20
sentyabr Azərbaycan tarixində inkişafa doğru atılan addımlar sırasında bir
ilkdir. Düz 20 il bundan əvvəl 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan”
sarayında imzalanan müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə
"Əsrin müqaviləsi" adlandırılıb. "Əsrin müqaviləsi"ndə
dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə,
Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp,
MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları,
Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da “Yeni neft strategiyası”
və doktrinası uğurla həyata keçirilməyə başlanğıcı qoyulub.
Müqavilənin
imzalanması ölkənin müxtəlif sahələrinə yaxşı mənada təsiri ilə yadda qalıb.
“Əsrin Müqaviləsi”nin imzalanmasından sonra xüsusilə qaçqın və məcburi köçkünlərin
həyat və yaşayış səviyyələrinin yaxşılaşdırılması üçün çox böyük işlər görülüb.
Ötən
müddətdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə
bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, ölkə rəhbərliyi tərəfindən
95 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 357 qərar və sərəncam, Milli
Məclis isə 33 qanun qəbul edilib. Bildiyiniz kimi, XX əsrdə Azərbaycan
tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olub. Azərbaycanın
geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri
azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq edib, ermənilərin
daha çox torpaq əldə etmək cəhdləri isə 1988-1993-cü illərdə azərbaycanlıların
öz doğma yurdlarından didərgin salınması ilə nəticələnib. Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində tarixən həmin ərazidə yaşayan 250 min azərbaycanlı son nəfərədək
öz doğma yurdlarından zorla qovulub. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan
didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq
tapıb.
Dağlıq
Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd
olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış
yerlərindən məhrum olaraq məcburi köçkün düşüb və respublikanın 62 şəhər və
rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşıb. Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma
ocaqlarından didərgin salınan soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan
dövlətinin gündəlik qayğısına çevrilib.
Ölkədə
olan qaçqınların, məcburi köçkünlərin sosial problemlərinin operativ həlli və
vahid mərkəzdən idarə olunması məqsədilə 1998-ci ilin noyabrında Nazirlər
Kabinetinin strukturunda baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilib. O cümlədən 1998-ci
ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, 1999-cu ildə isə
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köcürülmüş şəxslə rin)
statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin
sosial müdafiəsi haqqında” qanunlar qəbul edilib. Azərbaycan prezidentinin
1998-ci il 17 sentyabr tarixli 895 nömrəli sərəncamı ilə “Qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”, 2004-cü il 1 iyul
tarixli 298 nömrəli sərəncamı ilə“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci
il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli
sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilib. Ümumiyyətlə,
2001-2014-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait
hesabına 2,6 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki
infrastruktura malik 83 müasir qəsəbə salınıb, 42 min ailə 190 min nəfər qaçqın
və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Yeni salınan yaşayış
məntəqələrində 140 məktəb, 6 musiqi məktəbi, 52 uşaq bağçası, 56 tibb məntəqəsi,
45 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilib, 648 kilometr yol,
815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilib,
715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Qaçqın və
məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə indiyədək 5,1
milyard manat vəsait sərf edilib. Həmin vəsaitin 2,3 milyard manatı büdcə vəsaiti,
1,8 milyardı Dövlət Neft Fondunun, 1 milyardı isə beynəlxalq maliyyə qurumları
və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Qaçqın və
məcburi köçkünlərin sosial problemlərinin həllinə ayrılan ümumi vəsaitin həcmi
2003-cü il ilə müqayisədə 5,8 dəfə, yemək xərci üçün müavinətin həcmi 3,6 dəfə,
kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, “Dövlətqaçqınkom”un illik
büdcəsi isə 5,5 dəfə artıb. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin
həcmi təxminən 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə
zonaları ilə müqayisədən yüksək göstərici olmaqla, 2003-cü il ilə müqayisədə 9
dəfə çoxdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən
15 faizədək azalıb.
Məcburi
köçkünlər bütün imtiyazlardan istifadə edirlər. Onlara yemək xərci üçün aylıq
müavinət ödənilir, kommunal və digər xidmətlərə görə ödənişdən azaddırlar.
Prezidentin 2003-cü il 4 avqust tarixli sərəncamına əsasən dövlət ali və orta
ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər
təhsil haqqını ödəməkdən azaddırlar.
Orta
ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə
pulsuz təmin olunurlar. 2014-cü ildə də məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması ilə 10 şəhər və rayonda bütün zəruri sosial-texniki
infrastruktur obyektləri ilə birlikdə 7 qəsəbə və məhəllənin salınması, təxminən
4,5 mindən çox ailənin və ya 25 min məcburi köçkünün yeni mənzillərə köçürülməsi
nəzərdə tutulub. Son 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən
161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri
isə müvəqqəti işlə təmin olunub.
Hazırda
fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən
əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitar və bu sahədəki inkişaf təşkilatlarının
xətti ilə qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin
həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir.
Qaçqın və
məcburi köçkün problemi bu gün də Azərbaycanın bir nömrəli problemidir. Dövlətin
bu sahə ilə bağlı əsas strategiyası isə belədir: öz doğma yurdlarına qayıdana
kimi, qanunvericiliyə uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət şəraitinin
mərhələli şəkildə yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, təhsil, səhiyyə
və s. üzrə hüquqlarından tam istifadə üçün əlverişli şəraitin yaradılması,
onların üzləşdikləri sosial problemlərin aidiyyəti dövlət qurumları, beynəlxalq
humanitar təşkilatlarla birlikdə həllinə nail olunmasıdır.
Gülşən
RAUFQIZI
Комментариев нет:
Отправить комментарий