среда, 27 мая 2015 г.

Hüquq müdafiəçisi: Azərbaycan "zəif bənd"dən güclü dövlətə çevrilib

Azərbaycan inkişaf etdikcə bəzilərinin gözü bunu götürmür. Çünki güclü Azərbaycan bu bölgədə heç kimə lazım deyil. Azərbaycan həm Rusiya, həm İran, həm də Avropa ölkələrinə boru kəməri üçün lazımdır. Onlara “zəif bənd” lazımdır ki, bu bənddən istifadə etsinlər, Azərbaycan məhsulları ən ucuz şərtlərlə Avropa bazarlarına getsin. Lakin Azərbaycanda son 15 ildə aparılan siyasət ona gətirib çıxarıb ki, ölkə özünü “zəif bənd” obrazından çıxarıb güclü dövlətə çevirə bilib.
Trend-in məlumatına görə, bunu “Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunları ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib.
Onun sözlərinə görə, Azərbaycan keçmiş SSRİ ölkələri içərisində ən çətin vəziyyətdə qala biləcəyi halda ən uduşlu vəziyyətdədir: “Azərbaycan elə bir bölgədədir ki, biz ən pis vəziyyətdə olmalıydıq. Lakin bu gün Azərbaycan ən uğurlu vəziyyətdədir. Biz Ukrayna, Gürcüstan deyilik. Torpaqlarımızı itirməyimizə baxmayaraq, onları geri qaytarmaq perspektivi daha çoxdur. Bu, həm Heydər Əliyevin uğurlu siyasəti, həm Azərbaycan xalqının kifayət qədər səbrli olması, həm də Azərbaycanın hadisələrə müəyyən qədər ayıq gözlə yanaşması ilə bağlıdır”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti sadəcə onunla zor gücü ilə danışılmasını xoşlamır: "Hökumət elə islahatlar aparır ki, onlar bizim ağlımıza gəlməyə də bilərdi. Doğrudan da, hökumətin apardığı islahatlar danılmazdır və Avropa da bunu müsbət dəyərləndirir. Mən vaxtilə 1961-ci ildə Brüsselin meri işləmiş adamla görüşdüm. O, çox maraqlı bir söz dedi. Ondan sonra mən Azərbaycanda olan bütün yenilikləri onun sözü ilə ölçüb-biçirəm. O dedi ki, biz Brüsselə Avropanı gətirmək üçün şəhərin 40 faizini məhv elədik. Avropa institutları üçün orada binalar tikdik. Çünki biz modernləşmək istəyirdik. Biz istəyirdik ki, bizim şəhərimiz gözəlləşsin. Baxın, Avropanın göbəyində olan bir ölkə istəyir ki, Avropada olsun. Bizim də dövlətimiz, millətimiz bu müasirlik üçün müəyyən ödənişlər etməliydi. O ödənişlər kiminsə əsəbləri, kiminsə qanunsuz tikdiyi villalar, oğurladığı pullar oldu. Sən demə, bunu ödəmək lazım imiş. Amma bizdən 40-60 il əvvəl bu təcrübəni keçən insanlar, ölkələr var. Ona görə də Azərbaycan bütün bu proseslərdən kənarda qala bilməzdi. Azərbaycan lap əvvəldən elan edib ki, istiqaməti Avropadır. Ola bilsin ki, bizim siyasi dairələrimiz, mətbuatımız, insanlarımız bunu olduğu kimi dəyərləndirə bilmir. Azərbaycan Avropa xəttini heç vaxt unutmayıb. Hətta ən çətin anlarında belə, Avropa institutları ilə ciddi problemləri olan vaxtlarda da. Avropa institutları ölkəni tənqid edirlər. Azərbaycan Avropaya öz qazını və elektrik enerjisini satır. Mən bunu Brüsseldə Avropa komissarları ilə də müzakirə etmişəm. Demişəm ki, Azərbaycanın bu ismarıclarını dəyərləndirin”.
Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanın inkişaf modeli postsovet ölkələri üçün yeganə modeldir: “Biz təzəlikcə iqtisadiyyatımızı yüksəltmişik. Ukrayna, Gürcütsan, Moldovaya gedin, onların bölgələrini gəzin, sonra Azərbaycanın bölgələrini gəzin. Görəcəksiniz ki, Azərbaycanda yenilənməmiş ev yoxdur. Prezident İlham Əliyev stabillik və iqtisadi inkişaf deyəndə, məncə, məhz bunu nəzərdə tuturdu ki, insanlar yaşayış səviyyəsini artırsınlar. Avropanın heç bir ölkəsində insanları siyasət maraqlandırmır. Heç bir amerikalı üçün ABŞ-ın prezidenti, vitse-prezidenti, senatorunun kim olduğu maraqlı deyil. Əsas odur ki, ölkədə islahatlar, inkişaf olsun. Məncə İlham Əliyevin bütün uzunmüddətli siyasətinin hamısı buna yönəlib. Çünki Azərbaycan kimi ölkələrdə, xüsusən, postsovet ölkələrində siyasət stabil deyil, insanlar stabil siyasətə öyrəşməyiblər. Rumıniya, Moldova, Makedoniya kimi ölkələrə baxın. Onlar hələ bu mərhələni keçəcəklər. Ukraynada vəziyyət aydındır. Baxmayaraq ki, Qazaxıstanda Nazarbayev uzunömürlü siyasətçidir, amma orada da vəziyyət stabil deyil. Bu cür ölkələrdə siyasət heç vaxt stabil olmur. Çünki bunun üçün 60-70 il vaxt lazımdır. Çünki biz sovet ideologiyası baqajından çıxa bilmirik. Biz ondan azad olmalıyıq. Bundan sonra gələn istənilən siyasətçinin də məqsədi o olacaq ki, ölkənin iqtisadiyyatını qaldırsın, vətəndaşların rifah halını yüksəltsin. Bu, postsovet ölkələri üçün yeganə modeldir. Saakaşvili modeli sıçrayış üçün böyük model idi, ancaq bu, Gürcüstanı xilas etmədi. Gürcüstanın daha stabil prezidenti olsaydı, başqa cür olardı. Saakaşvili 3 günlük müharibə ilə Gürcüstanı məhv elədi. Bizim isə 90-cı illərdəki vəziyyətimizlə indiki vəziyyətimiz arasında böyük fərq var. Biz indi bütün dünya ilə üz-üzə gəlmişik”.

O, həmçinin bildirib ki, Avropa Oyunları ilə bağlı xərclənən pullar, yaradılan infrastruktur sonda Azərbaycan xalqına qalacaq: “Bakıya xərclənən pul Bakıya qalacaq. Bakı artıq tamam başqa şəhər olub. Avropa Oyunları bizim ölkəmizin bayramıdır, bütün xalqın böyük bayramıdır. Prezidentə məhbuslarla bağlı ən çox məktubu elə biz yazırıq. Biz onsuz da bunu yazacağıq. Biz onsuz da hökuməti bu islahatlara çağıracağıq. Amma bu Oyunlar Azərbaycanın tanınması, diqqət bayramıdır. Ola bilsin ki, bu diqqət bizim gözlədiyimiz qədər olmasın. Ola bilsin ki, Azərbaycana gələn jurnalistlər bizim istədiyimizi yazmasın. Amma onlar Azərbaycanı tanıyıb gedəcəklər. Bundan ötrü hər bir azərbaycanlı dəyişməlidir. Hər bir azərbaycanlı dəyişib öz ailə mədəniyyətini nümayiş etdirə bilsə, evinə gələn turistə göstərə bilsə, onda bu, Azərbaycanın qazancı olacaq. O təşkilatlar ki, Azərbaycan hökumətinin “mənimlə zorla danışma” mesajını eşitmirlər, qoy öz işlərində olsunlar. Bu bizim millətin bayramı, təbliğatıdır. Bu bizim 800 milyonluq və bəlkə ondan da çox auditoriyaya ambisioz mesajımızdır. Biz Avropa dövlətlərini bura dəvət etmişik. Biz müsəlman ölkəsi kimi bütün Avropaya bayram edəcəyik. Ancaq bunu elə təqdim etmək lazımdır ki, şablon olmasın, həm də millətin bayramı olsun”.
Qeyd edək ki, Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının təşəbbüsü və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.

Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiəsi təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər.

"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub. Müraciətdə Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası pislənilib.


http://az.trend.az/azerbaijan/baku5015/2399264.html

Комментариев нет:

Отправить комментарий