среда, 18 февраля 2015 г.

“Azərbaycanda inqilabdan söhbət gedə bilməz”

Dövlət katibinin müavini Viktoriya Nuland Bakı səfərində mühüm bəyanatlar verdi; ABŞ-la Azərbaycan arasında ikitərəfli strukturun yaradılması barədə razılıq əldə olundu

Xəbər verildiyi kimi, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland dekabrın 16-da axşam saatlarında Bakıya gəlib. Onu Bakı hava limanında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qarşılayıb.

Amerikalı diplomat Bakıda prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşüb. Danışıqların yekunları ilə bağlı ABŞ səfirliyində keçirilən brifinqdə diplomat təmaslardan razılığını ifadə edib. “Prezident Əliyev və nazir Məmmədyarovla çox yaxşı, məzmunlu və səmimi görüşlərimiz oldu.
Bu görüşlərdə mənim əsas mesajım o oldu ki, biz Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndiririk. Biz onu daha da güclü, daha demokratik və müstəqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik, demokratiya sahəsini mümkün qədər daha da gücləndirmək istəyirik” deyə, Nuland bildirib. O, əməkdaşlığın digər prioritetləri arasında ekstremizmə və terrorizmə qarşı mübarizəni göstərib. 

Bu çərçivədə ABŞ Azərbaycanın güc strukturlarına dəstəyini davam etdirəcək. “Biz həmçinin qeyri-neft sektorunun və iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan iqtisadiyyatının diversifikasiyasından danışdıq. Bu gün prezident korrupsiyaya qarşı mübarizədə qətiyyətli olduğunu bildirdi. Çünki korrupsiya demokratiyanın qatilidir və xarici investisiyaların qarşısını alır. Biz bu istiqamətdə birgə səyləri davam etdirməyə razılıq verdik” deyə, Nuland qeyd edib.

Virtualaz.org saytı “İnterfaks”a istinadən xəbər verir ki, Nuland Birləşmiş Ştatlarla Azərbaycan arasında yeni danışıqlar formatına dair razılıq əldə olunduğunu açıqlayıb. “Bu gün bizə effektiv strukturlaşdırılmış dialoq lazımdır. Mən çox şadam ki, prezident İlham Əliyev bu cür dialoq formatının yaradılmasına razılıq verdi” deyə, diplomat bildirib. Diplomat əlavə edib ki, bu, ABŞ-la Azərbaycan arasında ikitərəfli struktur olacaq və Azərbaycanla Avropa Şurası arasında analoji təşəbbüslə paralel işləyəcək.

Səfər çərçivəsində həmsədrlərlə də görüş baş tutub. Danışıqlarda Qarabağ nizamlanması məsələsinə də toxunulub. “Biz münaqişə zonasında zorakılığın artmasından çox narahatıq və mən bu mövzunu Ermənistanda da davam etdirəcəm. Çünki vəziyyətə görə hər iki tərəf məsuliyyət daşıyır” deyə, Nuland vurğulayıb. Cəbhə xəttində gərginliklə bağlı sualın cavabında dövlət katibinin köməkçisi deyib ki, o, Bakıda atəşkəsə əməl olunmasının vacibliyi barədə öz fikrini bildirib və bu fikri Ermənistanda da bildirəcək. Azərbaycanlı girovlara gəlincə, Nuland deyib ki, onlar humanitar baxımdan qaytarılmalıdır və bu məsələni sabah İrəvanda qaldıracaq.

V.Nuland demokratiya məsələlərinin də danışıqların predmeti olduğunu bildirib: “Biz, əlbəttə, demokratiya və insan hüquqlarından da danışdıq. Hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir və ABŞ bunu dəstəkləyir. 

Bu gün biz ABŞ-ın bu məsələ ilə bağlı narahatlığından, insan haqlarının vəziyyəti və KİV problemlərindən də danışdıq. Bu mövzuda məsləhətləşmələri davam etdirmək, vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığa gəldik. Söhbət Avropa Şurası strukturları ilə paralel işləyəcək ikitərəfli qurumun yaradılmasından gedir”. O əlavə edib ki, Fulbrayt, Ayreks, Fleks proqramları çərçivəsində şagird mübadiləsinin gücləndirilməsi barədə razılıq var. 

Viktoriya Nuland səfər zamang vətəndaş cəmiyyətinin təmsilzilərinə də vaxt ayırıb - 20 dəqiqə. Nuland jurnalist Elçin Şıxlı, Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli və NİDA Hərəkatından Turqut Qəmbərlə görüşüb.

Mehriban Rəhimli AzadlıqRadiosuna deyib ki, görüşdə vətəndaş toplumunun problemlərindən danışıblar, ancaq bu haqda mətbuata geniş məlumat verə bilməz.

Elçin Şıxlı AzadlıqRadiosuna görüş haqda bunları söyləyib: “O, prezidentlə görüşdən sonra bizimlə danışdı. Xüsusi müzakirə olmadı. Vaxt çox az idi. Ancaq Viktoriya Nuland dedi ki, prezidentlə insan haqları, demokratiya məsələlərini, regional problemləri müzakirə ediblər. Təəssürat budur ki, bizimlə işləmək istəyirlər, işləyəcəklər də yəqin...”

“Turan”ın “Azərbaycanda ”rəngli inqilab"ların hazırlanması ilə bağlı Vaşinqtonun ünvanına səslənən ittihamları ABŞ necə qiymətləndirir" sualının cavabında Nuland deyib ki, inqilab o zaman mümkündür ki, hökumət, vətəndaş cəmiyyəti və sadə insanlar arasında dialoq olmasın. Qapılar bağlıdır və hakimiyyət problemləri eşitmir, onları müzakirə etmək istəmir. “Məhz bundan ötrü biz hakimiyyətlə vətəndaş cəmiyyəti arasında güclü dialoqa tərəfdarıq ki, mövcud problemlər həllini tapsın”, - deyə, Nuland bildirib. Nuland qeyd edib ki, bu cür vəziyyətdə inqilaba zərurət ola bilməz: “Rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz”. 

V.Nuland Azərbaycanda siyasi qüvvələrlə hakimiyyət arasında dialoqun bərpasını da alqışlayıb. Onun sözlərinə görə, belə dialoq Azərbaycanın gələcəyi üçün çox mühümdür. Diplomat danışıqlar zamanı Azərbaycanda insan haqları məsələsinə də toxunulduğunu deyib:

“Dünyada ən güclü dövlət dövlətlə vətəndaşlar arasında açıq dialoqun olduğu dövlətdir”.
Diplomatın səfərini şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bir sıra məsələlər Amerikanı çoxdan narahat etdiyi üçün onların müzakirəsi qaçılmaz idi: “Amerikanlar bu vəziyyəti, çətin durumu qabaqcadan görürdülər. Azərbaycan hökuməti isə bunu görmək istəmirdi. Yəni Amerikanın Azərbaycan hökumətinə islahatlar haqqında çağırışları demək olar ki, eşidilmirdi. İndi isə gərgin bir vəziyyət yaranıb. ABŞ üçün Azərbaycanda stabillik mühüm məsələdir və stabillik müəyyən islahatların aparılması üçün vacib zəmindir. 

Bizdə demək olar ki, stabillik pozulmağa başlayıb, bu, faktdır. Çünki böhran özü qeyri-stabil vəziyyət yaradır. Artıq hansısa xarici müdaxilələr və daxili siyasi qarşıdurmaların deyil, artıq daha çox iqtisadi-sosial amillərin təzahürüdür. Yəni qeyri-stabil iqtisadi durum narazılıqları artıracaq və cürbəcür problemləri ortaya çıxaracaq ki, bu da gətirib siyasi stabilliyi pozacaq, cəmiyyətdə gərginlik artmağa başlayacaq. Ona görə də münasibətlərdə prioritet olan stabillik problemi var. Burda da əsas problem Azərbaycanda gecikdirilmiş iqtisadi, siyasi islahatlardır. Ona görə də görüşlərdə bu məsələ gündəmdə çox ciddi yer tutacaq. Məncə, islahatlar mövzusu Azərbaycan - ABŞ danışıqlarında əsas olub”. 

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri isə şübhə etmir ki, danışıqlarda ABŞ təsisatlarının taleyi də müzakirə mövzusu olub: “Viktoriya Nuland ABŞ xarici siyasətinin ”ağır artilleriyası" sayılır. Məsələn, Nulandın sonuncu özünü göstərdiyi məkan Ukrayna, Maydan olub, bunu unutmayaq. Ümumiyyətlə, sərt xətt siyasətçilərindən, diplomatlarından sayılır. Bu səfər təbii ki, işgüzar səfərdir. Hər Cənubi Qafqaz ölkələrinə səfərin məhz Azərbaycandan başlamasında da müəyyən mesaj var. Demək, Vaşinqton üçün Azərbaycanla münasibətlərin aydınlaşdırılması daha önəmlidir. Çünki Tiflis və İrəvanla münasibətlərdən fərqli olaraq Bakı ilə münasibətlər aydın deyil. Hətta o dərəcədə aydın deyil ki, ABŞ-ın Azərbaycana gələn yeni səfirinin etimadnaməsini İlham Əliyev qəbul etmədi, o, ancaq xarici işlər nazirinin qəbulunda oldu. Bundan başqa, Konqresdə, arxasınca Milli Məclisdə olan dinləmələr, digər məqamlar artıq münasibətlərdə toplanıb qalmış məqamlardır ki, bunlara aydınlıq gətirmək lazımdır. Nulandın əsas missiyası da bundan ibarətdir. Azərbaycan-ABŞ münasibətlərinin bundan sonra hansı istiqamətdə gedəcəyi də bu danışıqlardan xeyli dərəcədə asılı olacaq".

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deyir ki, son dövrlər ABŞ-dan müəyyən məsələlərlə əlaqədar nümayəndə heyətləri gəlir və son səfərə də bu prizmadan yanaşmaq lazımdır: “Ümumilikdə bizim dövlətlərarası münasibətlər normalıdır və bu münasibətlər də davam edir.

Yəni hər hansı bir narahatlıq, nigarançılıq yoxdur. Bəzi qurumlar var ki, onlar dövlət maraqlarını ifadə etmir, ayrı-ayrı dairələrin, lobbilərin maraqlarını həyata keçirməkdən ötrü çalışır. Elə ABŞ-dakı son dinləmələrə də baxanda görürük ki, oradakı senator və konqresmenlərin hamısı Azərbaycanı strateji müttəfiq hesab edir. Amma QHT-ləri təmsil edənlər, yaxud Azərbaycanda marağı olan bir-iki ekspert, yaxud erməni lobbisinin maliyyələşdirdiyi şəxslər isə Azərbaycan əleyhinə hansısa çağırışlar edir ki, bu da bəlli məsələdir. Azərbaycanın inkişafını, ictimai-siyasi sabitliyini, keçiriləcək Avropa oyunlarını erməni lobbisinin gözü götürmür. Azərbaycanda da bəzi mətbuat orqanları və siyasi partiyalar o adamların fikirlərini Amerika dövlətinin fikri kimi cəmiyyətə sırımağa çalışır”.

S.Novruzov Azərbaycandakı Amerika təsisatlarının taleyinin necə olacağı haqda suala da cavab verdi: “Artıq ABŞ-ın yeni səfiri Bakıdadır və fəaliyyətə başlayacaq. Ancaq Amerikanın o təşkilatları özləri burdan gedib, heç biri qovulmayıb. Sadəcə olaraq, həmin qurumların fəaliyyətinin düzgün istiqamətdə qurulması ilə əlaqədar mövqe bildirilib. Deyilib ki, başqa ölkələrdə necə fəaliyyət göstərirsinizsə, burda da eyni qaydada çalışın. Ancaq Azərbaycanda bunlara xüsusi status verilməyəcək. Onlar isə özlərini xüsusi statuslu təşkilatlar kimi apardılar. Hər bir məsələ məsləhətli şəkildə, razılaşma yolu ilə, qanunlar çərçivəsində həyata keçirilə bilər”. 

Nuland Bakıda görüşlərini yekunlaşdırdıqdan sonra Gürcüstana yollanıb. Onun Tiflisdə rəsmilər, müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

http://demokratiya.info/siyaset/9109-azerbaycanda-inqilabdan-sohbet-gede-bilmez.html

Комментариев нет:

Отправить комментарий