четверг, 3 июля 2014 г.

Bələdiyyəsiz məcburi köçkünlər



20 ildir ki, onlar seçki hüququndan məhrumdurlar
2014-cü il Azərbaycanda bələdiyyə seçkiləri ilidi. Qarabağ müharibəsi nəticəsində evlərindən didərgin düşmüş məcburi köçkünlər növbəti dəfə bu seçkilərdən kənarda qalacaqlarından narazıdırlar.

Bələdiyyəsiz məcburi köçkünlər“Məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakına imkan vermirlər. Sanki, biz bu ölkənin vətəndaşları deyilik”- hazırda Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Qazaxın Barxudarlı kəndindən olan məcburi köçkün Məqsəd Mirzəyev deyir.
Dağlıq Qarabağ və ətraf 7 rayona daxil olmayan Qazaxın Barxudarlı kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin əhalisi isə Qazax şəhərində məskunlaşmaq məcburiyyətində qalıb.


"Biz istəyirik ki, blədiyyə seçkilərində iştirak edək. 20 ildən artıqdır ki, Qazaxda yaşayırıq. Bura bizim daimi yaşayış yerimizə çevrilib. Şəhərin ictimai həyatında, təsərrüfat işlərində yaxından iştirak etmək istəyirik. Hər bələdiyyə seçkilərində Dairə Seçki Komissiyasına müraciət edirik. Lakin bizi namizəd kimi qeydə almaqdan imtina edirlər. Seçici kimi səs vermək hüququmuz tanınmır”.

Deyən Şöhrət Mətləbzadə qyni rayonun hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan digər kəndindən - Cəfərlidəndir: “Bizə bildirirlər ki, kəndimiz işğaldan azad olunduqdan sonra bələdiyyəmiz olacaq. Ancaq torpaqların nə zaman azad olunacağı bəlli deyil. Biz Qazaxda yaşayırıq. Eyni şəhərin küçələrindən, qaz xətlərindən, suyundan istifadə edirik. Bu şəhərin problemləri həm də bizim problemimizdir. Necə ola bilər ki, qapı qonşum bələdiyyə seçkisində iştirak edə bilir, mən yox. Hətta 5 il Azərbaycanda yaşayan əcnəbilərin bələdiyyə seçkilərində səs vermək hüququ var. Bizim isə əcnəbilər qədər də hüququmuz yoxdur”.

Bələdiyyə problemi ilə yalnız məcburi köçkünlər üzləşməyib. Ermənistanla sərhəddə və cəbhə xətti boyunca yerləşən bir sıra kəndlərin də yerli özünüidarəetmə orqanları yaradılmayıb. Bələdiyyəsi olmayan kəndlərdən biri də Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun Quşçu Ayrım kəndidir.

"Kəndimizin bələdiyyəsi yoxdur. Deyirlər ki, sərhəddə yerləşirik, hər an müharibə ola bilər. Ona görə bələdiyyə yaratmaq hələ tezdir ", - kənd sakini Emil İskəndərov deyir.

Hüquqşünas Erkin Qədirli bildirir ki, məcburi köçkünlərin bələdiyyələrin işində iştirakına qoyulan məhdudiyyətlərin müharibənin nəticəsində meydana gəldiyini bildirib: “Məcburi köçkünlərin bələdiyyələrin işində iştirak etməməsi, yerli seçkilərdə iştirakına qoyulan qadağalar hüquqi məsələ deyil. Bu Ermənistanın işğal siyasəti nəticəsində meydana çıxan problemdir. Məcburi köçkünlər öz rayonlarında daimi qeydiyatdadırlar. İşğaldan sonra dünyaya gələn uşaqlar da həmin rayonlarda qeydiyyata alınırlar. Bələdiyyə seçkilərində iştirak isə daimi qeydiyyat ünvanı əsasında həyata keçirilir”.

E. Qədirli bir sıra sərhədyanı kəndlərdə bələdiyyələrin olmamasını da müharibə vəziyyəti ilə əlaqələndirdi: “Ermənistanla və işğal olunmuş ərazilərlə sərhəddə yerləşən kəndlərdə bələdiyyələrin olmaması sırf müharibə şəraiti ilə bağlıdır. Azərbaycan qanunvericiliyi həmin ərazilərdə seçkiləri təxirə salmağa imkan verir. Lakin bunun üçün hərbi vəziyyət elan olunmalıdır”.

Müsavat Partiyasının şöbə müdiri, hüquqşünas Elman Fəttah isə qeyd edir ki, məcburi köçkünlərin bələdiyyələrin işində iştirakına qoyulan qadağa diskriminasiya faktıdır:

“Seçkilərdə iştiraka qoyulan istənilən qadağa qeyri-qanunidir və bu vətəndaşın seçki hüququnun tapdanmasıdır. İşğal olunmuş ərazilər üzrə bələdiyyələr formalaşmayıbsa, o zaman məcburi köçkünlərin müvvəqqəti məskunlaşdığı ərazilərin bələdiyyələrinin formalaşmasında və yerli seçkilərdə iştirakı təmin edilməlidir. Məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının qarşısının alınması Azərbaycan Respubilkasının Konustitusiyasının, milli qanunvericiliyin və beynəlxalq konvensiyaların pozulması deməkdir”.

E. Fəttah bildirir ki, bir sıra sərhədyanı kəndlərdə bələdiyyələrin formalaşdırılmaması qanunun icra edilməməsi üzündən baş verib: “Cəbhə bölgəsində yerləşən kəndlərdə bələdiyyələrin formalaşdırılmasının qarşısını alan hər hansı bir qanun yoxdur. Bu, sadəcə olaraq Bələdiyyələr Haqqında Qanunun icra edilməməsidir. Ərazi vahidi statusu alan bütün yaşayış məntəqələrində bələdiyyə seçkiləri keçirilməlidir. Xankəndi seçki dairəsində bir necə yüz seçici var. Həmin dairədə seçkilər keçirilir. Necə ola bilər ki, bir necə yüz seçici Milli Məclis seçkilərində iştirak edə bilir, amma bütöv bir kənd bələdiyyə seçkilərindən məhrum edilir?!”.

Ədliyyə Nazirliyinin Bələdiyələrlə İş Mərkəzinin əməkdaşı Qədir Xəlilov məsələnin nazirliyə aid olmadığını bildirdi:

“Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi mövcud bələdiyyələrlə bağlı iş görür. Bələdiyyələrin formalaşdırılması və seçkilərin keçirilməsi bizim səlahiyyət dairəmizə aid deyil”.

Bələdiyyəsiz məcburi köçkünlərMərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanov isə deyir ki, problemin kökünü Secki Məcəlləsində axtarmaq lazımdır : “Seçki Məcəlləsində bələdiyyə seçkilərində iştirak etmək üçün bələdiyyənin ərazisində daimi qeydiyyatda olmaq tələb olunur. Məcburi köçkünlər məskunlaşdığı ərazilərdə müvvəqəti qeydiyyata alındıqlarından, onların vaxtilə daimi qeydiyyatda olduqları ərazilər işğal altında olduğundan seçkilərdə iştirak edə bilmirlər. Lakin işğaldan azad olunmuş ərazilərdə və qaçqın qəsəbələrində məskunlaşan məcburi köçkünlər həmin ərazilər üzrə formalaşan bələdiyyələr üzrə seçkilərdə iştirak edirlər. Cəbhə bölgəsində, atəş xətti altında olan bir sıra ərazilərdə seçkilərin keçirilməməsi isə əsasən iki səbəb üzündən baş verib. Bələdiyyələrin sərhədlərinin tam müəyyən edilməməsi və təhlükəsizlik baxımından”.

A.Qurbanov bildirir ki, məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirak etməməsinin siyasi səbəbləri də var:
“Vətəndaşların seçkilərdə iştirakının məhdudlaşdırılmasının Konustitusiyaya və beynəlxalq konvensiyalara uyğun olmaması barədə irəli sürülən fikrləri inkar etmirəm. Eyni zamanda məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakdan məhrum edilməsinin qanuni tərəfləri ilə yanaşı siyasi tərəfi də var. İşğal olunmuş ərazilərin geri qaytarılması üçün danışıqlar gedir. Ehtimal var ki, ərazilər geri qaytarılsın, yaxud işğaldan azad edilsin”.
A.Qurbanov həmçinin qeyd edir ki, məcburi köçkünlərin məskunlaşdıqları ərazilər üzrə bələdiyyə seçkilərində iştiraklarını təmin etmək üçün Seçki Məcəlləsində dəyişiklik edilməlidir: “Təəssüf ki, Seçki Məcəlləsində işğal faktları nəzərə alınmayıb”.

Hakim Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Aydın Mirzəzadə isə məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakına qoyulan məhdudiyyəti doğru qərar hesab edir: “Məcburi köçkünlər hazırda yaşadıqları ərazilərdə müvəqqəti olaraq məskunlaşıblar. Bu səbəbdən də məcburi köçkünlərin daimi qeydiyyatda olan şəxslərlə birlikdə səs verməsi düz olmazdı”.

Qeyd: Məqalə IWPR Azerbaijan ofisi tərəfindən International Alert təşkilatının dəstəyilə həyata keçirilən “Eşidilməyən səslər” layihəsi üçün hazırlanıb.
Əfqan Muxtarlı, Qazax
http://civil-forum.az/meqaleler/664-bldiyysiz-mcburi-kknlr.html 

Комментариев нет:

Отправить комментарий