суббота, 27 сентября 2014 г.

Məcburi köçkünlər aldıqları evləri sata bilərmi?

Bir nəfər yazırdı ki, məcburi köçkün qohumunun həyat yoldaşı xəstədir və təcili pula ehtiyacı var. Amma işləmədiyi üçün kredit götürə bilmir, borc almağa imkanlı qohumu da yoxdur. Həmin şəxs sual verirdi ki, qanunla qohumu dövlətin ona verdiyi evi satma hüququna malikdirmi? Açığı, bu suala mən də birmənalı cavab verə bilmədim. Həmin şəxs onu da bildirmişdi ki, qohumu evini satma məsələsi ilə bağlı dost-tanışa müraciət etsə də, ona müsbət cavab verən olmayıb. Lakin qohumunun Ermənistandan gələn qaçqın tanışlarından biri ona verilmiş evi satıb: “Ona görə qohumum çaşıb qalıb ki, biz evimizi sata bilərik ya yox”.

Yeri gəlmişkən bir məqamı da qeyd etmək yerinə düşər. Belə ki, bəzi məcburi köçkünlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fəaliyyət göstərən “qaynar xətt” nömrələrini bilmirlər. Bu səbəbdən problemlə üzləşdikləri zaman onlar suallarına komitədən deyil, hətta bəzən dəxli olmayan adamlardan “cavab” alırlar.
Komitənin qaynar xətləri
Qeyd edək ki, komitənin saytında ayrı-ayrı məsələlər üzrə “qaynar xətt” nömrələri yerləşdirilib. Belə ki, hüquqi məsələlər üzrə suallara komitənin (012) 431 31 26 nömrəli “qaynar xətt”inə (baş məsləhətçi Vüqar Qarayev) zəng vuraraq cavab almaq olar.
Sosial problemlər və müavinətlərlə bağlı məsələlər üzrə suallara komitənin (012) 431 86 34 nömrəsinə zəng vurmaqla (şöbə müdiri İspəndiyar Əbdüləzimov) aydınlıq gətirmək olar. Statusla bağlı məsələlər üzrə (Mehdixanlı Cövdət - şöbə müdiri) suallara komitənin (012) 431 11 66, məskunlaşma, miqrasiya və məşğulluq məsələləri (şöbə müdiri Sənan Hüseynov) üzrə suallara (012) 431 70 48, kommunal xidmətlər üzrə suallara (Qəhrəman Məmmədov - şöbə müdiri) (012) 430 09 22 nömrəsinə zəng vurmaqla cavab almaq olar.
O ki, qaldı məcburi köçkünlərin dövlət tərəfindən onlara verilən mənzilləri sata bilib-bilməmələri məsələsinə, komitədən bildirdilər ki, bu məsələ hələ bir neçə il öncə də gündəmə gətirilib, müzakirələrə səbəb olub və birmənalı şəkildə aydınlıq gətirilib. Qeyd edilib ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evlər onların mülkiyyətinə verilmir.
Yalnız Ermənistandan gələn qaçqınlara nə verilibsə...
Xatırladaq ki, bir müddət öncə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da jurnalistlərin bu sualına cavab verib. Əli Həsənov deyib ki, məcburi köçkünlər üçün nə tikilirsə, müvəqqəti yaşayış üçündür. Bütün götürülmüş torpaqlar, tikilmiş qəsəbələr komitənin balansındadır: “Məcburi köçkünlərə müvəqqəti yaşayış sənədi verilir. Həmin evlər onların mülkiyyətinə verilmir. Yalnız Ermənistandan gələn qaçqınlara nə verilibsə, onların mülkiyyətidir. Məcburi köçkünlərə dövlət tərəfindən verilən evləri isə onlar heç kimə verə, dəyişə, sata, orada hər hansı dəyişiklik apara bilməzlər. Bu, qəti qadağandır. Belə qəsəbələrin hamısında komitənin Mənzil İstismar sahələri var. İdarəçilik Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əlindədir”.
"Zaman Azərbaycan"

Комментариев нет:

Отправить комментарий