четверг, 21 мая 2015 г.

Riqa sammitindən ölkələrin gözləntiləri: Azərbaycan tələsmir - AÇIQLAMA

Riqada IV Şərq Tərəfdaşlığı sammiti öz işinə bu gün axşamdan başlayır. Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramı ölkələrinin dövlət və hökumət başçıları bağlı qapılar arxasında keçəcək təntənəli şam yeməyində bir araya gələcəklər. Sammitin rəsmi hissəsi isə mayın 22-də Milli Latviya Kitabxanasının binasında baş tutacaq. Sammit iştirakçıları Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsi, eləcə də onun inkişaf perspektivlərini müzakirə edəcəklər. Riqa sammitində Belorus prezidenti Aleksandr Lukaşenko, Azərbaycan dövlət başçısı  İlham Əliyev, eləcə də 3 Avropa Birliyi ölkəsinin – İrlandiya, İspaniya və Luksemburqun prezidentləri sammitə qatılmamaq qərarını veriblər. 
Bu gün və sabah keçiriləcək toplantıdan tərəflər nələri gözləyir və nələri alacaqlar? 
 
"Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Əvəz Həsənov hesab edir ki, sammitdən ən böyük nəticələri məhz Ukrayna gözləyir: "Ukrayna hakimiyyəti sammitin nəticəsi kimi Krım məsələsində Avropa ölkələri liderlərinin tam dəstəyini almağı, Donbas və Luqansk ilə bağlı məsələdə Rusiyaya "dur” deyilməsini, viza rejiminin ləgv olunması və Ukrayna iqtisadiyyatına yardımın edilməsini gözləyir. Təbii ki, viza məsələsində Avropa Birliyi hələ ki, tələsməyəcək. Ukraynanın nəzarətsiz sərhədləri, ekstremistlərin Donbas və Luqansk "sərhədlərinə” nəzarəti birliyi vizanın ləğvini tezləşdirməkdən yayındırır. Lakin, bu o demək deyil ki, AB viza rejiminin ləgv etməkdə tam maraqlı görsənmir, sadəcə, bəzi təhlükələri həll etdikdən sonra bunu tezləşdirə bilər. Krımla bağlı Avropa Birliyi özünün suveren dövlətlərin ərazi bütövlüyü məsələsinə sadiqliyini nümayiş etdirmək üçün Rusiyaya xatırlatma edəcək. Yaxşı başa düşürlər ki, təkcə Krım məsələsinə dirənərək Avrointeqrasiya proseslərini keçmiş sovet ölkələrində ləngitmək olmaz. Çünki, ŞTP yeganə proqramdır ki, Avropa Birliyinin keçmiş sovet respublikaları ilə kommunikasiya kanallarını açıq saxlayır. Eyni zamanda AB göstərmək istəyir ki, ŞTP Rusiyaya qarşı yönəlməyib. Onlar Rusiya ilə ikitərli əməkdaşlıq təşəbbüsünün davam etdirilməsində maraqlıdırlar. Bütün bu gözləntilərin fonunda ən reali Ukraynanın Avropadan gözlədiyi 1,8 milyard maliyyə dəstəyinin alınması haqqında sənədin imzalanması olacaqdır”. 

Birlik sədri qeyd edib ki, Gürcüstan da öz növbəsində AB ilə Assosasiya  razılaşmanı imzaladıqdan sonra təcili olaraq viza rejiminin ləgv olunması haqqında müqavilənin imzalanmasına maraqlıdır: "Avropa Komissiyasının Gürcüstanda viza rejiminin ləğvi ilə bağlı proseslərə dair hazırladığı hesabatın proqressiv qiymətləndirilməsi hökumətin ümidlərni artırır. Gürcüstan eyni zamanda viza rejimini ləğv etməklə Abxaziya və Osetiyanın geri qayıtmasını stimullaşdırmağı, onların Avropa ilə təmaslarını çətinləşdirməyi düşünür. Lakin, Moldovadan fərqli olaraq Gürcüstanın yaxın zamanlarda viza rejiminin ləğv olunmasına bu sammit zamanı təkan verilməsi özünü doğrultmayacaq”. 

Əzəv Həsənovun sözlərinə görə, Belorusla bağlı qəribə hal vaş verib: "Sammitə dəvət olunan Belorusun xarici işlər nazirinə qarşı tətbiq olunan sanksiya Avropa Birliyi tərəfindən müvəqqəti olaraq təxirə salınıb. Bununla da hakimiyyət bir neçə oliqarxlara, məmurlara qarşı viza qadağası sanksiyasının aradan qalxacağına ümid edir. Belorus əsasən iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə maraqlıdır. Onlar viza rejiminin ləğvi ilə bağlı nəyinsə dəyişiləcəyinə əmin deyillər”. 

Ermənistanın Riqaya yalnız bir mesajla getdiyini xatırladan Ə.Həsənov bu ölkənin Avrasiya İttifaqına qoşulmasına baxmayaraq, Avropa Birliyi ilə iqtisadi, siyasi sahədə hansısa əməkdaşlıq çərçivəsini cızmağa hazır olduğunu vurğulayıb: "Lakin Ermənistan siyasi əməkdaşlıq sahəsində ciddi təşəbbüs göstərməsə də, iqtisadi sahədə müəyyən investisiya proqramlarının başlanmasına maraqlıdır. Xüsusən, Ermənistanda atom elektrik stansiyasının, iri istehsal zavodlarının istismarı və ticarətin artırılması istiqamətində layihələrin başlanmasına meyl göstərir. Ermənistan, eyni zamanda Avropa Birliyi ilə əməkdaşlığı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində "öz müqəddaratını təyin etmə” prinsipinə əsaslanaraq birlik üzvü olan ölkələrin dəstəyini ala bilir. Təbii ki, Ermənistan DQ münaqişəsini AB səviyyəsində gündəlikdə saxlamaqla Azərbaycan tərəfini stabilliyi pozmamağa təhrik etməkdə maraqlıdır və ona görə də ŞTP ilə əlaqələrini tam kəsməkdən yayınır”. 

Birlik sədri Azərbaycanın Riqa sammitindən ciddi bir gözləntisi olmadığını qeyd edir: "Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına qoşulan zaman Avropa Birliyi ilə enerji təhlükəsizliyi ilə bağlı ayrıca sənəd imzaladı. Təbii ki, bu ölkənin enerji sahəsində vacib partnyor statusuna malik olduğunun nümunəsi kimi dəyərləndirilir. Başqa sahələrdə əməkdaşlığa həvəslə can atmayan Azərbaycan onunla fərdi olaraq "strateji əməkdaşlıq” müqaviləsinin imzalanmasını təkid edir. Digər ŞTP ölkələrindən fərqli olaraq Azərbaycanda insan hüquqlarının pozulması, azad söz, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına AB və ona üzv olan ölkələrin hədsiz diqqət göstərməsi ölkədə məmurları qıcıqlandıran amilə çevrilib. Bunun əksinə olaraq, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə lazımi dəstəyin alınmaması da hökuməti daha çox özündən çıxarır. Halbuki, Ukrayna  krizisinə yekdil reaksiya verildiyini gördükdən sonra və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların onun torpağını işğal edən Ermənistana qarşı tətbiq olunmamasına etiraz edərən Azərbaycanda Avropanı ikili standartlar tətbiq etməkdə günahlandırırlar”. 

Ə.Həsənov bütün bu problemlərin fonunda Azərbaycanın sammitdə dövlət başçısı səviyyəsində təmsil olunmasının heç nəyi dəyişməyəcəyi qənaətindədir: "Ən ümidverici addım olaraq Azərbaycan və Ermənistan dövlət başçılarının Riqada görüşərək DQ məsələsini müzakirə etməsi olardı. Lakin, Sammit zamanı mətbuat konfransında Avropa Birliyinin İnsan Hüquqları komissarının Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, Azərbaycanda insan hüquqlarının pozuntusu ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər hökumət üçün Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü maraqsız edəcək prezidentlərin görüşü mahiyyətcə heç nəyi dəyişməyəcəkdi. Azərbaycanı bu görüşdə iştirak edən - prezidentin beynəlxalq məsələlər üzrə müşaviri və Xarici İşlər Nazirinin müavini avrointeqrasiya proseslərini kifayət qədər dərindən bilən dövlət nümayəndələridir. 

Bəllidir ki, Azərbaycan Ukrayna və Gürcüstanın tələsik addımlarından sonra hansı sonluğun olduğunu əsas götürərək, ŞTP ilə əməkdaşlığı fərdi qaydada razılaşma əsasında qurmaq istəyir. Azərbaycan həm də bu əməkdaşlığın yaxın qonşusu olan Rusiyaya qarşı yönəldilməsində də maraqlı deyildir. Lakin, Azərbaycan faktiki olaraq neft və qaz layihələrinin əsas hədəfi kimi Avropa ölkələrini seçməklə Rusiyanın həmin bazara təsirini azaltmağa ən böyük tövhə verir. Elə ona görədir ki, Azərbaycan hökuməti şərq tərəfdaşlıq proqramında əvvəlcədən müəyyən olunmuş formada bütün üzvlər üçün nəzərdə tutulan "Assosiasiya razılaşması” əsasında əməkdaşlığı öz xeyrinə dəyişməyə təkid edir. Ölkə özünün enerji təhlükəsizliyi sahəsində strateji yerini yaxşı başa düşdüyündən siyasi inteqrasiyanı sərfəli şərtlər əsasında qurmağa can atır. O üzdən, bu sahədə tələsik addım atmağa meylli deyil”.
 
http://ann.az/az/riqa-sammitinden-lkelerin-gzlentileri-azerbaycan-telesmir-aiqlama/#

Комментариев нет:

Отправить комментарий