вторник, 22 июля 2014 г.

Azərbaycanlı qaçqın və məcburi köçkünlər məsələsi Avropa Parlamentində müzakirə edildi

Press-reliz: Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) Belçikadakı nümayəndəliyi və Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) 20 iyun - BMT-nin Dünya Qaçqınlar Günü münasibətilə tarixi dəyirmi masa təşkil edib ki, bu da Avropa Parlamentində bu tarixin qeyd edildiyi yeganə tədbirdir.

Müzakirələrin moderatoru, Avropa Parlamentinin Almaniyadan olan üzvü Hiltrud Breyer (Yaşıllar Partiyası) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 875 min azərbaycanlı qaçqın və məcburi köçkünün davam etməkdə olan acınacaqlı vəziyyətindən söz açıb.


Azərbaycanın Avropa İttifaqındakı (Aİ) səfiri cənab Fuad İsgəndərov çıxışında deyib: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan cəmiyyətinə təsir edən ən ciddi məsələdir. Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına kömək üçün bu problemə böyük diqqət ayırır. Qaçqın düşərgələri Azərbaycanın 76 inzibati rayonuna yayılıb. Keçən il qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün Azərbaycan Dövlət Neft Fondunun xəzinəsindən 300 milyon AZN (224,9 milyon funt-sterlinq) vəsait ayrılıb.

Mən buradakı gənc azərbaycanlılardan israrla tələb edirəm ki, Ermənistanın qeyri-qanuni işğalının Azərbaycana vurduğu zərbəni təbliğ etsinlər.

Avropa təsisatlarında çalışanların bu mövzunu unutmaması üçün əlimizdən gələni etmək bizim öhdəmizdədir. Bu insanların hüquqları pozulmaqda davam edir. Avropa Parlamentinin qəbul etdiyi və bu işğalı pisləyən qətnamənin də hələ heç bir nəticəsi yoxdur. Biz özümüz və qonşumuz Ermənistan üçün daha yaxşı gələcək yaratmaq istəyirik”.

ATƏT-in Münaqişələrin Önlənməsi Mərkəzinin rəhbərinin keçmiş müavini, hazırda Belçika Xarici İşlər Nazirliyində təhlükəsizlik məsələləri üzrə məsul şəxs olan Paskal Heyman münaqişədən doğan sosial problemləri analiz edərək deyib: “Azərbaycan statistikasına görə, keçən 10 il ərzində qaçqın və məcburi köçkünlər arasındakı yoxsulluq səviyyəsi 75 faizdən 18 faizə enib. Bununla belə bu səviyyə əhalinin digər hissəsinə nisbətən geri qalır. Köçkünlük ATƏT üçün hər zaman narahatlıq hesab olunub, çünki bu, həmişə qeyri-sabitliyə aparıb çıxarır. ATƏT-in Minsk Qrupu əhalinin əvvəllər məskun olduğu yerə qayıda bilmək hüququnu dəstəkləyir. Bununla belə atılacaq addımlarda məhdudiyyətlər də özünü göstərir, çünki münaqişə hələ də həll olunmamış qalır. Bu da situasiyanı dəyişdirmir”.

İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının rəhbəri, səfir cənab Arif Məmmədov bunları bildirib: “İslam Konfransı Təşkilatı digər təşkilatlara nisbətən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanı dəstəkləyən daha çox qətnamə qəbul edib. Ümid edirik ki, münaqişə həll olunanda qaçqınlar və məcburi köçkünlər cəmiyyətə yenidən inteqrasiya olunacaqlar və Aİ də onların təhsilinə kömək üçün layihələri artıracaq. Aİ-nin həm də qarışıq azərbaycanlı-erməni ailələri üçün layihələri var.

Dağlıq Qarabağda bu cinayətləri törətmiş insanların Ermənistan hökumətində ən yüksək səviyyəyə qalxması qəbuledilməzdir. Ermənistan rəhbərlərinin demək olar ki, hamısı mənşəcə Dağlıq Qarabağdandır. Beynəlxalq ictimaiyyət bu situasiyanı daha diqqətlə analiz etməlidir. Azərbaycan qaçqın və məcburi köçkünlər üçün çoxlu dövlət proqramları həyata keçirib, lakin onlar yenə də öz yurd-yuvalarına qayıtmaq istəyirlər. Ümid edirəm ki, Avropa Parlamenti bu vəziyyətə daha diqqətlə yanaşacaq və bu əzab-əziyyətə bais olanları cəzalandıracaq”.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı, səfir cənab Xəzər İbrahim öz çıxışında bunları söyləyib: “Bu insanlar öz torpaqlarına qayıtmalıdır. İstər Dağlıq Qarabağ və 7 ətraf rayonda, istərsə də Ermənistanda yaşamış olanlar əgər əvvəlcədən orada yaşayıblarsa, ora da qayıtmalıdırlar. Mülkiyyətindən məhrum olmuş insanlar arasında həmişə radikallaşma riski var, amma bu hal azərbaycanlı qaçqın və məcburi köçkünlərə xas deyil. Ümid edirəm ki, bir gün onlar mənim ölkəmi NATO-da təmsil edəcəklər. Bir də ümid edirəm ki, dəyirmi masa kimi belə tədbirlərə ehtiyac qalmayacaq, çünki Azərbaycanda qaçqın və məcburi köçkün olmayacaq”.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsləhətçisi Atanas Baltov deyib: “Aİ belə böhranların həllinin və bütün dünyadakı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıda bilmələrinin tərəfdarıdır. Lakin Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk Qrupunun formatına uyğun yanaşılır.

Zərərçəkən əhalinin təhsilinin keyfiyyətini təkmilləşdirmək üçün Azərbaycanın Aİ mexanizmlərindən istifadə etmək imkanı var. Azərbaycan həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlığı kimi mülki cəmiyyət proqramlarının əhəmiyyətini və status-kvo dözülməzliyini qəbul edir”.

Avropa Azərbaycan Cəmiyyətinin baş müşaviri, Avropa Komissiyasının keçmiş direktoru; Saraqosa Universitetinin siyasi iqtisadiyyat elmləri üzrə professoru Manuel Arnal öz çıxışında bunları bildirib: “Problemlərdən biri ATƏT-in Minsk Qrupunun tərkibidir. 20 ildir ki, aparılan müzakirələrin heç bir nəticəsi yoxdur. Qaçqın və məcburi köçkünlər münaqişənin qurbanlarıdır və Azərbaycan ərazisinin təxminən 20 faizi hərbi işğal altındadır”.

AYAPE İdarə Heyətinin üzvü Yalçın Məmmədov isə bunları söyləyib: “Mən özüm məcburi köçkünəm. Dağlıq Qarabağda kiçik bir Azərbaycan şəhəri olan Ağdamda anadan olmuşam. Bu şəhər münaqişə zamanı viran qoyulub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu yaxınlarda bəyan etdi ki, II dünya müharibəsi bitəndən bəri 51 milyon insan yurd-yuvasından məhrum olub. Malik olduğu qaçqın və məcburi köçkünlərin sayı və nisbəti Azərbaycan kimi kiçik bir ölkə üçün həddən artıq böyükdür. Heç kəs öz seçiminə əsasən qaçqın və ya məcburi köçkün deyil. Qaçmağı və sağ qalmağı bacaranlar qəhrəmandır”.

Tədbirə Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna yekun vurub: “Avropa Azərbaycan Cəmiyyəti bu vəziyyəti təbliğ etmək üçün həmişə iyunun 20-də görüşlər təşkil edir. Qaçqın və məcburi köçkün böhranı qlobal səviyyədədir. Azərbaycan əhalisi münaqişə həll edilmədən evlərinə qayıda bilməz, lakin 20 illik atəşkəs və danışıqlardan sonra hələ də heç bir nailiyyət əldə edilməyib.

Ümid edirəm ki, yeni Avropa Komissiyası bu münaqişəyə diqqət yetirəcək. Aİ və ATƏT kimi beynəlxalq təşkilatlar burada əsas rol oynayır. Bu insanlar üçün əsas qayə öz evlərinə qayıda bilməkdir”.
http://teas.eu/az/press-release-azerbaijani-idps-and-refugees-highlighted-european-parliament
 

Комментариев нет:

Отправить комментарий