понедельник, 29 декабря 2014 г.

"Xədicə İsmayılın elədikləri insanlığa sığan iş deyil" - BRİFİNQ

"Brifinq"də konfliktoloq, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, hüquq müdafiəçisi Əvəz Həsənovdur. Ə.Həsənov bərpa olunan İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun fəaliyyətindən danışdı, dekabrın 31-i ərəfəsindən gözlənilən əfv fərmanı ilə bağlı gözləntiləri söylədi. Dəfələrlə Qarabağa səfər etmək imkanı qazanan konfliktoloq orada keçirdiyi hissləri bölüşdü. O, Qarabağda yaşayan azərbaycanlılar barədə bəhs etdi. İxtisasca kinossenarist olan Ə.Həsənov xoşladığı musiqilər, səfər etdiyi ölkələrdən də danışdı.

Nərgiz Ehlamqızı: 8 ildən sonra İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrup bərpa olundu. İlk toplantılarına qatıla bilmədiyinizi söyləmişdiniz. Qrupda təmsil olunacaqsınızmı?
- Bəli, İşçi Qrupun üzvüyəm. Noyabrın 12-də üzvlüyüm təsdiq olundu. Mənə deyildi ki, dekabrın ortalarında iclas olacaq. O vaxt Bakıda olmayacağam. Vaşinqtonda tədbirə qatıldığımdan, yəqin, İşçi Qrupun toplantısında iştirak edə bilməyəcəyəm. 

Dilqəm Əhməd: İşçi Qrup ətrafında müxtəlif ittihamlar səslənir. Mətbuatda görürük ki, ittihamlara ancaq Novella Cəfəroğlu cavab verir. Digərləri niyə cavab vermir, yoxsa danışırsınız, biz görmürük? 
- Ən çox Novella Cəfəroğlu və Mirvari Qəhrəmanlının mətbuatla əlaqəsi çoxdur. Yerdə qalan hüquq müdafiəçiləri mətbuatla maraqlanmağa meylli deyillər. Eyni zamanda, mətbuat da heç onlarla maraqlanmır. Biz
Facebook səhifəmizdə, Twitter-də düşündüklərimizi yazırıq. Ola bilsin ki, dediklərimizin mətbuat üçün o qədər də əhəmiyyəti yoxdur. Ona görə də istənilən ittiham və gözləntilərə də öz informasiya vasitəmizlə cavab vermişik. Biz daha çox yeni mediadan, Novella xanım ənənəvi qəzetdən istifadə edir. Bizim bazarımız ənənəvi oxucu bazarı deyil.

D.Əhməd: İşçi Qrupdan gözləntilər varmı? İnsanlar düşünür ki, İşçi Qrupun siyahısındakı şəxslər qısa zamanda buraxılmalıdır...
- İnsanların İşçi Qrupdan və hüquq müdafiəçilərindən gözləntiləri var. Təbii ki, gözləntilərə çox vaxt cavab verə bilmədikdə insanlarda xəyal qırıqlığı olur. Əlimizdə tam səlahiyyət yoxdur axı. O, hökumət və qeyri-hökumət təşkilatlarının İşçi Qrupudur. Orada dediklərimizi gərək hökumət də təsdiq eləsin. Ondan ötrü bizə uzun yol lazımdır, gərək inandıraq, hər bir adam haqqında ayrıca arayış yazaq. Son vaxtlar İntiqam Əliyevin evə buraxılması və istintaqın evdə davam etdirilməsi haqda arayış yazdıq. Çünki hökumət İntiqam Əliyevi tanıyır, ancaq onun işinin geniş xarakteri barədə gərək məlumat alsın. Ona görə də biz onu tərtib etdik. Bizi ittiham edirlər, amma işimizi davam etdiririk. 

N.Ehlamqızı: İstərdim, İşçi Qrupun bərpasından sonra ilk toplantısına qayıdaq. Xüsusilə Qrupun tərkibi barədə müzakirələr vardı. Xədicə İsmayılın hüquq müdafiəçiləri haqda statusu rezonans doğurmuşdu. 
- Mən Xədicə İsmayılın statusunu həmin gecə oxudum, o vaxt Londonda idim. Ona reaksiya verdim. Xədicənin öz funksiyasını şişirtmək, digər hüquq müdafiəçilərinin onun fonunda o qədər də güclü olmadığını göstərmək üçün yazdığı statusu İşçi Qrupda taleyini həll elədi. Təbii ki, hansısa dəyirmi stol arxasında oturmağa gedirsənsə, öz həmkarlarını təhqir edə bilməzsən. Xədicənin də böyük səhvi o idi ki, həmkarlarını təhqir elədi, onları hökumətə işləməkdə ittiham etdi. İndi bəlli olur ki, Azərbaycanda stabil fəaliyyətdə yalnız elə "köhnə" hüquq müdafiəçiləri qalıb. Yenilər, yeni yarananlar, bizim dəstəklədiklərimizin hamısı tez sıradan çıxdılar, ölkədən getdilər. 

D.Əhməd: İşçi Qrupun əleyhinə həbsdəki fəallar adından bir məktub yayılmışdı. Bunu kimlər təşkil edirdi? Qrupa qarşı çıxmaq üçün bu məhbuslar alətmi edildi?
- Bu məktubun əsas təşkilatçısı, təbii ki, Xədicə və onun komandası idi. Niyə etdikləri barədə bir söz demək bizim üçün çətindir. Hətta valideynlərlə görüşüb onlardan ərizə almaq və hüquq müdafiəçilərinə qarşı etiraz məktubu toplamaq həmkar kimi insanlığa sığan iş deyil. Xədicənin özü heç vaxt sübut edə bilmədi ki, stabil insan hüquqları müdafiəçisi kimi həbsdə olan insanların hüququnu qoruya bilir. Əlində ciddi sübutu yoxdur.
Yalnız "Azadlıq" radiosunun resursundan istifadə edib auditoriyaya təsir edə bilirdi. Real iş lazım idi, insanlarla görüşüb onlara ümid vermək kimi potensial o dəstədə yox idi. Nə Rəsul Cəfərovda, nə də Emin Hüseynovda belə potensial vardı. Onlar informasiyanı toplayıb hansısa bəyanatlar vasitəsilə informasiyadan insan hüquq müdafiəçilərinin işini görürdülər. Ancaq real işi kimi görür? İnsanları həbsdən çıxarmağa kim gedirdi? Nə Leyla Yunus, nə də biz gedirdik. O işi görən adam Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlıdır. 
 "Cəbhəçi qızı bölmədən çıxardıq, yazdı ki, Novella Cəfəroğlu hökumətə işləyir"
 D.Əhməd: Amma Novella xanımı hökumətə işləməkdə suçlayırlar.
- Deyirlər, gəzən ayağa palçıq batar. O ittihamların Novella xanımın işinə və imicinə az təsiri oldu. Yadımdadır ki, 18-ci polis bölməsində AXCP-nin üzvü olan qızı çıxardıq. Sonra gəlib Facebook-da statusunu oxudum. Həmin qız Novella xanımı hökumətə işləməkdə günahlandırırdı. Biz belə halları çox görmüşük. Bunu insanların olanı normal dəyərləndirməmək imkanı kimi qiymətləndirirəm. 

Taleh Şahsuvarlı: Cəmiyyətin hüquq müdafiəçilərinə olan qınaqlardan biri də budur ki, niyə onlar erməni əsirliyində olan insanlarla bağlı fəal mövqe qoymurlar?
- Cəmiyyətin atdığı addım adekvat olsaydı, bunu haqlı etiraz saymaq olardı. Hüquq müdafiəçiləri öz imkanları çərçivəsində Dilqəm Əsgərov, Şahbaz Quliyev üçün nə isə etməyə çalışıb. Amma bizim auditoriyanın etdikləri çox azdır. Elementar bir şeyi xatırladım, bir dəstə jurnalistlər bu hadisədən sonra bir tədbir təşkil etdilər. Mən də oraya dəvətli idim. Elə oldu ki, iştirakçılardan dərhal sonra mənə söz verdilər. Mən də reallığı onlara başa saldım, indiyə qədər təkrarladığım və proqnozumda yanılmadığım şeyi onlara xatırlatdım ki, siz həmin adamların azad olunması üçün ilk növbədə öz çadırınızı beynəlxalq səviyyədə qurmalısınız. Xarici səfirliklər, beynəlxalq təşkilatların qarşısından Ermənistana qarşı öz kampaniyanızı aparmalısınız. Zalda başqa pafoslu sözlər vardı. Sonra gəlib jurnalistlərin yazdıqlarını oxudum, hətta həmyerlilərim olan jurnalistlər belə o tədbirdə olduğum barədə bir cümlə yazmamışdılar. Dediklərim bir yana qalsın, tədbirdə iştirak etdiyim barədə protokol məlumat belə yox idi. Başa düşmürəm, biz nə etməliydik? Bu barədə jurnalistlər yazmadılar, cəmiyyətdə də belə təsəvvür yaranır ki, biz bu işlə məşğul deyilik. 

T.Şahsuvarlı: Əminsinizmi, getsəniz onları qaytara biləcəksiniz?
- "Məhkəmə" bitməyənə qədər onları qaytarmaqdan söhbət gedə bilməz. Mən demişəm, o məhkəmə şousu bitənə qədər onların qaytarılması mümkün deyil. Yalnız o vaxt qaytarılacaq ki, hansısa "cəza" alacaqlar. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır onun həmin ölkəyə ekstradisiyası təşkil oluna bilər. Yaxud bir neçə il sonra hər ikisinin qaytarılması təşkil edilər. Ancaq şou bitməyincə onları qaytara bilmərik. Sadəcə, gedib Qarabağda həmin şounu faş eləmək mümkün idi. Mən dedim ki, Azərbaycan beynəlxalq səviyyədə vəkillər tutsun və o vəkilləri Dağlıq Qarabağa göndərsin, Azərbaycanın adından orada danışsınlar. Bu, Qarabağın müstəqilliyinin tanınması deyildi, sadəcə, Azərbaycanın öz vətəndaşını qoruması demək idi.
T.Şahsuvarlı: Erməni hüquq müdafiəçiləri bu yöndə nə iş görür?
- Onlar bilirlər ki, burada siyasi məqamlar var, hamı istifadə edir, ona görə də bu barədə danışmırlar.

T.Şahsuvarlı: Necə olur erməni ilə bağlı məsələ olanda bizim dırnaqarası hüquq müdafiəçilərimiz Facebook-da aləmi bir-birinə qatırlar. Ancaq bizimkilər haqqında ermənilər heç nə demirlər. Fərq nədədir?
- Fərq odur ki, ermənilərin bizimlə sorunu yoxdur. Onlar artıq bizimlə öz problemlərini bitmiş hesab edirlər. Bizimsə ermənilərlə problemimiz var. Birinci problem odur ki, torpaqlarımızı geri qaytarmalıyıq. İkincisi də, vətəndaşımız olan Dağlıq Qarabağ ermənilərinə xoş rəftar göstərməliyik. Erməni bizim haqqımızda nə desə də, Qərb ona reaksiya vermir. Fikirləşir ki, iki düşmən dövlətdir. Ancaq Azərbaycanda erməni haqqında ümumi nə isə deyiləndə dərhal Qarabağda onu Qərbə tərcümə edirlər və göstərirlər ki, baxın görün azərbaycanlılar haqqımızda nə fikirləşirlər. 2003-cü ildə Qarabağda olanda onların "xarici işlər nazirliyi"nin bülleteninə baxdım, həmin bülleteni hazırlayan redaktorla görüşdüm. Sizi inandırım ki, onlar Azərbaycanda ən radikal bəyanatları təhlil edib bülletenə verirlər. 

D.Əhməd: Dünya Azərbaycanlılarının Həmrəylik Günündə əfv gözlənilirmi? Artıq Novella Cəfəroğlu əfvlə bağlı işarə verib... 
- Bəli, Novella xanım deyib, bizim də müəyyən qədər ümidimiz var ki, siyahıda olan bəzi adamlar azad ediləcək. Dekabrın 31-nə əfv gözlənilir. 4 hüquq müdafiəçisi 1 ay əvvəl ölkə başçısına məktub yazmışıq. Orada 34 nəfərin adı var. Əfv siyahısında 34 nəfərdən kimlərinsə olacağını gözləyirik. 
 "People in Need"ə rəğbətim yoxdur"
 T.Şahsuvarlı: Batumi hadisələri çərçivəsində "People in Need"in fəaliyyəti geniş müzakirələrə səbəb oldu. Bu QHT barədə fikirləriniz necədir?
- O təşkilatla hər hansı kəsişməm olmayıb. Bir dəfə Brüsseldə onların nümayəndəsinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində çıxışına qulaq asmışam. Deyim ki, ciddi təşkilatdır, yox. Mənim fokusumda olan təşkilat olmadığı üçün onlarla maraqlanmamışam. O təşkilata rəğbətim yoxdur. Elə bir ciddi təşkilat kimi də tanımıram.
 "Sərsəngdən keçib Kəlbəcərin sərhədinə kimi getmişəm"
 T.Şahsuvarlı: Əvəz bəy, Qarabağ səfərlərində Kəlbəcərə getmisiniz?
- Yox, amma Qozlu körpüyə getmişəm. Öz kəndimizə getmək heç vaxt mümkün olmayıb. 2003-cü ildə Sərsəngdən keçib Kəlbəcərin sərhədinə kimi getmişəm. Oradan o yana ermənilər deyiblər ki, hərbçilər var və təhlükəsizliyə təminat verə bilmirik. 
T.Şahsuvarlı: Nə hisslər keçirdiniz?
- Qarabağa birinci səfərim 2000-ci ildə olub. Kimliyindən asılı olmayaraq adamda sentimental ruh olur. 
  "Erməni dedi ki, Bakıdanam, hisslərinizi yaxşı başa düşürəm"
 N.Ehlamqızı: Qarabağda qalmısınız, yoxsa birgünlük səfər olub?
- Yox, səfərim 1 günlük olmayıb, 10 gündən çox qalmışam. Oteldə gecələyirdik. Birinci gecə Xankəndində qalanda səfər yeməyinə düşmədim. Bakılı aşpaz özü mənim nömrəmə qalxdı, soruşdu ki, niyə yeməyə gəlmədiniz? Dedim ki, yemək istəmirəm. O yolda söhbət elədi, dedi ki, Bakıdanam “20-ci sahə”də yaşamışam, hisslərinizi yaxşı başa düşürəm. 
 "İsa bulağında kabab yemişəm"
T.Şahsuvarlı: Könlünüzdən orada kabab çəkmək keçmədi?
- Kababı heç Bakıda çəkə bilmirəm (gülür). Cıdır düzünə də, İsa bulağına da getmişəm, kabab da yemişəm. Əvvəl Qarabağda olmadığım üçün hisslər yeni idi. Laçındakı, Ağdamdakı hisslərim köhnə idi. Hər kəsin xəyalında Qarabağ var. Mənə elə gəlir ki, orada insanların yaşayış tərzləri ermənilərin özündən belə fərqlidir. 

T.Şahsuvarlı: Azərbaycandan köçüb gedənlər nə üçün darıxırlar? 
- Təbii ki, hökumət müəyyən vəd verib onları ora gətirir. Kənara çıxmaq şansı olan insanlar Qarabağda öz kefindən yaşamır. Qaçqınlar da Qarabağa öz keflərindən gəlmirlər. Onlara dövlət vəd verir, maliyyə, biznes imkanları yaradır. Qarabağda Ermənistana nisbətən kənd təsərrüfatı ilə məşğul olmaq asandır. Müəyyən güzəştlər də var, hərbçi ailəsinə güzəştlər olur. Diaspora nümayəndələrindən Qarabağda yaşayanlar çoxdur. Valideynlərindən biri erməni olanları da gətizdirirlər. 

D.Əhməd: Beynəlxalq tədbirlərdə erməni hüquq müdafiəçiləri və QHT rəhbərləri ilə görüşləriniz olur. Onların Qarabağ münaqişəsi ilə bağlı mövqeləri necədir?
 - Bizim hamımızın həqiqətimiz var. Desəm ki, ermənilər bizim mövqeyimizə yaxınlaşan mövqe nümayiş etdirirlər, yanılmış olaram. Ancaq ortaq məxrəci biz də, onlar da tapır. Bu, daha çox bezməkdən irəli gələn məxrəcdir. İnandırım sizi, ermənilərin Qarabağdakı müharibənin uğurundan sonra iqtisadi vəziyyətləri yaxşı olsaydı, Azərbaycanla danışmağa mövzuları belə olmazdı. Çünki sərhədlərini bağlayacaqdılar və deyəcəkdilər ki, kimdir Azərbaycan, hansı dövlətdir? Ancaq iqtisadi vəziyyət çətindir. Qafqazda əlavə kanal açıb getmək mümkün deyil, blokadadır. Ermənistanın Avropaya heç olmasa 1 kanalı açılsaydı, onların yadına da düşməzdik. Ancaq indi müzakirə etməyə, kompromisə getməyə, bəzən Ermənistan hökumətinin siyasətini pisləməyə də gedirlər. Ona görə yox ki, bizi istəyirlər. Ona görə ki, Ermənistanı düşdüyü vəziyyətdən çıxarmaq istəyirlər.

T.Şahsuvarlı: Onda belə çıxır ki, əlimizdəki əsas silah blokadadır?
- Çox qəribə şeydir ki, blokada müəyyən müddətə qədər çox güclü silah idi. Sərhədlərin açılması məsələsinə baxaq, Türkiyə sərhədləri açmaq elanını verəndən sonra bəlli oldu ki, bunun ömrü uzun olmayacaq. Məncə, Azərbaycan hökuməti bunu başa düşür. Ermənistanın Gömrük İttifaqına girməsi ilə blokada getdikcə əhəmiyyətini itirəcək. Qalır bircə Qarabağın blokadası. Azərbaycan Qarabağı blokadada saxlamağa müvəffəq oldu. Ermənistan Gömrük İttifaqına girsə belə, Dağlıq Qarabağ üzərində Azərbaycanın səlahiyyətləri tanınır.
 "Sərhədlərin açılması heç də ermənilərə sərf eləmir"
 T.Şahsuvarlı: Ermənistan onsuz da Laçın vasitəsilə Dağlıq Qarabağa yardımlar edir. Dağlıq Qarabağın blokadasını o vəziyyətdə saxlamaq mümkün olacaqmı?
- Söhbət real blokadadan yox, beynəlxalq izolyasiyadan gedir. Onsuz da Ermənistan Dağlıq Qarabağa Laçın dəhlizi və Kəlbəcərdən Zod vasitəsilə yardım edir. Fiziki blokada yalnız qışda mümkün olur. Dekabr-yanvar ayında fiziki cəhətdən maşınların hərəkəti çətindir. Təbii ki, erməniləri vacib layihələrdən kənarda qoymuşuq. Məncə, o siyasət də davam edəcək. Türkiyə də bu siyasətdə Azərbaycanı dəstəkləyir. Çünki Türkiyənin əlavə layihə təşəbbüsü yoxdur, Azərbaycanın layihələrinə qoşulur. Qafqazdan gedən nə varsa, hamısında Azərbaycanın diqtəsi var. Türkiyə ilə sərhədlərin açılması heç də ermənilərə sərf eləmir. Çünki Türkiyənin investisiyası təxminən Ermənistanı alacaq. Ermənistan iqtisadiyyatında nə varsa, hamısı Türkiyənin səlahiyyətlərində olacaq. Ermənilər bundan çox qorxurlar. Bunu 2010-cu ildə İrəvanda səfərdə olanda konfransda da dedim. Ona görə ermənilər maraqlıdırlar ki, genosid məsələsi gündəmdən çıxmasın. Çünki dırnaqarası genosid tanınacaqsa, ermənilərin artıq kompensasiya istəmək səlahiyyəti olacaq. Genosidi tanıtmadan sərhədləri açmaq ermənilərə sərf eləmir. 
 “Qarabağda yaşayan üç azərbaycanlı tanıyıram”
 Səxavət Həmid: Qondarma rejimin Vikipediada olan səhifəsində orada 6 azərbaycanlının yaşadığı barədə məlumat var. Siz heç azərbaycanlıya rast gəldiniz?
- Mən də azərbaycanlı görmüşəm. Vaqif adlı bir azərbaycanlı kişi orada radioda çalışır. Bir azərbaycanlı qadın ailəlidir, Bakıdakı qohumlarını da tanıyıram. Onun həyat yoldaşı olan erməni rəhmətə gedib. İki övladı var idi, uşağının biri hətta müharibədə vuruşub.

T.Şahsuvarlı: Ermənilərin tərəfində vuruşub?
- Təbii ki, ermənilərin tərəfində vuruşub. Başqa bir qadın var, müəllimə işləyir. Təbii ki, ermənilər o azərbaycanlılardan ekzotik nüsxə kimi istifadə edirlər və çalışırlar ki, hamıya göstərsinlər. Məsələn, Vaqif məndən müsahibə də almışdı. Siyasi proseslər gedəndə böyük oyunlarda kiçik kimsə qalır, onlara artıq nifrət etmirsən. 
 “Alim Qasımov ən sevdiyim sənətkarlardan biridir”
 Nərmin Muradova: Musiqi ilə aranız necədir?
- Mən muğamsevərəm. Məndə musiqiyə sevgi parodoksaldır. Xalqların folklor musiqisini xoşlayıram. Meditasiya mahnılarını daha çox bəyənirəm. O baxımdan, muğam mənim üçün meditasiya mahnısıdır. Konfliktdən qaçmaqda həmin musiqilərin rolu çoxdur. Azərbaycanın son estradasını sevmirəm. Özünəməxsus musiqiçiləri xoşlayıram. Dünyada tapılmaz səs temprlərinə malik müğənnilərimiz var. Azərinin adını çəkə bilərəm. İrfan gecələrindəki muğamı dinləyirəm. Hətta xaricilər bizə qonaq gələndə mən irfan gecələrini izlədirəm. Azərbaycanda dinlə musiqinin birgə vəhdətini görəndə dəhşətə gəlirlər və deyirlər ki, siz necə də buna nail olmusunuz. Azərbaycanda dünya musiqisi ilə vəhdət tapa bilən adamlar yoxdur. Alim Qasımov mənim ən sevdiyim sənətkarlardan biridir. O, Azərbaycan musiqisini ölkəmizdən kənara çıxara bilib.

N.Ehlamqızı: Bu mənada, Sevda Ələkbərzadəni bəyənərsiniz...
- Sevda Ələkbərzadə, Əzizə Mustafazadənin ifaları mənim xoşladığım stildir. Sevdanın oxunuş stili maraqlı olsa da, onun fanatı deyiləm. 
 “Röya ilə duet oxuya bilərik”
 N.Muradova: Bəs Röya? 
- Röyanın yaxşı bas tempi var. Mənim də səs tempim ancaq ona çatır. Hesab edirəm ki, Röya ilə yaxşı mahnı oxuya bilərik. Sadəcə mənim musiqi duyumum yoxdur. 

N.Muradova: Hansı xarici ölkə Sizi təəccübləndirib?
- İndiyə kimi yadımdan çıxmayan ölkə Nepaldır. Hər dəfə də oraya getmək istəyirəm. Çirkli, biabırçı şəhər mədəniyyəti olan ölkədə təmizlik ruhu var. Orada aldığım mənəvi qidanı heç bir Avropa ölkəsində ala bilməmişəm. Eyni zamanda Filippini bəyənirəm. Filippinə səfərim zamanı orada sunami və xəstəliklər yayılmışdı, ancaq sevdiyim səfər sırasındadır. 
D.Əhməd: Everesti görə bildiniz?
- 4100 metr hündürlükdə oteldə qalırdım, təmiz havadan sinəm yanmışdı. Səhər çıxıb dərindən hava aldım, sinəm yandı. 

D.Əhməd: Rəsmi səfər idi, yoxsa istirahətə getmişdiniz?
- Heç vaxt istirahətə getməmişəm. Bilirsiniz ki, konfliktoloqun işi bütün konflikt bölgələrini gəzməkdir. Məsələn, Nepala səfər edəndə hökumət qüvvələri ilə maoçilər və terrorçu qüvvələr arasında gərgin konflikt gedirdi. Biz onların təcrübəsini öyrənmək və öz məsləhətlərimizi vermək üçün getmişdik. Orada 1 həftədən çox qaldıq, danışıqlarda iştirak etdik. Şəxsi səfərlərim az olur. Ölkələri gəzmişəm, vəsait xərcləyib getməyimə ehtiyac yoxdur.

N.Muradova: Kitab oxumağa vaxt tapa bilirsiniz?
- Son vaxtlar kitabları təyyarədə oxuyuram. Azərbaycan klassiklərindən tutmuş dünya klassiklərinə qədər çoxlu əsərləri oxumuşam. Müasir ədəbiyyatdan Elçin Hüseynbəylidən tutmuş Seymur Baycan, Qaraqana qədər oxumağa çalışıram. Daha çox dünya klassiklərini oxuyuram. Axı mən ixtisasca kinossenaristəm. Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm.

N.Muradova: Heç ssenari yazmısınız?
 - Tələbə vaxtı 20 Yanvar hadisələri ilə bağlı roman yazırdım. İndi yaxşı layihələr yazıram (gülür).

N.Ehlamqızı: Romanı çap eləmədiniz?
- Yox, onu məhv elədim. Ancaq süjet indi də başımdadır. Ancaq indi kino ssenarisi yazıram. Qarabağla bağlı bir sənədli film çəkmişəm. Bununla bağlı potensialım var. 

D.Əhməd: İndiki serialları izləyirsiniz?
- Azərbaycan seriallarına baxmamağa çalışıram. Amma ailəmin izlədiyi Azərbaycan seriallara baxmağa çalışıram, görüm bu serialı niyə izləyirlər. Vaxtilə türk seriallara baxırdım. Sevdiyim serial qəhrəmanları da vardı. “Aşka sürgün” serialındakı qəhrəmanı - Berən Saatı bəyənirdim.

N.Muradova: “Möhtəşəm Yüzil” serialına baxmamısınız?
- Ömrümdə bir dəfə “Möhtəşəm Yüzil”in 1 serialına Novella xanımla birgə baxmışam.

D.Əhməd: QHT sektorundan siyasətə keçməyi düşünürsünüz?
- Vaxtilə Azərbaycan Sosial Demokrat Partiyasında olmuşam. 

N.Ehlamqızı: Solçusunuz?
- Liberal demokratam, nəinki sosial demokrat. Ancaq partiya mənsubiyyətim yoxdur.

N.Ehlamqızı: Necə oldu Araz Əlizadə ilə yollarınızı ayırdınız?
- 1997-ci ildən onunla yollarımızı ayırdıq. Prezident seçkiləri ərəfəsində razılaşmadıq. Mən Mərkəzi komitənin üzvü idim. 
“Deputat olsam, indiyə kimi topladıqlarımı itirəcəyəm”
 D.Əhməd: Gələn il parlament seçkiləridir, mandat uğrunda mübarizəyə qatılacaqsınız?
- Düzü, bu barədə düşünürdüm. Ancaq fikirləşirdim ki, parlament seçkilərinə gedib deputat olsam, indiyə kimi topladıqlarımı itirəcəyəm. İndiyə kimi topladıqlarım Azərbaycana daha çox lazımdır, nəinki deputat olmağım. Təbii ki, öz şəraitimi yaxşılaşdıra, imkanlarımı genişləndirə bilərəm. Ancaq elədiklərim, ekspert kimi beynəlxalq aləmdə tanıdıqlarım daha vacibdir, nəinki deputat kimi tanınmaq. Deputat olmadan belə özümü rahat hiss edirəm. 


http://teleqraf.com/news/35040

Комментариев нет:

Отправить комментарий