понедельник, 16 декабря 2013 г.

Qaçqın çadır şəhərciklərinin ləğvi dövlət və ictimai maraqların mühüm vəhdət layihəsi kimi...

Son 20 ildə Azərbaycan xalqının üzləşdiyi çətinliklərin sırasında qaçqınların və məcburi köçkünlərin problemləri daha dəhşətlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün erməni separatçıları tərəfindən pozulması faktı artıq dünyaya bəllidir. Bu işğal nəticəsində 1 milyondan artıq insan öz kəndlərindən, doğma yurdlarından qaçqın düşüb.
Azərbaycan dövləti erməni təcavüzü nəticəsində zərər çəkən insanlara, vətəndaşlarına çox böyük dəstək verdi, bu gün də o dəstəyi, qayğını davam etdirir. Dağlıq Qarabağ münaqişəsi zamanı minlərlə insanın düçar olduğu bəlaları təsvir etməyə söz acizdir. Dövlətimiz qaçqın və məcburi köçkünlərə istənilən şəraiti yaradıb. Bu yalnız onların yaşayış yerinin təminatı ilə bağlı qayğı deyil, həm də o insanlarda yurdlarına dönəcəklərinə ümid yaradıb dövlətimiz. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə xüsusi diqqət ayırır. Məlumdur ki, son illər bu qayğı daha intensiv xarakter alıb. Məsələ burasındadır ki, qaçqınçılığın ilk illərində soydaşlarımız çadır şəhərciklərinə, fin düşərgələrinə, vaqonlara pənah aparıb. Amma 2000-ci ilin əvvəllərindən başlayaraq dövlətimiz çadır şəhərciklərində, fin evlərində yaşayan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı və uzunmüddətli layihələr həyata keçirməyə başladı. 2011-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilirdi ki, çadır şəhərciklərinin ardınca qaçqın və məcburi köçkünlərin məskunlaşdığı fin qəsəbələrinin ləğvi istiqamətində də mühüm addımlar atılır və cari ildən etibarən bu istiqamətdə görülən işlərin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Hətta belə bir məlumat da mətbuatda yer alırdı ki, ümumilikdə 2013-cü ilə qədər ölkə ərazisindəki bütün fin qəsəbələrinin ləğvi gözlənir. Bildiyimiz kimi artıq ölkədə bu proses başa çatmaqdadır. Artıq bir neçə belə qəsəbənin ləğvindən sonra görüləcək işlər sayəsində daha 13 fin qəsəbəsində yaşayan məcburi köçkünlər müasir standartlara uyğun evlərlə təmin ediləcək.
   Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq İmişlidə fin qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün yeni yaşayış məntəqəsinin salınması məqsədilə torpaq sahəsi ayrılıb və həmin sahə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansına daxil edilib: "Eyni zamanda, bu məqsədlə Ağcabədi və Şəkidə də torpaq sahəsi ayrılıb, orada layihələndirmə işləri başa çatıb. Diqqət yetirilən önəmli məqamlardan biri də ondan ibarətdir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınır və bu, müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, məcburi köçkünlərin əksəriyyəti məskunlaşdıqları rayonlarda öz işlərini qurub. Onları öz işlərindən kənarlaşdırmamaq üçün elə məskunlaşdıqları rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamasına gətirib çıxarır. Beləliklə, çadır şəhərciklərinin ardınca artıq fin qəsəbələrinin ləğvi sahəsində də uğurlu addımlar atılır".
   Məlumdur ki, artıq doğma yurdlarından didərgin düşən soydaşlarımıza diqqət və qayğı sayəsində Ağcabədi rayonunda da çadır düşərgələri ləğv olunub, qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin şəxsi qayğısı və göstərişi ilə Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan mükəmməl infrastruktura malik yeni qəsəbələrə köçürülməsi dövlətin bu insanlara həssas münasibətinin təzahürüdür. İndiyədək qaçqın və məcburi köçkünlər üçün ölkəmizin müxtəlif yerlərində bütün infrastruktura malik 70-dən çox qəsəbə salınıb. Bu qəsəbələrdə 20 min mənzil tikilib, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-dək səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları istifadəyə verilib, su, elektrik, qaz xətləri, yollar çəkilib.
   Tarixçi Təzəgül Yusifovanın sözlərinə görə, 1994-cü ildən bu yana qaçqın və məcburi köçkünlərə qayğı və diqqət davamlı xarakter alıb. O bildirdi ki, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev tərəfindən əsası qoyulan bu qayğının indiki Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi çox müsbətdir: "Azərbaycan xalqı XX əsrdə çox bəlalarla üzləşib. Xalqımızın tarixində bir neçə qaçqınlıq, məcburi köçkünlük, deportasiya aktı olub. Təəssüflər olsun ki, bu belədir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata ocaqlarından didərgin salınan soydaşlarımız bu ağrını canlarında yenə də gəzdirir. Bu yaralar Azərbaycan dövlətinin qayğısı ilə bir qədər qaysaqlanıb. Sözsüz ki, o yaralara dərman o insanların ata yurdları ola bilər. Şəksiz belədir. Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsi barədə gördüyü tədbirlər ictimaiyyətin də təqdir etdiyi haldır. Rəsmi məlumatlara görə, son yeddi-səkkiz ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Prezidenti 30-dan artıq fərman və sərəncam imzalayıb, bir Dövlət Proqramı və ona əlavələri təsdiqləyib. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilib, Milli Məclisdə qanun qəbul olunub. Hazırda qaçqınlara və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti məcburi köçkünlərə çox böyük diqqət göstərir və bu mənada bir çox ölkələr üçün nümunə ola bilər. Bu faktı hələ 2007-ci ildə Azərbaycanda səfərdə olmuş BMT baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalin hazırladığı hesabatda da qeyd edib. Görürsüz, artıq əcnəbilər də görülən işlərə biganə qala bilmir".
   Tarixçi dedi ki, dövlətimizin başçısının verdiyi sərəncamlardan biri mənzil hüququ pozulan yüzlərlə insanın bu hüququnun təmin edilməsi ilə bağlı olub: "Faktdır ki, bəzi məcburi köçkün ailələri öz doğma yurd-yuvalarını tərk etdikdən sonra elə məcburiyyət qarşısında başqa insanlara məxsus mənzillərdə məskunlaşdılar. Bu da həmin insanların mənzil hüquqlarının pozulması ilə nəticələndi. Lakin indi bu məsələnin həllində praktik addımlar atılır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşan 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bu da 1210 insanın mənzil hüququnun təmin olunması deməkdir. 2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşan 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşmaqdadır".
   Deyək ki, artıq Bakı Dövlət Universitetinin yataqxanasından 450-yə yaxın məcburi köçkün Müşfiqabadda salınan yeni şəhərciyə köçürülüb. Artıq köçürülmə prosesi bir neçə ay əvvəl başa çatıb. Məlumatlara görə, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün 1440 ailəlik yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dövlət Neft Fondundan ayrılan 127, 5 milyon manat hesabına inşa olunub. Keçən ilin sonlarında rəsmi açılış zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada tikilən binalarla, o cümlədən, 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb və 140 yerlik uşaq bağçası ilə də tanış olub. Yeni məhəlləyə 1400 ailə və ya 5 min 756 məcburi köçkün köçürülüb. Məcburi köçkün ailələrindən 320-si Ağdam, 570-i Cəbrayıl, 100-ü Zəngilan, 160-ı isə işğal olunmuş digər rayonlardandır. Məhəllənin ərazisi 22 hektardır. Buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır.
   Gəncədə də 1500 ailəlik 5 mərtəbələr tikilir ki, bura Gəncədə məskunlaşan məcburi köçkünlər köçürüləcək. Eyni zamanda, Bərdədə 766 ailəlik 5 mərtəbələr tikilir ki, bura da Bərdədə məskunlaşan məcburi köçkünlər köçürüləcək. Binaların bu il tikilib tam təhvil veriləcəyi və ora məcburi köçkünlər köçürüləcəyi bildirilir. Artıq Mingəçevirdə salınan 502 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi prosesi başa çatıb.
   Qeyd edək ki, hazırda "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Gəncədə 25 hektar sahədə salınmış qəsəbədə hər biri 5 mərtəbəli olmaqla 25 çoxmərtəbəli bina, Bərdə rayonunda yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbədən ibarət 15 ev, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub, inzibati bina, poçt inşa edilir. Bundan başqa, İmişli, Qəbələ, Balakən, İsmayıllı rayonları ərazilərində də qaçqın və məcburi köçkünlər üçün yeni binalar inşa edilir.
   Məcburi köçkünlərin həyat şəraitinin düzəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi siyasət ictimaiyyətin maraqlarını təmin edir. İctimaiyyət hesab edir ki, Azərbaycan dövləti bu qayğını torpaqlar işğaldan azad olunana qədər, ondan sonra da davam etdirəcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur

Комментариев нет:

Отправить комментарий