вторник, 23 сентября 2014 г.

Qaçqın və məcburi köçkünlərin sahib olduqları imtiyazlar

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlər görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlər (oktyabr 2003- oktyabr 2008-ci illər):
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə ölkə Prezidenti tərəfindən 18 fərman və sərəncam imzalanmış, Milli Məclis tərəfindən 2 qanun, Nazirlər Kabinetinin isə 64 qərar və sərəncamı qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, yaradılmış milli qanunvericilikdə qaçqınların və məcburi köçkünlərin aşağıdakı imtiyazları təsbit edilmişdir.
Qaçqınlar:
- «Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər, lakin onlar siyasi mənada «qaçqın» statusunu və öz ölkələrinə qayıtmaq hüququnu saxlayırlar;
- Mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar;
- Təhsil Nazirliyinin 2004-cü il kollegiya qərarına əsasən Ermənistandan olan, 1988-1992-ci illərdə anadan olmuş qaçqınlar dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar;
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.
Məcburi köçkünlər:
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılır;
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər;
- kommunal və digər xidmət haqları (elektrik enerjisi, təbii qaz, içməli su, telefon abunə haqqı) ödəməkdən azaddırlar;
- təbii qazla təmin olunmayan şəhər və rayonlarda müvəqqəti məskunlaşanlara payız-qış mövsümündə 40 litr miqdarında aylıq ağ neft yanacağı verilir;
- Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar;
- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olunmaqla, respublikanın digər ərazilərində müvəqqəti məskunlaşmış 146 min məcburi köçkünə aylıq ərzaq yardımı göstərilir;
- orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar;
- büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 15 min nəfər məcburi köçkünə 1994-cü ilin may ayından orta aylıq əməkhaqqı ödənilməsi təmin edilmişdir.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il , N 5, maddə 348; 1999-cu il, N 11, maddə 609; 2000-ci il, N 11, maddə 776; 2001-ci il, N 9, maddə 576, N 12, maddələr 733, 736; 2002-ci il, N 12, maddə 706; 2004-cü il, N 7, maddə 505; 2004-cü il 29 oktyabr tarixli 784-II QD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 4-cü maddənin ikinci hissəsinin beşinci abzasının və 6-cı maddənin birinci hissəsinin dördüncü abzasının sonuna "(qanunvericiliklə müəyyən olunmuş dövr üçün)" sözləri əlavə edilsin.
2. 14-cü maddədə:
1) üçüncü hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"seçkili orqanlar və bütün işəgötürənlər üçün - hesablanmış əməyin ödənişi fondunun 22 faizi miqdarında";
2) üçüncü hissənin üçüncü abzası çıxarılsın;
3) üçüncü hissənin onuncu abzasında "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilsin;
4) altıncı hissənin üçüncü cümləsində "əmək haqqı ödənişləri ilə eyni vaxtda" sözlərindən sonra "və həmin ödənişlərin həcminə uyğun tam məbləğdə" sözləri əlavə edilsin;
5) altıncı hissənin dördüncü və beşinci cümlələri çıxarılsın;
6) yeddinci hissə səkkizinci hissə sayılsın;
7) aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır:
sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu Qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir;
hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;
sığortaedənin cari və digər hesablarında vəsait olduqda məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir;
sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir;
sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir;
məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır;
məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının alınması haqqında sərəncamı bir neçə bank və kredit təşkilatına verildikdə və bu zaman məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər hansı cari, valyuta və digər hesabından məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alındıqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı digər banklara və ya kredit təşkilatlarına həmin borc və maliyyə sanksiyalarının alınması üçün vermiş olduğu sərəncamların və artıq alınmış vəsaitlərin dərhal geri qaytarılmasını təmin edir;
sığortaedən hüquqi şəxs olmadıqda borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.";
8) aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:
"Fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları (işəgötürənlər) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azaddırlar (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" nın icrası müddətində)".
3. 21-ci maddədə:
1) birinci hissənin doqquzuncu abzasında "eləcə də" sözlərindən əvvəl "habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəli uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə," sözləri əlavə edilsin;
2) ikinci hissədə "hesabından" sözündən sonra "bu Qanunun 14-cü maddəsinin yeddinci hissəsinə uyğun olaraq" sözləri əlavə edilsin.
II. Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2004-cü il N79

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik axtlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının QANUNUNDAN (Çıxarış)
XVI. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 392; 2001-ci il, № 11, maddələr 676, 699, № 12, maddə 731) 13-cü maddəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
Üçüncü hissədə “qərardan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.
Dördüncü hissədə “Şəxsin” sözü “Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2007-ci il
№ 430-IIIQDAzərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.
http://bizimyol.info/?xeber=6819
 

Комментариев нет:

Отправить комментарий