|
Cenevrə,
29 sentyabr (AzərTAc). Sentyabrın 29-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.
Sessiyada BMT QAK-ın İcraiyyə Komitəsinə üzv dövlətlərin nümayəndə heyətləri,
qaçqınlara yardım üzrə beynəlxalq qurumların, regional, donor və BMT-yə
tərəfdaş təşkilatların təmsilçiləri iştirak edirlər.
Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə
heyəti təmsil edir.
Sessiyanın ilk günü BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş,
İcraiyyə Komitəsinin sədri Çoi Seokyunq, BMT baş katibinin soyqırımının
qarşısının alınması üzrə xüsusi müşaviri Adama Dienq, Afrika qrupu adından
Namibiyanın daxili işlər və immiqrasiya üzrə naziri Pendukeni İivula-İtana,
eləcə də bir sıra beynəlxalq təşkilatların və nümayəndə heyətlərinin
rəhbərləri çıxış ediblər. Onlar hazırda dünyanın müxtəlif regionlarında,
xüsusilə də Afrikada qaçqın və məcburi köçkün probleminin acınacaqlı hal
aldığını, bu qitədə 3 milyon insanın qaçqın, 12,5 milyon insanın məcburi
köçkün həyatı yaşadığını, bununla yanaşı, 700 mindən artıq insanın
vətəndaşlığının olmadığını qeyd ediblər. Çıxışlarda qaçqınlara humanitar
yardımların artırılmasının vacibliyi ilə yanaşı, böhran və münaqişə
ocaqlarında siyasi iradə göstərilməsinin və qaçqın problemlərinin
səbəblərinin aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli HƏSƏNOV sessiyada çıxış
edərək dedi:
- Hörmətli cənab sədr. Xanımlar və cənablar.
İlk növbədə BMT-nin Qaçqınlar üzrə ali komissarına İcraiyyə Komitəsinin cari
sessiyasında ali seqment çərçivəsində Afrika qitəsində qaçqınlarla bağlı
vəziyyətə dair müzakirə keçirilməsi barədə vaxtında irəli sürülmüş təşəbbüsə
görə təşəkkürümü bildirmək istərdim.
Bu qitə daxilində, habelə onun hüdudlarından kənarda insanların kütləvi
miqrasiyası beynəlxalq birliyin qarşısında uzun müddət mövcud olan qaçqınlar
və məcburi köçkünlər problemləri ilə yanaşı, yeni vəzifələr qoyur. Bu məsələ
Azərbaycan hökumətini ciddi narahat edir. Bir fakt daha böyük təşvişə səbəb
olur ki, Afrika qitəsində qaçqınların və məcburi köçkünlərin problemləri ilə
bağlı çoxdan bəri davam edən bir sıra məsələlərin həllində lazımi irəliləyiş
əldə edilməyib.
Biz BMT QAK-ın yeni böhranlı vəziyyətlərə, o cümlədən Afrika qitəsində
yaranmış vəziyyətə operativ münasibətini alqışlayır və yüksək
qiymətləndiririk. Azərbaycan hökuməti BMT QAK ilə əməkdaşlığı həmişə yüksək
qiymətləndirib və onun təkcə bizim ölkədə deyil, həm də beynəlxalq səviyyədə
fəaliyyətini dəstəkləyir.
Azərbaycan qonşu Ermənistan tərəfindən ölkəmizin beynəlxalq səviyyədə
tanınmış ərazisinin beşdəbir hissəsinin işğal edilməsi ilə bağlı problemləri
20 ildən artıq müddətdə öz üzərində hiss edən bir ölkə kimi Afrika qitəsi
ölkələrinin məruz qaldığı problemlərin bütün ağırlığını çox yaxşı başa düşür.
Azərbaycan hökuməti bu qitədəki humanitar problemlərə laqeyd qalmayaraq öz
imkanları çərçivəsində həm beynəlxalq təşkilatların xətti ilə, həm də
ikitərəfli əsasda humanitar fəaliyyətini genişləndirməkdə davam edir. Bununla
əlaqədar qeyd etmək istərdim ki, Azərbaycan hökuməti tərəfindən Xarici İşlər
Nazirliyi yanında yeni yaradılmış Beynəlxalq İnkişaf Agentliyi (AİDA)
dünyanın müxtəlif hissələrində, o cümlədən Afrika ölkələrində çoxsaylı
humanitar layihələr həyata keçirir. Bu gün AİDA İslam İnkişaf Bankı ilə strateji
tərəfdaşlıq çərçivəsində Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və
Liviyada səhiyyə sahəsində layihələri uğurla həyata keçirir. 2011-2012-ci
illərdə quraqlıq nəticəsində yaranmış humanitar böhranla əlaqədar
Burkina-Faso dövlətinə də maliyyə yardımı göstərilib.
Bununla bərabər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə beynəlxalq təşkilatlarla birlikdə Cənubi Sudanda
humanitar xeyriyyə aksiyası həyata keçirilib.
Hörmətli cənab sədr, Afrika qitəsində baş verən hadisələr qaçqınların və
məcburi köçkünlərin problemlərinin qarşısını real beynəlxalq əməkdaşlıq yolu
ilə almağın vacibliyini bir daha göstərir. Eyni zamanda, vurğulamaq lazımdır
ki, Afrika qitəsində uzun müddət davam edən məcburi yerdəyişmələr beynəlxalq
birlikdən bu problemin və onun uzun müddət həll edilməməsi səbəblərinin
hərtərəfli təhlil olunmasını tələb edir. Bütün bu yeni təhdidlər onların
həllinə kompleks yanaşma tələb edir.
Bununla əlaqədar sizə xatırlatmaq istərdim ki, insanların uzun müddət
yerlərini dəyişməsinə beynəlxalq birliyin laqeyd mövqeyi beynəlxalq sülh və
təhlükəsizlik üçün real təhdiddir. Biz bunu nəzərə alaraq beynəlxalq birliyi
ədalətli mövqe nümayiş etdirməyə, humanitar xarakterli fəaliyyətlə
kifayətlənməməyə və problemin səbəblərinin aradan qaldırılması üçün zəruri
siyasi addımlar atmağa çağırırıq. Bununla əlaqədar biz ali komissarın
beynəlxalq əməkdaşlığa, gələcəkdə zorakı yolla yerdəyişmələrin qarşısını
almaq məqsədi ilə münaqişələrə son qoyulması üçün siyasi əzmkarlıq göstərmək
barədə çağırışına şərik olduğumuzu bildiririk.
Qeyd etdiyim kimi, Azərbaycan uzun müddət daxili köçkünlərin problemlərindən
əziyyət çəkən ölkələrdən biridir. İyirmi ildən artıq keçməsinə baxmayaraq,
azərbaycanlıların öz doğma torpaqlarına qaytarılması məsələsi həll edilməmiş
qalır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna bitişik rayonlar
tamamilə dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş
ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat
dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş
ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını
təsdiqləyib. İşğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və
məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir.
Ölkədə qaçqınlar və məcburi köçkünlər problemi yaranan vaxtdan Azərbaycan
hökuməti ona həvalə edilmiş vəzifələri yerinə yetirir. BMT QAK da daxil
olmaqla bir sıra beynəlxalq donorların köməyi ilə ölkə hökuməti qaçqınların
və daxili köçkünlərin problemlərinin həll edilməsi üçün çoxsaylı tədbirlər
görür. Cənab Quterreş Azərbaycana səfərləri zamanı dəfələrlə bu
nailiyyətlərin şahidi olub və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən
tədbirlərə verdiyi yüksək qiymətə görə ona təşəkkür edirik.
Bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın
ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının
məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub. Onlardan biri –
məcburi köçkün Həsən Həsənov əsir götürülərkən öldürülüb. Erməni tərəfi bu
dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar
ermənilərin əlində əsirdir və orada qeyri-insani rəftara məruz qalırlar.
Bütün bunlar beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasının
kobud şəkildə pozulmasıdır. Biz əsirlikdə olan həmvətənlərimizin dərhal
qaytarılmasını, habelə Həsənovun meyitinin bizə verilməsini tələb edirik.
Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq
təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən
vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq.
Daha sonra qeyd etmək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq
təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi,
azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan
yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son
dərəcə vacibdir.
Sonda bir daha qeyd etmək istərdim ki, daxili köçkünlərin hüquqları ilə bağlı
problemlərin həlli və onların müdafiəsi hərtərəfli yanaşma, o cümlədən
müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasını tələb edir. Bu, həm
də daxili köçkünlərin problemlərinin həllində çox mühüm addım olardı. Bu
şərtlə ki, bütün tərəflər öz öhdəliklərini yerinə yetirsinlər.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra Afrikanın Somali, Cibuti, Burkina-Faso, Çad və digər ölkələrinin
nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Azərbaycan Prezidenti İlham
Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun iştirakı ilə həmin ölkələrdə
həyata keçirilən humanitar layihələrə görə minnətdarlıq ediblər. Onlar
beynəlxalq təşkilatlar istisna olmaqla heç bir dövlətin nümayəndələrinin öz
çıxışlarında Afrika ölkələrinə dəstək olaraq konkret layihələr göstərə
bilmədiklərini, lakin Azərbaycanın bir sıra Afrika ölkəsində konkret layihə
həyata keçirdiyini qeyd ediblər.
X X X
İclasdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənovun BMT-nin
Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş və Somalinin xarici işlər
naziri Hon Buri Hamza ilə görüşü olub.
Somalinin xarici işlər naziri görüşdə qaçqın problemindən əziyyət çəkən
ölkəsinin böhran vəziyyətindən çıxması üçün dünya ictimaiyyətinin, xüsusilə
də müsəlman ölkələrinin dəstəyinə ehtiyac duyduğunu bildirib. O, Somaliyə,
ümumilikdə Afrika qitəsinə göstərilən diqqətə görə Azərbaycana təşəkkür edib.
Əli Həsənov qeyd edib ki, müsəlman ölkələri ilə əməkdaşlığı dərinləşdirmək Azərbaycan
Prezidenti İlham Əliyevin birmənalı mövqeyi və dövlətimizin strateji
istiqamətidir. Ona görə, Azərbaycan böyük ölkə olmasa da, öz resursları
çərçivəsində həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli münasibətlər
müstəvisində təbii fəlakətlər və hərbi təcavüz nəticəsində zərər çəkən
müsəlman bacı-qardaşlara daim dəstək olmağa səy göstərir və ölkəmiz hazırda
müxtəlif layihələr çərçivəsində 10-a yaxın Afrika dövlətinə yardım edir.
Sessiyanın ilk günü başa çatdıqdan sonra qaçqınların problemlərinin həlli ilə
məşğul olan təşkilatlara və şəxslərə “Nansen” mükafatının təqdim edilməsi
mərasimi keçirilib.
Sessiya öz işini oktyabrın 3-də başa çatdıracaq.
|
|
Комментариев нет:
Отправить комментарий