hökumətinin mətbuat katibi Artak Beqlaryan bildirib.
“Başqa ölkələr kimi, rouminq vasitəsilə
Karabakh Telecom-un əhatə etdiyi məkanda Ermənistanda fəaliyyət göstərən
VivaCell, Orange və ArmenTel operatorlarının mobil telefon nömrələrinə də zəng
etmək mümkündür. Başqa əməkdaşlıq yoxdur, - o deyib.
http://www.bbc.co.uk/azeri/region/2015/04/150415_karabakh_telecom_baku_protest
Комментариев нет:
Отправить комментарий