четверг, 12 февраля 2015 г.

Əvəz Həsənov: “Heydər Əliyev əlimi sıxıb dayandı və...”

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Bu günün təsis olunması prosesinin şahidlərindən biri Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov həmin tarixi günü xatırlayır. Bugun.az Əvəz Həsənovun xatirələrini təqdim edir.
Azərbaycanda Gənclər gününün təsis olunduğu zaman və məkanı yaxşı xatırlayıram. 1996-cı il Respublika Sarayında mərhum prezident Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin 1-ci ümumrespublika forumu keçirildi və ölkənin aparıcı siyasi partiyalarının gənclər qurumları və müstəqil gənclər təşkilatlarının rəhbərləri bu foruma qatıldılar. 8 saat ərzində ölkə televiziyası ilə birbaşa yayımlandı. Bütün aparıcı təşkilatların rəhbərlərinə çıxış üçün söz verildi. H.Əliyevin 2 saatlıq çıxışı oldu.


Doğrudan da bu tarixi bir hadisə idi. İlk dəfə idi ki, gənclərin problemləri bu qədər diqqət mərkəzinə gətirilirdi. İlk dəfə idi ki, gənclər 8 saat ərzində bütün dövlət məmurları ilə təmasda idilər. Forumun fasilələrində o zamankı baş nazir, milli məclisin spikerindən tutmuş əlaqədar nazirlər gənclərlə görüşüb onlarla fikir mübadiləsi aparırdı.
Ondan bir il sonra isə prezident sarayında H.Əliyev forumda çıxış edən bizləri qəbul etdi. Bizi prezidentə təqdim edəndə H.Əliyev tanış olduğu hər kəsə nəsə bir söz deyirdi. Növbə mənə çatanda H.Əliyev əlimi sıxıb dayandı və dedi: “Yadımdadır, sənin gənclərlə bağlı çıxışın. Sən, Zərdüştün partiyasının gənclər təşkilatından çıxış etdin”.  Çıxışım 1-ci forumda başqa çıxışlara nisbətən daha sərt olduğundan bizi prezidentə təqdim edənlər mənə bu sözdən sonra dəyirmi masanın arxasında deyil, kameraların arxasında oturmağa yer göstərdilər. Bundan sonra forumun nəticələrindən irəli gələn yeni çıxışlar oldu. Adını çəkmək istəmirəm, bir gənclər təşkilatının rəhbəri Azərbaycanlıların Rusiyaya miqrasiyasından çıxış edirdi. O çıxışında bəzi qeyri-dəqiq rəqəmlər işlədəndə H.Əliyev onun sözünü 3 dəfə kəsdi, hər dəfə isə gözü zalda kimisə axtarırdı. Bu arada zaldan bir note aldım: “Deyəsən, prezident səni axtarır, sənin çıxışına qulaq asmaq istəyir”.
Beləcə, 18 il bundan əvvəl keçən gənclər forumu Gənclər gününün əsasını qoydu. İndi həmin gənclərin çoxu gənclik dövrünü arxada qoyub, ailə, iş sahibi olub və öz arzularını reallaşdırırlar. Onların çoxunda yeniliyə inam və sovet boyunduruğundan xilas olmaq istəyi var idi. O nəsil gənclər çətin şəraitdə olsalar da buna nail ola bildilər. Lakin bu arada 1987-ci il təvəllüdlü bir qız mənə məruzələrimin birində “sovet dövründə həyat indikindən daha maraqlı idi” deməsi və yaşamadığı bir dövrü tərif etməsi bir daha göstərir ki, gənclərimizin keçmişdən dərsləri sadəcə valideynlərinin nostalji hissləri üzərində qurulması təəssüf hissi doğurur. Gənclər gələcəyi öyrənmə və gələcəklə yaşamağa inamlı olmalıdır. Gənclik gələcəyi görməli, yenilikçi, kreativ və barışmaz olmalıdır. Yaradıcı, inamla addımlamağı bacaran, öyrənməyi əsas kredosu etməyi bacaran olmalıdır. İndi mən yaşıma baxanda deyirəm “Sizin yaşınızda olsaydım, tamam başqa və daha yaxşı olardım, çünki, bizim gəncliyimiz müharibənin və dağıntıların qurbanı oldu, siz isə texniki proqres dövründə gəncliyinizi yaşayırsınız”.


http://bugun.az/index.php?page=news&category=13&id=39776

Комментариев нет:

Отправить комментарий