Xarici
Dillər Universiteti öz tələbələrinin az bir hissəsinə yataqxana verə bilir. Universitetin
mətbuat katibi Zeynəb Kazımova deyir ki, hazırda universitetin 2 yataqxanası
var.
“Lakin onlardan birində məcburi köçkünlər
məskunlaşdığından, yalnız digərinə tələbələri yerləşdirə bilirik. Düzdür, o
yataqxanada da məcburi köçkünlər məskunlaşıb, amma bir hissəsində bizim
tələbələr qalır”.
Z.Kazımova qeyd edib ki, bu yay ərzində
yataqxananın tələbələr qalan hissəsi təmir olunub.
“Bu yay ərzində rektorun əmri ilə tələbələrə
məxsus hissə tam təmir olundu. Burada biz yalnız 150-200 tələbə yerləşdirə
bilirik. Təmirdən sonra orada vəziyyət yaxşılaşıb. Belə ki, yataqxanada
tələbələr üçün müasir şərait və imkanlar yaradılıb. Otaqlara müxtəlif
ləvazimatlar, geyim və kitab rəfləri, yataq dəstləri, stol, stul qoyulub.
Çarpayılar da yenilənib. Bunlarla yanaşı, sanitar qovşaq da təzələnib.
Tələbələrin qəbul olunmasına tam hazırıq”.
Bakı Dövlət Universiteti bu il tələbələrə
yataqxana verə bilməyəcək. Universitetin mətbuat katibi Pərvanə İbrahimova qeyd
edib ki, hazırda ali təhsil ocağının yataqxanalarında söküntü işləri
gedir.
“Söküntü işləri kompleks şəhərciyin tikilməsinə
yönəlib. Kompleks şəklində olacaq yataqxanalarda 5-6 min tələbə yerləşə
biləcək. Amma şəhərciyin salınması bir neçə il vaxt aparacaq”.
Neft Akademiyası da yataqxanaya ehtiyacı olan
bütün tələbələri sevindirə bilməyəcək. Akademiyanın mətbuat xidmətindən Tahirə
Qafarlı bildirib ki, hazırda tələbələrin yaşadığı 1 yataqxana var. Onun
sözlərinə görə, hazırda tələbələr müraciət edirlər, həmkarlar və digər
universitet nümayəndələri bu işlə yaxından maraqlanır.
Bakı Slavyan Universitetindən verilən məlumata
görə, ali məktəbin 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır.
Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. 1-ci mərtəbədə
köçkünlər məskunlaşıb.
“Artıq tələbələr müraciət edirlər. Demək olar
ki, yeni qəbul olunmuş tələbələrin əksər hissəsini yerləşdirmişik. Hazırda da
tələbələr yataqxanaya gəlməkdə davam edir. Tələbələri qəbul etməyə tam
hazırıq”.
Qeyd edək ki, yataqxananın 2-ci mərtəbəsi xarici
tələbələr üçün nəzərdə tutulub.
Tibb Universitetinin xarici tələbələr üçün
nəzərdə tutulan 5 saylı yataqxanası təmirə bağlanıb. Bunu Modern.az-a
universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov deyib. Onun
sözlərinə görə, Tibb Universitetinin ümumən 5 yataqxanası var. Onlardan 2-si
oğlan, 2-si qız, biri isə xarici tələbələrə məxsusdur. C.Qasımov hazırda təmir
işləri gedən yataqxananın 2015-ci ildə istifadəyə tam hazır olacağını
bildirib.
Bu il ali məktəbə qəbul olunan tələbələrin
yerləşdirilməsi yönündə işlərin aparıldığını deyən C.Qasımov hazırda təxminən
95 nəfər yerləşdirdiklərini qeyd edib.
“Qız tələbələrin hamısını yerləşdirə bilirik.
Oğlan yataqxanalarında isə problem var. Hərbi tibb fakültəsi yaradıldığı üçün
oğlan tələbələrin sayı bu il artıb. Bunların yarıdan çoxu rayon sakinləridir.
Lakin biz bu il tibbi fakültənin 8 tələbəsini yerləşdirə bildik”.
Onun sözlərinə görə, Tibb Universiteti
hazırda valideynləri olmayan, yoxsul, köçkün, rayon yerlərindən gəlmiş, Qarabağda
şəhid olmuş şəxslərin övladlarını yataqxana ilə təmin edib.
Ötən tədris ilində Tibb Universitetinin
yataqxanalarında 1156 nəfər tələbə yerləşdirilib.
Qafqaz Universitetinin prorektoru Natiq Paşa
bildirib ki, qız və oğlan bölgüsü olmaqla universitetin 2 yataqxanası var.
“Yataqxanalar yeni təmir olunub. Yeni tədris
ilinə tam hazırdırlar. Hər yataqxanaya 300 tələbə qəbul edə bilərik”.
Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının (DİA) mətbuat katibi Yusif Ağayev deyir ki, DİA-nın 2 yataqxanasında
hazırda məcburi köçkünlər məskunlaşıb. “Orda tələbə çox azdır. Çalışırıq lap
imkansız ailələrin uşaqlarını yerləşdirək”.
Odlar Yurdu Universitetindən verilən məlumata
görə, bu ali məktəbin yataqxanası yoxdur.
Azərbaycan Universitetinin mətbuat xidmətindən
bildirilib ki, ali təhsil ocağına tam məxsus olmasa da, onun həyətində
yataqxana yerləşir.
“Yeni dərs
ilində 70-72 tələbə yataqxanada qalmaq üçün qeydiyyatdan keçib. Universitetin
əksər tələbələri burada qalır. Yataqxana əsaslı təmir olunub. Tələbələrə gündə
3 dəfə yemək verilir. Aylıq qiyməti isə 130 manatdır. Tələbələr yataqxanada
camaşırxana, hamam, oxu zalı və kitabxana ilə təmir olunub”.(modern.az)
Комментариев нет:
Отправить комментарий